XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2019 - 12:21

Deputat Elman Nəsirov:"Demədiyim sözləri adıma çıxarırlar"

“Son zamanlar sosial şəbəkələrdə saxta profillər vasitəsilə demədiyim sözləri adıma çıxarırlar. Guya mən demişəm ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda zəlzələ daha çox olurdu, amma indi belə deyil və yaxud da dövlət bayrağının üzərindəki ulduz və gerb götürülsün, Heydər Əliyevin şəkli qoyulsun. Səviyyələri və savadları çatmır ki, inandırıcı şeylər yazsınlar. Bunların hamısı yalandır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib: “Demədiyim sözü mənim adıma necə yaza bilərlər? Mənbəni göstərsinlər? Belə bir açıqlamanı hara vermişəm, harada yazmışam? Mənbə göstərə bilmirlər. Bu, kişilikdən tamamilə uzaq məsələdir”.

Deputat bu cür halların davam edəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini qeyd edib: “Bu cür hallar davam edərsə, hüquqi müstəvidə addım atacağam. Bəzi insanlar bilməlidir ki, insanların şərəf və layəqətini alçaltmaq olmaz, bunun cəzası var. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəzalar nəzərdə tutulub. Belə insanlar məsuliyyətə cəlb edilməlidir. Hiss olunur ki, cəza mexanizminin həyata keçirilməsi ilə bağlı boşluq var. Baxın, sosial şəbəkələrdə kim nə istəyir, yazır, təhqir edir, insanların şərəf və ləyaqətini alçaldırlar. Xaricdə bəzi şəxslər dövlət başçısını, ayrı-ayrı məmurları təhqir edirlər. Onların əsas silahı təhqir və böhtandır. Bunun üçün müəyyən addımlar atmaq lazımdır. Təsəvvür edin ki, həmin təhqir edənləri məhkəməyə versək, cəzalandırsaq, onlar şou yaradacaqlar. İddia edəcəklər ki, həmin şəxslər “siyasi məhbus”durlar. Bunun nəyi “siyasi məhbus” olur? Qaragüruhçu qüvvələrin sivil müstəvidə polemikaya girmək gücü yoxdur. Sadəcə, bədbəxt insanlardır…”