XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 21:49

Elmar Məmmədyarov:"Azərbaycan Fələstin xalqının sülh uğrunda mübarizəsini dəstəkləyir"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Pyer Krahenbulu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin yenidən rəhbəri seçilməsi münasibətilə təbrik edib, ona yeni dövr fəaliyyətində uğurlar arzulayıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın qardaş Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsində dəstəklədiyini vurğulayaraq, ölkəmizin Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, “iki dövlət” həllini davamlı olaraq dəstəklədiyini ifadə edib. Həmçinin nazir Elmar Məmmədyarov Qüds ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mövcudluğunu xatırladıb.

BMT Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul, öz növbəsində, səmimi təbrikə görə təşəkkürünü bildirib, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi münasibətilə nazir Elmar Məmmədyarovu təbrik edib.

Sonra P.Krahenbul ABŞ tərəfindən UNRWA-ya edilən yardımların dayandırılmasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən göstərilən yardımları yüksək qiymətləndirib və bu xüsusda, Azərbaycan tərəfinə Agentliyin fəaliyyətinə verdiyi dəstək və maliyyə yardımı üçün təşəkkürünü bildirib. Fələstin münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşən P.Krahenbul münaqişənin həllinin 5 milyon fələstinli qaçqının probleminin həllinə zəmin yaradacağını vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.