“Azərbaycan hakimiyyəti baş nazir Paşinyanın Qarabağla bağlı danışıqlarda müəyyən güzəştlərə getməsi üçün ona müəyyən məkan yaratmağa çalışır. Odur ki, Bakı hazırda özünü çox müdrik aparır”.
Strateq.az bildirir ki, bu sözləri Karnegi Fondunun əməkdaşı, Cənubi Qafqaz üzrə tanınmış ekspert Tomas de Vaal “OC Media”-ya verdiyi müsahibədə münaqişə ilə bağlı tərəflərin son addımlarını şərh edərkən bildirib.
Ekspert Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün mühüm olan detalları qeyd edib: “Saziş sülhə əsas verən hansısa səbəblərə söykənməlidir. Bunlardan biri erməni tərəfinin nəzarətində olan və Qarabağdan kənarda yerləşən 7 rayondan bir neçəsindən imtina etməkdir. Bu baş verməlidir. Amma Azərbaycan tərəfi buna həddən artıq nikbin yanaşır. Erməni lideri üçünsə 20 il əvvəl tutulmuş bu ərazilərdən imtina etmək çox çətindir”.
T. de Vaal qeyd edib ki, indi Ermənistanda münaqişənin ölkəyə necə baha başa gəlməsi, sülhün vacibliyi barədə debatların başlanmasını gözləmək olar: “Bu mümkündür, lakin uzunmüddətli məsələdir. Biz hər şeydən əvvəl müharibə illərindən, 2016-ci ilin aprelindəki “kiçik müharibədən” danışırıq. Beləliklə, çox ağır bir daşın yavaş-yavaş itələnməsindən söhbət gedir. Bir neçə kiçik təşəbbüs bu daşı hərəkətə gətirməyəcək, biz daha böyüyünü görmək istərdik”.
Ekspert müqayisə üçün Dnestryanı və Kipr münaqişlərini göstərib: “Bu münaqişələrə baxın. Burada miqyas daha böyükdür, münaqişə zonası sayılan ərazilərdə minlərlə insan sərbəst şəkildə hərəkət edir, zorakılıq təhlükəsi yoxdur. Buna baxmayaraq, onlar fundamental məsələlərdə razılığa gələ bilmirlər”.
T. de Vaalın sözlərinə görə, qaynar xətlər, XİN rəhbərlərinin azsaylı görüşləri və çılğın hərbi ritorikanın müəyyən qədər səngiməsi, şübhəsiz ki, müsbətdir: “Amma biz vicdanla deməliyik ki, biz çox aşağı bazadan başlayırıq. Elə bir bazadan ki, burada iki dövlət faktiki olaraq müharibə həddindədir…”