Əziz Rzazadə
“Strateq”, 07.03.2019
“Diplomasi İrani” Bəhram Əmirəhmədianın “Azərbaycanın İrana cahil həmləsi” adlı məqaləsini dərc edib.
Mənim təcrübəmdə bu, Tehran Universiteti dünya araşdırmaları fakültəsi, siyasi coğrafiya kafedrasının dosenti Bəhram Əmirəhmədianla ikinci “əyani tanışlıqdır”.
Müəllifə aid ilk yazını rəsmi İRNA agentliyinin təsisçisi olduğu “İran” qəzetində oxumuş və tərcümə etmişəm.
“Azərbaycanın İrana cahil həmləsi” adlı məqaləni dərc etmiş “Diplomasi İrani” (“İranian Diplomacy”) də, anladığım qədər, İran Xarici İşlər Nazirliyinə bağlı nəşrdir.
Məqalə fevralın 11-də (22 Bəhmən) keçirilən təntənəli mərasimdə İran prezidenti Həsən Ruhaninin çıxışına bir sıra Azərbaycan veb-saytlarının təpkisinə həsr olunub.
Müəllif yazır: “Bir tərəfdən, Həsən Ruhani Bakı mətbuatının diqqətini özünə çəkib, digər tərəfdən, Qafqazın, İran və Rusiya arasındakı müharibələrin tarixinə, o cümlədən rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrinə dair saxtakarlıq etmə üçün fürsət yaranıb”.
İran prezidentinin 22 Bəhmən çıxışına münasibət bildirən saytlardan biri “Strateq.az”, həmçinin yazı müəllifi kimi şəxsən mənəm. Odur ki, əməkdaşı olduğum saytın və özümün “hədəfə alındığını” güman etməkdə yanılmıram.
Nə gizlədim, həqiqətən, Azərbaycan mediasında və sosial şəbəkələrdə Həsən Ruhaninin çıxışı ilə möhtəkirlik halları həddən çox oldu. İran diplomatiyasının mətbəxini və ən vacibi fars dilini orta səviyyədə bilməyənlər belə, həmin çıxışı eninə-uzununa təhrif edib, ürəklərini boşaltdılar.
Amma özünü tərifləməktək çıxmasın, Bəhram Əmirəhmədianın yazdığı kimi, “qələmə və nəşrinə hörmət naminə ” Həsən Ruhaninin çıxışını “yalan”, “nadan mollaların təxəyyül məhsulu”, “cahillik” və s. söz və ifadələrlə yamaq vurub kefim istəyəntək yozmamışam.
“Ərazi iddiası” ifadəsinə gəlincə, bəli, o çıxışa diqqətlə qulaq asan hər bir kəs, istənilən qonşu ölkənin qələm sahibi və mediası Həsən Ruhaninin sözlərini məhz bu cür təfsir edib və edəcəkdi də.
Mətləbdən uzaqlaşmayım, “poetik girişdən sonra” “Azərbaycanın İrana cahil həmləsi” adlı məqaləsinin yerdə qalan hissəsində nə qeyd olunur?
Yenə bizi zehni inkişafdan geri qalmış, fiziki qüsurlu uşağa bənzətmə!
Müəllif “İran böyük regional gücdür və… kiçik dövlətlərdən qorxmur”, – deyə xəbərdarlıq etməkdən belə çəkinmir.
Onsuz da hər kəs öz rəyində qalacağından buna geniş yer ayırmaq niyyətində deyiləm, həm də özümə bir daha “tarixi ərazilər” mövzusunda yazmamaq sözü vermişəm.
Sözün düzü, bu sayaq iddialara əsla qıcıq olmuram, əksinə, dodağım qaçır. Çünki bu gün “imperiya keçmişi” anlayışına istinad edilsə, bütün dünya xəritəsi qayçılanmalı, sərhəd xətləri yenidən müəyyən edilməlidir.
O zaman elə siyasi tozanaq qalxacaq ki, Qiyamət Günü bütün bəşəriyyətə toyagetməli görünər.
Lap deyək ki, Azərbaycan Respublikasının ərazisi “tarixi İran torpağıdır”. İndi nə etməliyik, ağ bayraq qaldıraraq müstəqil bir dövləti qonşuya peşkəş verək?!
İşdir-şayəd, birdən eyni məntiqlə Makedoniyalı İsgəndərin varisləri və ya Xilafətin, yaxud monqol istilaçılarının xələfləri müasir İrana ərazi iddiası irəli sürərsə…
Qısası və son kəlmə olaraq, bu mənasız mübahisələrə bütün səviyyələrdə (ən azı) hər iki tərəfdə qalın bir nöqtə qoymaq vaxtıdır!