XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2019 - 17:51

Meriya Qarabağ mitinqinə razılıq vermədi –Səbəb

Qarabağ Komitəsinin martın 16-na elan etdiyi mitinqin keçirilməsini Bakı şəhər İcra Hakimiyyəti məqsədəuyğun hesab etməyib.

Bakı şəhər İcra Hakimiyyəti təşkilatçılara göndərdiyi məktubda mitinqin keçirlməsinin məqsədəuyğun olmamasını belə əsaslandırıb: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunması, tarixi ədalətin milli dövlətçilik maraqlarımız əsasında bərpa olunması istiqamətində möhtərəm prezidentimiz, cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır. Ermənistanın təcavüzkar siyasəti bütün görüş və yığıncaqlarda ifşa olunur. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı atılan addımlar və aparılan danışıqlar KİV-lərdə mütəmadi olaraq işıqlandırılır”.

Bakı meriyası bundan öncə Qarabağ Komitəsinin 2018-ci il noyabrın 24-də, dekabrın 15-də mitinqlə bağlı müraciətinə müsbət cavab verməyib.

Qarabağ Komitəsi fevralın 16-dakı toplantısında martın 16-da “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim qalacaq!”, “Təslimçi sülhə yox!”, “Qarabağda antiterror əməliyyatının başlanmasını tələb edirik!”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları ilə mitinq keçirlmək barədə qərar qəbul etmişdi.

Bundan öncə komitə 2018-ci il sentyabrın 29-da oxşar şüarlarla mitinq keçirib.

Qarabağ Komitəsi 2018-ci ilin yayında təsis edilib. Məqsəd kütləvi aksiyalar, elmi konfranslar, sərgilərin keçirilməsi ilə Qarabağ münaqişəsini daim ictmaiyyətin diqqətində saxlamaqdır. Quruma 17 ictimai birlik və hərəkat daxildir. Bunlar Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, İslam Partiyası, Ağ Partiya, Milli Demokrat Partiyası, Qarabağ Qaziləri Təşkilatı və digərləri, həmçinin fərdi qaydada Qarabağ müharibəsi iştirakçılarıdır.