XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 05:47

İqtidardan müxalifətə “Avropa Oyunları” təklifi – görüş olacaqmı?

 İqtidardan müxalifətə

Mayın 1-də Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından bu ay siyasi partiyalarla növbəti görüşün keçirilməsi barədə bir sıra partiyaların rəhbərlərinə təklif göndərilib.

Bu barədə musavat.com-a daxil olan xəbərdə deyilir ki, növbəti görüşdə müzakirəyə çıxarmaq üçün bir neçə mövzu da təklif edilib.
Əli Həsənovun adından daxil olan təklifin müzakirəsi ilə bağlı mayın 1-də saat 16.00-da Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında “Azadlıq-2015” seçki blokuna daxil olan partiyaların rəhbərlərinin növbədənkənar toplantısı keçirilib. Blokun yaydığı rəsmi açıqlamada bildirilir ki, toplantıda Prezident Administrasiyasının may ayının 13-16-da – “I Avropa Yay Oyunlarına münasibət” mövzusunda siyasi partiyalarla növbəti görüş keçirilməsi təklifi müzakirə edilib:”Müzakirələr zamanı toplantıya fəaliyyət göstərən bütün qeydə alınmış və qeydə alınmamış siyasi partiyaların dəvət ediləcəyi barədə tədbir təşkilatçısı kimi çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin mövqeyi diskussiyalara səbəb olub. Eyni zamanda əvvəlcədən əldə olunan razılığa uyğun olmayaraq, mövzunun bir tərəfli qaydada müəyyənləşdirilməsi bu tədbirin məqsədi ətrafında qeyri-müəyyənlik yaratmasından narahatlıq ifadə olunub. Bunları nəzərə alaraq, müzakirələrin siyasi partiyaların yetkili orqanlarında davam etdirilməsi və yalnız bundan sonra qərar verilməsi məqsədəuyğun hesab olunub”.
Qeyd edək ki, fevralın 12-də keçirilən görüşdə iştirak üçün Prezident Administrasiyasından Müsavat Partiyasının başqanı Arif Hacılıya da zəng edilərək dəvət gəlmişdi. Müsavat Partiyasının rəhbər strukturunda məsələ müzakirə olunmuşdu və ölkədə siyasi məhbus probleminin həll olunmadığı əsas göstərilərək görüşə qatılmamaq məqsədəuyğun sayılmışdı. Növbəti görüş üçün Müsavata dəvət gəlib-gəlmədiyini araşdırdıq. Partiya başqanı Arif Hacılı bildirdi ki, onlara dəvət və ya təklif gəlməyib. “Dəvət olacağı halda görüşə qatılacaqsınızmı?” sualına isə A.Hacılı belə cavab verdi: “Bu sahədə bir yenilik olsa mediaya açıqlama verəcəyik. Hələ dəvət olmayıb”.
Xatırladaq ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların sonuncu – ikinci görüşü fevralın 12-də olub. Həmin görüşdə bundan sonra görüşlərin iki aydan bir keçirilməsi və müzakirəyə çıxarılacaq mövzunun tərəflər arasında razılıq əsasında müəyyənləşdirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin aradan üç aya yaxın keçsə də, nədənsə görüş nəzərdə tutulduğu vaxtda keçirilmədi.