XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2019 - 15:37

Qeyri-standart vəziyyət və KTMT-də əlavə qarışıqlıq:İrəvan güzəştlərə gedəcəkmi?
“Prinsipial təyinat yoxdur, təşkilata Ermənistanın, Belarusun, yaxud Qazaxıstanın rəhbərlik etdiyinin heç bir əhəmiyyəti daşımır”. 

Strateq.az Ordu.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov “Araçin Lratvakan” xəbər agentliyinə verdiyi müsahibəsində deyib.

O qeyd edib ki, KTMT-nin Baş katibinin təyinatının prinsipial əhəmiyyəti yoxdur.

“Bu iş Ermənistan öz namizədini geri çağırdıqdan sonra şişirdildi, qalmaqal yaşandı. Lakin buna əhəmiyyət verməyə dəyməz. Bundan başqa dəqiq bir proses var. Bu vəzifənin qəbul edilməsi müəyyən zaman 8-10 ay vaxt tələb edir. Əgər Ermənistanın yeni namizədi təsdiq edilsəydi, o zaman həmin namizəd hələ 8 ay vəzifəni qəbul edər və bundan bir neçə ay sonra onun səlahiyyət müddəti başa çatardı”, – deyə o vurğulayıb.

Tarasov yaranmış vəziyyəti qeyri-standart hesab edir və prosesin ətrafında əlavə qarışıqlıq yarandığını bildirir: “Digər tərəfdən, KTMT-nin Baş katibi vəzifəsinin simvolik xarakter daşıdığını dərk etmək lazımdır. Burada müstəqil qəraralar qəbul edilmir. Əgər Baş katibin müstəqil qərarvermə və digər səlahiyyətləri olsaydı, bu vəzifə ciddi müzakirə mövzusu ola bilərdi. Lakin hər bir qərar təşkilatda razılaşdırma yolu ilə qəbul edilir, hər bir şey ölkələrin rəhbərləri ilə razılaşdırılır. Prinsipial təyinat yoxdur, təşkilata Ermənistanın, Belarusun, yaxud Qazaxıstanın rəhbərlik etdiyinin heç bir əhəmiyyəti daşımır”.

Qeyd edək ki, TASS agentliyinə verdiyi müsahibəsində KTMT-nin Baş katibi vəzifəsini müvəqqəti icra edən Valeri Semerikov bildirib ki, namizədliyin razılaşdırılması ilə bağlı bütün zəruri proseslər və sənədlər hələ 2018-ci ilin dekabr ayından təşkilata üzv ölkələrə göndərilib.

Onun sözlərinə görə, razılaşdırma və sənədlərin imzalanması vaxtı müəyyən edilmədiyindən yeni Baş katibin nə zaman təyin ediləcəyini demək çətindir.

Daha öncə “Kommersant” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Ermənistan tərəfindən Belarusun Təhlükəsilik Şurasının rəhbəri Stanislav Zasın təyinatı barədə hələ də razılıq verilmədiyinə görə, KTMT qarşıdakı bir il ərzində Baş katibsiz qala bilər. Məqalədə qeyd edilirdi ki, Ermənistan Baş naziri ölkəsinin namizədinin təyin edilməsinə ümid edir.

Xatırladaq ki, 2018-ci il noyabrın 2-də tarixində Ermənistan tərəfinin təşəbbüskarlığı ilə KTMT-nin Baş katibi Yuri Xaçaturov bu vəzifədən geri çağırılıb. Yuri Xaçaturova qarşı Ermənistanda Konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməkdə, qanunvericiliyə əsasən 2008-ci ilin “1 Mart” hadisələri ilə bağlı ittiham irəli sürülüb.