XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 10:01

“Əli-ayağı sarınmış əsirə bənzəyirik” –Erməni və iranlı rəsmilərin aşağılayıcı bəyanatlarına niyə cavab vermirik?
İlham İsmayıl

Birini əsir götürəndə əlini, ayağını bağlayıb stulda otuzdurur, sonra da ağzına bir skoç vurub deyirlər ki, səsin çıxmasın. Hərdən də üzünə söyürlər. Teleseriallarda, filmlərdə olan səhnələrdən danışmıram. Söhbət bizdən gedir. Nə qədər səbrimi basıb, “indi cavab verilər, sabah verilər” deyə, əzablı fikirlərə qərq olub gözləsəm də.., bizdən səs çıxmadı. Son bir həftədir Ermənistanın rəsmiləri-Paşinyandan tutmuş milli təhlükəsizlik nazirinə qədər olan məmurlar Azərbaycanı aşağılayan elə bəyanatlar verirlər ki, özünə hörmət edən kəs bunlara mütləq cavab verməli idi. Variantlar da çoxdur. Cəbhə xəttindən başlamış, adi sözə, bəyanata kimi imkanların mövcud olduğu bir vaxtda biz hələ də susuruq. Diqqət edək: 

İlk bəyanatı Nikol Paşinyan İrana rəsmi səfəri zamanı verdi. İsfahanda erməni icması ilə görüşündə bildirdi ki, bu gündən sonra Ermənistanın və diasporanın ayrılıqda fəaliyyəti olmayacaq, bizim ümummilli gündəmimiz var – Qarabağ. Faktiki olaraq Paşinyan bizi dünya erməniləri ilə hədələdi. O yerdə ki, deyilənə görə 30 milyon Azərbaycan türkü yaşayır. İsfahandakı  yığıncaqda “Qarabağ Ermənistanındır və son” pankartı da Ermənistandan çox İranın arzusu və mövqeyinin təzahürü idi.  Baxmayaraq ki,  İranın həmin gün Paşinyandan da vacib qonağı var idi- Suriya prezidenti Bəşər Əsəd.Amma, məhz Xocalı soyqırımı günü Ermənistan baş nazirini səmimi qəbul etmək, Azərbaycana olan münasibətin göstəricisi idi. Əslində İran və Ermənistan arasında bu görüş zamanı iki standart razılaşmadan başqa ciddi siyasi-iqtisadi bir sənəd imzalanmayıb, amma burda hər iki ölkənin hədəfi Azərbaycana münasibətdir. İran XİN-in nümayəndəsi Kəsəminin açıqlamaları isə Güneydəki soydaşlarımızın reaksiyasının nəticəsidir. Bizim rəsmi mövqemiz ortada yoxdur.

Biz, sosial şəbəkədən başqa harda cavab verdik Ermənistanın baş nazirinə? Yoxsa, İranın buradakı səfirinə çağırıb nəsə dedik? Bəlkə əl-altdan zərbə vurmuşuq? Bütöv Azərbaycan Ocaqları qeyri-hökümət təşkilatının təşəbbüsü ilə keçirilən dəyirmi masadan başqa, ölkənin heç bir rəsmi qurumu kəskin münasibət bildirmədi. Heç dövlət televiziyasında tanınmış ictimai xadimlərin müzakirəsi də təşkil olunmadı ki, dolayısı ilə hər iki dövlətə cavab verilmiş sayılsın.

Erməni rəsmilər Rusiyada da kəskin bəyanatlar verdilər. Rusiya Dövlət Dumasında çıxış edən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Rusiyanı Qarabağ məsələsində yalnız Ermənistanın yanında olmağa borclu olduğunu vurğuladı. Faktiki olaraq şimal ölkəsinə ultimatum verdi ki, əks tədqirdə onlar daha etibarlı tərəfdaş axtaracaqlar. Deyə bilərsiniz ki, buna Rusiya cavab verməlidir, biz yox. Söhbət bizim passivliyimizdən gedir. Mən Rusiya Dövlət Dumasında bizim hansı rəsmimizin son dəfə çıxış edib Qarabağ konfliktində Rusiyanın beynəlxalq hüquqa uyğun olaraq bizim ərazi bütövlüyümüzü dəstəkləməyini bəyan etdiyini xatırlamıram. 

Ermənistanın müdafiə naziri David Tonoyan da keçən həftə bildirdi ki, Ermənistan bundan sonra hərbi doktrinasında müdafiə variantına deyil, hücum variantına da baxacaq. Jurnalistin: ”…yəni erməni ordusu hücuma keçə bilər” sualına – “Əlbəttə” cavab vermişdi. Ermənistanın hədəfində Azərbaycandan başqa hücum edəcəyi ölkə yoxdur. Bizim rəsmi cavabımız isə həqiqətən acınacaqlı idi. “Tonoyanın cavabı hərbiçidən çox, təbliğatçının çıxışına bənzəyir” kimi yumşaq cavabla özünüzü sülhpərvər göstərmədiniz, ordudan sərt bəyanat, ya hərəkət gözləyən vətəndaşı bir az da ruhdan saldınız. Əvvəlki müharibə ritorikasından, hamının lağ yeri ” lazım”dan ötrü camaatın burnunun ucu göynəyir, bilirsinizmi? O da yox olub.

Həftənin bəyanat akkordunu isə Ermənistanın Milli təhlükəsizlik naziri Artur Vanesyan vurdu. Qarabağa sonuncu səfərində,bu təzə nazir bildirdi ki, heç bir torpaq təhvilindən söhbət gedə bilməz və heç kim buna hazırlaşmır. Əksinə, Araz çayı sahilində, İranla Azərbaycanın sərhədində yeni şəhər salmağın anonsunu verdi. Arazı bir daha  bizim yaralı yerimizə çevirməyin perspektivindən danışdı.

Bu bəyanat, ümumiyyətlə sükutla qarşılanıb. Indiyədək işğal edilmiş rayonlarda məskunlaşma ilə məşğul olan və xeyli obyektlər tikib yaradan ermənilər təzə şəhər də salmaq niyyətindədirlər. Sabah bu tikintidə İranın iştirak edəcəyi az şübhə yaradır. Paşinyanın dediyi “bütün dünya ermənilərinin bir gündəmi”nin də bu şəhərin tikintisinin olmayacağına kim zəmanət verir?

Ürəyimdə Vanesyana cavabım: “Azərbaycan Ordusunun və Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri o şəhərin bünövrəsi qoyulan gün orda daşı-daş üstə qoymayacaq! Ardınca işğal bölgəsində məskunlaşmanın bütün obyektlərini və canlı hədəflərini məhv edəcək! Bundan sonra danışıqlar masasına əyləşmənizi biz xahiş etməyəcəyik!” 

Və.., və bizə, mənə xarici siyasətin özəlliklərindən, olmayan diplomatiyadan, əl altdan aparılan işlərdən danışmayın. Pis-yaxşı, hələ də aprel döyüşləri ilə fəxr edirik. Atəşkəsdən 22 il sonra baş vermiş üçgünlük bir döyüşlə. Hansısa “kreativ” görüş məğlub vəziyyətimizdə bizə ruh vermir, cavabı verilməyən düşmən bəyanatları da bir tərəfdən sarsılan runumuzu daha da ümidsizləşdirir. Niyə dillənmirik? Niyə hərəkət etmirik? Vəziyyətimizə baxanda, bu gün əli-qolu bağlanmış, ağzı sarınmış əsiri xatırladırıq. Ruhumuz ölür bu əsir vəziyyətdə. Belə olmaz!