XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2019 - 17:24

Prezidentin sabiq köməkçisindən maraqlı iddia:"O adamlar İnsanova deyil, prezidentə mesaj göndərirlər..."

“Mənə elə gəlir ki, bu tipli yersiz ittihamları Əli İnsanova qarşı irəli sürən adamlar, əslində, İnsanova deyil, prezidentə mesaj göndərirlər. Mesajlarının da məğzi odur ki, bu islahatlara ehtiyac yoxdur, nahaq siyasi məhbusları azad edirsən”.

Strateq.az xəbər verir ki, bu fikirləri Azərbaycan prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazov “demokrat.az” saytına müsahibəsində bildirib.

Sabiq səhiyyə nazirinin əfv sərəncamı ilə azadlığa buraxılmasını təqdir edən politoloq Əli İnsanovun üzərinə hücum təşkil edilməsinin  arxasında bəzi qüvvələrin marağının dayandığını bildirib: “Həqiqətən də, Əli İnsanovun azadlığa çıxması ölkə mətbuatının diqqət mərkəzində olan məsələdir. Mən hətta əfv sərəncamı verilən gün mətbuatı izlədim. Qəzet və saytlarda Əli İnsanovun azadlığa buraxılması ayrıca xəbər kimi təqdim olundu. Yəni başlıqlar gedirdi prezident Əli İnsanovu əfv etdi və başqa xəbərdə prezidentin əfv fərmanı imzaladığı, çoxlu sayda siyasi məhbusların azadlığa çıxdığı qeyd olunurdu.

Əli İnsanovun jurnalistlər qarşısında qısa açıqlamasından sonra isə bu mövzu demək olar ki, mətbuatı zəbt edib və indiyə qədər ətrafında müzakirələr gedir, fikirlər söylənilir, məqalələr yazılır. Mən mətbuatda gedən materiallara baxdıqda bir daha əmin oluram ki, hadisəyə münasibətin formalaşmasında daha çox kimlərinsə şəxsi maraqları rol oynamağa başlayıb.

Məşhur bir kəlam var: bu stəkan yarısına qədər doludur, ya da yarısına qədər boşdur. Mən hiss edirəm ki, Əli İnsanovun azadlığa çıxması ilə bağlı münasibət bildirəndə, bəzən eyni məsələni insanlar müxtəlif cür görürlər. Yəqin, bu onunla bağlıdır ki, prezidentin əfv fərmanı imzalaması, çoxlu sayda siyasi məhbusların azadlığa çıxması, xüsusən cəmiyyət tərəfindən daha çox diqqət mərkəzində olan Əli İnsanovun azadlığa çıxması məsələsi bəziləri üçün ölkədə daha çox qarşıdurma və gərginlik yaratmaq üçün fürsət, bəziləri üçün bu addımların ölkə daxilində müəyyən barışıq, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqun və sivil münasibətlərin formalaşması yönündə imkan sayılır. Bundan asılı olaraq, insanlar bir-birindən fərqli yozmalar edirlər. Mən gördüm ki, bəzi məmurlar əsəbi şəkildə belə reaksiya verirlər ki, Əli İnsanov islah olunmayıb, o, azad edildikdən sonra prezidentə təşəkkürünü ifadə edərdi, buraxdığı səhvlərə görə üzrxahlıq edərdi və s. Bu adamlar yəqin ki, nə haqda danışdıqlarını bilmirlər.

Əli İnsanov vaxtı ilə iqtisadi məsələlərlə bağlı məhkum olunub və özü bu ittihamları qəbul etməyib, işi sifarişli sayıb. Buna görə də, əfvlə bağlı müraciət etmədi və 11 ildən artıq cəzasını çəkdi. Beləcə cəza bitdiyi üçün Əli müəllim azadlığa çıxmalı idi. Lakin onun azadlığa çıxmasına qısa vaxt qalmış ona yeni cinayət işi açıldı. Bu da dəbdə olan narkotik ittiham idi. Yəni narkotikin saxlanılması, istifadə edilməsi və ya yayılması ilə bağlı cinayət işi. Bu ikinci cinayət işi ilə bağlı Əli müəllimə hökm oxunmuşdu və konkret olaraq ikinci cəza ilə bağlı prosesi prezident əfv fərmanı ilə yarımçıq qoydu. Beləcə Əli İnsanov azadlığa çıxdı.

İndi bunların dediklərindən belə çıxır ki, Əli İnsanov, hakim partiyanı yaradan insanlardan biri, 73 yaşlı akademik, ziyalı bir şəxs azadlığa çıxanda deməli idi ki, səhvimi boynuma alıram, üzr istəyirəm və bundan sonra nəşə çəkməyəcəm, narkotik maddələrdən istifadə etməyəcəyəm, onların satışı ilə məşğul olmayacağam? Bunları deməli idi?

Əli İnsanov azadlığa çıxdıqdan sonra jurnalistlərin müxalifətə qoşulub-qoşulmayacağı ilə bağlı sualına cavab verdi. Belə suala adətən necə cavab vermək olar? Demək olar ki, bəli, müxalifətə birləşəcəyəm, günü sabah hansısa partiyanı müəyyən edib ona qoşulacağam. Bəziləri bu suala kobud cavab verərək deyərdi ki, bizdə müxalifət var, onlar kimdir ki, mən onlara qoşulum. Üçüncü yanaşmada belə olardı ki, mən hər kəslə əməkdaşlığa hazıram, hər kəsə dəstək də verə bilərəm. Kimin kimə birləşəcəyi isə allahın işidir və bunu gələcək göstərər. Mənə elə gəlir ki, Əli İnsanov bu suala cavabında normal seçim etdi və dedi ki, əməkdaşlıq etməyə hazırdır, kiməsə dəstək verə bilər və digər məsələləri də gələcək göstərəcək.

Mənə elə gəlir ki, bu tipli yersiz ittihamları Əli İnsanova qarşı irəli sürən adamlar əslində İnsanova deyil, prezidentə mesaj göndərirlər. Mesajlarının da məğzi odur ki, bu islahatlara ehtiyac yoxdur, nahaq siyasi məhbusları azad edirsən. Yəqin, onların istəyi belə idi ki, bu insanlar azadlığa çıxmasın, elə Əli İnsanovda cəzanın qalan hissəsini çəkərdi və bu müddət başa çatanda, yəqin yatdığı kolonda çarpayısının altında bir-iki ədəd “Stinger” raketləri “tapıb” terror aktında ittiham edərək cəzasına 5-10 ildə əlavə etmək olardı. Yəqin, onların düşüncəsi belədir.

Mən söhbətimizin əvvəlində qeyd etdim ki, məmur korpusunun bir hissəsinin öz maraqları ola bilər. Həm iqtisadi islahatlarla bağlı, həm əfvlə bağlı, həm də hakimiyyət-vətəndaş cəmiyyəti münasibətləri ilə bağlı. Onların öz maraqları da nə prezidentin, nə də dövlətin maraqları ilə üst-üstə düşməyə bilər. Mən, bu məsələyə münasibətdə də ziddiyyətli yanaşma hiss edirəm”.