XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 17:50

Fəzail Ağamalı:"Qısa zaman kəsiyində bu sahədəki narazılıq ortadan qalxacaq"

“Prezidentin  yeni binaların sənədləşməsi ilə bağlı fərmanı ciddi əhəmiyyət kəsb edir. Bu, uzun illərdən bəri çoxsaylı soydaşlarımızı narahat edən problemlərin  birdəfəlik və həmişəlik həlli üçün imzalanmış sənəddir”.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, ölkə prezidenti artıq yanvardan başlayaraq ciddi sərəncam və fərmanlara imza atır:

“Bilirsiniz, bundan öncə aztəminatlı insanlara, pensiyaçılara, eyni zamanda tələbələrə verilən təqaüdlərin artırılması ilə bağlı mühüm qərarlar verilib. Yeni binaların sənədləşməsi ilə bağlı fərman da gözlənilən idi. Prezident cəmiyyətdə özünü göstərən bu və ya buna bənzər zəruri, aktual məsələləri hər zaman diqqətdə saxlayır, müvafiq addımlar atır. Düşünürəm ki, yeni fərmanla bir çox insanın narahatlığına son qoyulacaq. Bu sənəddə həm də həmin mənzillərin istismara verilməsi qaydası xeyli dərəcədə sadələşdirilib. Bunu reallaşdırmaq üçün konkret icra strukturlarına tapşırıqlar verilib. Bir sözlə, vətəndaşlar  istismara verilmiş  mənzillərinin sahibi olacaqlar.  Daha bir üstün cəhət odur ki, bu proses tam şəffaf şəkildə, hər hansı süründürməçiliyə, neqativ hala yol vermədən yerinə yetiriləcək. Bunlar haqqında bütün məlumatlar qısa zaman kəsiyində ölkə prezidentinə təqdim olunacaq. Əminəm ki, bundan sonra da cəmiyyətimizi narahat edən məsələlər  prezidentin kompleks sərəncam, qərarları ilə aradan qaldırılacaq”.

F.Ağamalı qeyd edib ki, problemlər istiqamətində millət vəkillərinin söylədiyi bütün fikirlər xeyirxah məqsəd daşıyır:

“Elə binalar var ki, tamamlanıb, amma istismara verilməyib. Bütün işləri hazır olan, sadəcə olaraq istismara verilməyən mənzillərlə bağlı bu və ya digər strukturların fərqli yanaşmaları var idi. Yeni fərmanla  prezident müxtəlif yanaşmaları sistemləşdirdi və konkret olaraq qurumlar qarşısına vəzifələr qoydu. Bu və ya digər səbəbdən tikintilərin dayandırılması ilə bağlı hallar da ölkə başçısı tərəfindən xüsusi tapşırıq verilərək araşdırılır. Qısa zaman kəsiyində də bu sahədəki narazılıq ortadan qalxacaq. Qaydalara, standartlara cavab verən tikinti işləri əlbəttə, davam edəcək.  Kimsə standartlara uyğun hərəkət etmirsə, layihədən kənara çıxırsa – hesab edirəm, onlara da öz layihələrində düzəliş etməklərinə imkan veriləcək ki, bütövlükdə tikinti sektorunda iş daha canlı olsun. Millət vəkillərinin söylədiyi bütün fikirlər xeyirxah məqsəd daşıyır. Burada kiminsə ünvanına subyektiv münasibətimiz ola bilməz. Şəxsən mənim belə münasibətim yoxdur.  Mən ölkə prezidentinin siyasətini bütün varlığımla müdafiə edən, onun reallaşması üçün millət vəkili, vətəndaş olaraq fəaliyyətini ortaya qoyanlardanam. Bu baxımdan arzulayardım ki, mənim xeyirxah, dövlətçiliyimizə və prezidentimizin siyasətinə xidmət edən mövqeyimin kiminsə ünvanına deyilmiş olan subyektiv münasibət kimi dəyərləndirilməsin”.