“ABŞ prezidentinin bu addımı sağlam ağıl və məntiqə uyğunsuzluq, beynəlxalq hüquq normaları və qüvvədəki konvensiyalarla tərsmütənasiblik, qanlı münaqişəni daha da körükləyərək sülh körpülərini yandırmaqdan əlavə, dünyada işğal, təcavüz aktlarının qanuniləşdirilməsi üçün çox zərərli bir presedentdir!”
Strateq.az bildirir ki, “Qələm” Yazarlar Birliyi ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini tanıması ilə bağlı yaydığı bəyanatda belə deyilir.
Sənəddə vurğulanır ki, artıq bunun ilk arzuolunmaz işartıları görünməkdədir: “Azərbaycanın işğaldakı torpaqlarında separatçı-terrorçu rejimin oyuncaq mətbuat katibi David Babayan adlı məxluq Ermənistan mediasına açıqlamasında İsraildən ötrü Suriyanın Colan yüksəkliklərinin həm hərbi-strateji baxımdan, eyni zamanda hidro-donor kimi vacibliyini söyləyir. O, bunu “Bibliyada adı çəkilən qədim İordan çayının başlanğıcını məhz bu yüksəkliklərdən götürməsi” ilə əlaqələndirir. Həyasız erməni məmuru Trampın bəyanatına və sair mülahizələrə dayanaraq təcavüzə məruz qoyduqları Kəlbəcər bölgəsinin özləri üçün “statusu”nu da Colan yüksəklikləri ilə eyniləşdirir; rayonun bulaqlar, çaylar, göllərlə zənginliyini Ermənistan və “Artsax” ın təhlükəsizliyinin “kritik komponenti”, eyni zamanda içməli su probleminin həlli baxımından strateji vasitə bilir. Həmin kontekstdə “böyük dövlətin (ABŞ) tövsiyələrindən yararlanmamağı” yolverilməz sayır.”
Bəyanat müəllifləri bildirirlər ki, 1967-ci ildə ilhaq olunan, 1981-ci ildə isə Knessetdə legitimləşdirilməsinə uğursuz cəhd göstərilən Colan ərazisini beynəlxalq aləm Suriya torpaqları kimi tanıyır; elə Trampın son qərarı da bütün nüfuzlu təşkilatlar və dövlətlər tərəfindən etirazla qarşılandı: “Yalnız rəsmi Təl-Əvivin və sionizmin məmnunluğuna hesablanmış bu qərar daha bir rüsvayçılığı – gücün haqlılığı, hegemonluğun ədaləti kimi mənfi təzahürlərə meydan açır, hansı ki, ABŞ prezidentinin dünyanı özbaşına bölmək, siyasi xəritənin konturlarını dəyişdirmək niyyətlərini başqa cür adlandırmaq da mümkün deyil.”
“Qələm” Yazarlar Birliyi sonda mədəni-kütləvi tədbirlərin işğalçı barədə humanist, sülhpərvər imici formalaşdırmaq imkanını nəzərə alaraq “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin İsraildə keçirilməməsini tələb edib və bununla əlaqədar təcili şəkildə Ayropa Yayım İttifaqına müraciət göndərməyin vacibliyini vurğulayıb.