XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Aprel 2019 - 16:35

Baş nazir Mamuka Baxtadze:"Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır"

Gürcüstanın və Azərbaycan strateji tərəfdaşlardır. Hər iki ölkə tarixi layihələrin həyata keçirilməsinə birgə imza atıblar. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu gün də vacib infrastruktur layihələri həyata keçiririk. Xəzər dənizinin sərvətlərindən, imkanlarından daha çox bəhrələnməklə, Avropanın enerji təhlükəsizliyini daha çox təmin edə bilərik. Azərbaycanla birlikdə böyük layihələrdə iştirakımızdan çox məmnunuq.

Azərtac xəbər verir ki, bu fikirləri AŞPA-da Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavabında bildirib.

Azərbaycanlı deputat Gürcüstanın Baş nazirinə müraciət edərək deyib: “Müstəqilliklərini bərpa edəndən bəri Azərbaycan və Gürcüstan dövlətləri tarixi dostluqlarını daha da möhkəmləndirib və güclü əməkdaşlıq qurublar. Qarşılıqlı möhkəm etimada əsaslanaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri və son dövrlərin Cənub Qaz Dəhlizi kimi mühüm regional enerji layihələri uğurla həyata keçirilib. Bu gün bu əməkdaşlıq Türkiyə ilə birlikdə Xəzər hövzəsindən karbohidrogen ehtiyatlarının Avropa bazarına təhlükəsiz daşınmasını təmin edir. Necə düşünürsünüz, bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfə verə bilərlər?”.