XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2019 - 11:10

Fuad Qəhrəmanlı:“Faciə onda olardı ki, Azərbaycan xalqının içərisindən siyasi məhbuslar çıxmazdı..."

“Dostlarımız həbsdə olduğundan tam sevinə bilmirik. Biz bura kef etməyə yox, mübarizəmizi davam etdirməyə gəlmişik”.

Strateq.az xəbər verir ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı belə deyib. O, martın 17-də azadlığa buraxılıb. AXCP sədrinin müavini deyib:

“Faciə onda olardı ki, Azərbaycan xalqının içərisindən siyasi məhbuslar çıxmazdı, avtoritar hakimiyyət cəmiyyətə barmaq silkələyərdi və onun qarşısına kimlərsə çıxmazdı. Bu, bizim gücümüzdür ki, hakimiyyətin özbaşınalığı və zorakılığı qarşısında geri çəkilmədik. İnşallah, bunun nəticəsini görəcəyik”.

Fuad Qəhrəmanlı müxalifət partiyalarına, vətəndaş cəmiyyətinə, beynəlxalq təşkilatlara minnətdarlığını bildirib.

Xatırladaq ki, Fuad Qəhrəmanlı “Facebook” səhifəsində yazdığı statuslara görə, 2015-ci il dekabrın 8-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü. Qəhrəmanlı ittihamları qəbul etməyib, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

2017-ci il yanvarın 25-də məhkəmə Fuad Qəhrəmanlının 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı. O Nardaran hadisələri ilə bağlı statuslara görə, həbs edilmişdi.

2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfərin öldüyü bildirilib. Rəsmi bilgilərə görə, Nardaran hadisələri ilə bağlı 70-dən çox şəxs həbs edilmişdi. (azadliq.org)