XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2019 - 09:48

Moldovada seçkilərdə rusiyapərəstlər önə çıxdı, amma… –Prezident təkrar seçkidən danışır

Moldovada fevralın 24-də keçirilən parlament seçkisində rusiyapərəst Sosialist Partiyası səslərin çoxunu qazanıb. Bu seçki yoxsul Şərqi Avropa ölkəsinin Moskvaya, yaxud Avropaya Birliyinə yaxınlaşacağını müəyyənləşdirə bilər.

Artıq bülletenlərin 97 faizə yaxını sayılıb. Moldova Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 25-də bildirib ki, Sosialistlər səslərin 31,7 faizini qazanıb. Iqor Dodon Moldova prezidenti postuna keçənədək bu partiyaya sədrlik edib.

Seçkiyə antikorrupsiya platforması ilə getmiş avropapərəst ACUM koalisiyası isə 25,5 faiz səslə ikinci yerdədir. O, hakim Demokratik Partiyadan 16 min çox səs toplayıb. Hakim partiya 24,3 faizlə üçüncüdür.

Dodon Sosialist Partiyası ilə birlikdə Moskvayla əlaqələrin sıxlaşdırılmasını, Demokratlar isə Rusiya və Qərb arasında balanslı əlaqələrin yaradılmasını istəyir. Mühafizəkar Shor Partiyası 8,6 faiz səs yığıb və o da parlamentdə yer tutacaq.

Amma partiya siyahıları hələ növbəti parlamentin mənzərəsini müəyyənləşdirmir. Moldovanın seçki qanunvericiliyinə görə, 101 yerlik parlament qarışıq sistemlə formalaşır. 50 yeri partiya siyahıları üzrə seçilmiş deputatlar, 51-ni isə namizədliyini fərdi qaydada seçilənlər tutacaq. Bu gün axşama doğru mənzərə bəlli olacaq.

Rəy sorğuları Sosialistlərin daha çox yer qazanacağını, amma heç bir partiyanın hökuməti formalaşdırmağa gərəkən çoxluğu əldə edə bilməyəcəyini göstərib. Müşahidəçilər seçkidən sonra ölkədə bir müddət sabitsizlik yaranacağından ehtiyatlanırlar.

MSK seçkinin böyük insident olmadan baş verdiyini desə də, həm rusiyapərəst, həm də AB-yönlü partiyalar hakim Demokratları kütləvi saxtakarlıqda ittiham edib. Məntəqələr bağlanandan sonra ACUM koalisiyasının lideri Maya Sandu deyib ki, seçkilər “azad, ədalətli və demokratik olmayıb. Bu, Moldova tarixində ən az demokratik seçki idi”, – o deyib.

Dodon isə fevralın 24-də gələn aylar ərzində daha bir seçki keçirməyin mümkünlüyünə toxunub.

“Parlament çoxluğunu qazanan yoxsa, məncə, onu formalaşdırmağa cəhdlər olacaq, amma bir neçə aya daha bir seçki keçirmək riski böyükdür”, – Dodon jurnalistlərə deyib. MSK səsvermə hüququ olanların 49 faizinin seçkiyə getdiyini bildirib.

Separatçı Dnestryanı bölgəsilə sərhəd kəndlərdə seçki məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Onlardan bəziləri “Azadlıq” radiosuna Dnestryanı bölgədən xüsusi avtobuslarla gətirildiklərini, səsvermədən sonra onlara 3-9 dollar ödənəcəyi barədə söz verildiyini deyiblər.

Sosialistlər və Demokratlar bir-birlərini səsləri satın almaqda suçlayıblar. Seçki orqanları məsələnin araşdırılacağını deyib.

(Azadlıq radiosu)