XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 13:27

Əliməmməd Nuriyev 55 yaşını qeyd edir:“Cəmiyyətdəki hazırkı yerimdən razıyam” (MÜSAHİBƏ)

Bu gün tanınmış hüquqşünas, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevin 55 yaşı tamam olur. Modern.az saytı doğum günündə Əliməmməd Nuriyevdən müsahibə alıb.

– Əliməmməd müəllim, öncə sizi doğum gününüz  münasibətilə təbrik edirik. Adətən 70 yaşından yuxarı şəxslər doğum günləri mövzularına çox  könülsüz yanaşırlar. Görünür, qocalmaqdan qorxurlar.  Maraqlıdır, bəs  siz doğum günlərinə necə yanaşırsız?

– Təbrikə görə çox sağ olun. Həyatda bir çox məsələlər var ki, ona nail ola bilməmişik. Görməli olacağımız işləri hələ tamamlamamışıq. Ancaq o tərəfdən narahatıq. Başqa məsələlərlə bağlı narahatlığımız yoxdur. Allah verən ömür var və onun nə zaman tamamlanması iradəmizdən asılı olan məsələ deyil. Nə vaxt Allah məsləhət bilərsə, o zaman da tamam olar. Sadəcə narahatlığım zamanın sürətlə keçməsi, böyük hesabatın verilməsinə olan müddətin daha tez ötməsi ilə bağlıdır. Hər gələn il ötən illərə baxış üçün bir fürsətdir, imkandır. Bu illər ərzində nələr etmisən, nələrə nail olmusan, nələr itirib nələr qazanmısan, nə dərəcədə faydalı olmusan?!

– Maraqlı məqama toxundunuz. Böyük hesabatın verilməsinə olan müddəti analiz etdiniz. Bir qədər ötən illərinizə nəzər salanda  Milli Məclisin II çağırış deputatı da olduğunuzu  görmək olur. Qarşıdakı illərdə sizi yenidən deputat seçkilərində görə bilərikmi?

– Düşünürəm ki, insan yaşa dolduqca, onun müəyyən hədəflərə çatması ilə bağlı olan istəkləri daha da şiddətlənir. Çünki zaman keçir. Ona görə də o hədəflərə çatmağa tələsirsən. İcra etmək barədə düşünürsən. Hesab edirəm ki, Milli Məclisin üzvü kimi ölkəmə, xalqıma faydalı işlərlə məşğul ola bildim. Ən əsası böyük təcrübə qazandım. Sonrakı müddətdə Milli Məclisin üzvü olmasam da, yenə də qanunvericilik və digər sahələrdə öz fikir, düşüncə, təkliflərimi söyləyirdim, onların həyata keçirilməsi ilə bağlı müəyyən məsələlərin həllinə də nail ola bilirdim. Proses davam edir. İnsanın bu və ya digər yerdə olması bəzi məsələlərin sürətli həllinə kömək edə bilər. Bu heç də o demək  deyil ki, hansısa yerdə olmamaqla qarşına qoyduğun məsələləri həll edə bilməzsən. Biz onu da görürük ki, bəzi şəxslər ən yüksək yerlərdə olurlar. Amma onların cəmiyyət üçün etdiklərinə siz daha yaxşı qiymət verə bilirsiniz. Cəmiyyətdəki hazırkı yerimdən razıyam. Prinsiplərimə söykənərək işlərimi görürəm. Dövlətin möhkəmlənməsinə, yaxınlarıma, ətrafımdakılara fayda verməyə çalışıram. İynənin ucu boyda da olsa insan faydalı nəsə edərsə, bu, onun Allah qarşısında müəyyənləşdirilən  vəzifəni yerinə yetirməsi də sayıla bilər. Əsas məsələ cəmiyyət üçün faydalı ola bilməkdir. Çalışıram ki, bu işləri doğru qiymətləndirim.

– Çalışdığınız sahə bir qədər çətindir. Hüquqşünas olaraq insanların hüquqi problemləri ilə məşğulsuz. Sizə müraciətlər də çox olur.  Yorulduğunuz məqamlar olurmu?

– Belə deyək də, yorulduğum anlar olur. Bu yorğunluq uzunömürlü olmur. Bir qədər keçən kimi aktiv işlərimə davam edirəm. Bu yorğunluq daimi xarakter almır. Mənə görə, insan yorulduğu an bitir. İnsan Allahın ona bəxş etdiyi ömrün sonuna qədər çalışmalı, hərəkətdə olmalıdır. İnsan heç zaman yorulmamalıdır. Yorulmaq və problem olmamaq dedikdə həyat bitər. Həyata başqa cür yanaşmalıyıq.

– Vaxtaşırı təkrarlanan məqam var. Mediadakı həmkarlarımız ildırımsürətilə sizə müraciət edir. “Yeni il qabağı əfv olacaqmı? Novruz qabağı əfv olacaqmı?” soruşurlar. Bu qədər “hücumların” arasından Əliməmməd Nuriyev necə çıxır?

– İşimiz, fəaliyyətimiz odur ki, media nümayəndələri sual verirsə, deməli fəaliyyətimiz var. Eyni zamanda, media hər zaman diqqətli olmalıdır. Media ilə dost olmaq lazımdır. Onun  qarşısına qoyduğu vəzifə var. Maksimum dərəcədə o informasiyanı verməyə çalışmalısan. Bu “hücumlardan” qorxmuram. Çalışıram ki, hər dəfə məzmun etibarilə fərqli cavablar olsun. 2019-cu ilin yanvarından başlayaraq cənab prezident hər gün insanları sevindirir. Elə dünən problemli kreditlərlə bağlı böyük fərman oldu. İnanıram ki, cənab prezident  Novruz bayramı ərəfəsində də məhkumlarımızı sevindirəcək. Çünki Əfv Komisiyasının iclasları davam edir. Ötən il Cümhuriyyətimizin 100 illiyi ilə bağlı böyük miqyaslı əfv sərəncamı verildi. 634 nəfər azadlığa buraxıldı. Düşünürəm ki, Novruz bayramında da ənənəvi olaraq yenə də məhkumları, məhkum ailələrini  sevindirəcək. Qeyd etməliyəm ki, bunlar prezidentimizin müstəsna konstitutsion səlahiyyətləridir. İnanıram ki, Novruz bayramı ərəfəsində əfv sərəncamının şahidi olacağıq.

– Əfv olunub azadlığa çıxan insanlar arasında sizi axtarıb təşəkkür edənlər olubmu?

– Əfvlə bağlı mənə onlarla adam müraciət edir. Əfv Komissiyasının üzvü kimi mənə daxil olan müraciətləri Əfv Komissiyasının katibliyinə göndərirəm. Sonradan həmin şəxslərlə bağlı məlumatlar toplanır və Əfv Komissiyasının iclaslarına təqdim olunur. Əfv Komissiyası kollegial qurumdur və tövsiyə xarakterli qərarlar qəbul edir. Eyni zamanda, mənə müraciət edənlər sırasında da sonradan görürəm ki, cənab prezidentin əfv sərəncamında adları çıxanlar var. Hər edilən müraciəti qanunvericilik çərçivəsində icra etməyə çalışıram. Müraciət edənlərə bəri başdan “sən əfvə düşəcəksən” deyib o gözləntini vermirəm. Çünki son qəti qərar cənab prezidentə aiddir. Bütün təşəkkürlər və minnətdarlıq ölkə başçısınadır. Biz o təşəkkürləri çatdırırıq.

– Yenə də doğum gününüzə qayıtmaq istədim. Bu qədər gərgin işlərin içində doğum günləri keçirməyi sevirsinizmi?

– Artıq 3 ildir ki, bir qayda olaraq doğum günü keçirtmirəm. Çünki məhz bu tarixdə qardaşım vəfat edib. Ona görə martın 1-i mənim üçün ikili xarakter daşıyır. Amma dostlarımız, mediadakı həmkarlarınız təbrik edir. Bu günlə bağlı çoxlu təbriklər alıram. Hər kəsin təbrikini də sevə-sevə qəbul edirəm. Ancaq martın 1-ni evimdə ayrıca xüsusi gün kimi keçirmirəm. Əlbəttə, övladlarım üçün mənim doğum günüm önəmlidir. Eyni zamanda, mənə yaxın olan insanların doğum günlərinə qatılıram.Doğum günü insanların diqqətini gördüyümüz gündür. İnsan hər gün diqqət istəyir. Ancaq doğum günü xüsusi gündür ki, eyni anda bütün insanların diqqəti sənin üzərinə yönəlir. Bu da pozitiv bir şeydir. Belə deyək də. Həyatdır, onu daha yaxşı məsələlər uğrunda çalışıb yaşamaq lazımdır.

– Yəqin ki, əvvəllər doğum günlərinizdə hədiyyə aldığınız məqamlar olub. Ümumiyyətlə sevirsinizmi hədiyyə almağı?

– Doğrusu, insanların, dostların, səni sevənlərin diqqəti ən böyük hədiyyədir. Bunun özü ən gözəl qiymətləndirmədir…