XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

16 Aprel 2019 - 21:48

Politoloqdan Trampın Albayrakla görüşünə şərh:"ABŞ prezidenti bu itki ilə razılaşmaq istəmir..."

“ABŞ prezidenti Donald Trampın qəfil Ağ Evdə Türkiyənin maliyyə naziri və Rəcəb Təyyub Ərdoğanın kürəkəni Berat Albayrakı qəbul etməsi bir neçə nəsnədən xəbər verir”.

Strateq.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O, Albayrakla Trampın görüşünə toxunaraq qeyd edib ki, birincisi, ABŞ-ın hazırki prezidenti əsl ticarətçi olduğundan Rusiyadan alacağı S-400 raketlərinə görə Türkiyəni və bu ölkənin böyük bazarını itirmək istəmir:

“Məsələ burasındadır ki, Pentaqon Türkiyəyə F-35 hərbi təyyarələrini satmaqdan imtina etsə, bu, Amerika üçün milyardlarla dollar itki olacaq. Tramp isə bu itki ilə razılaşmaq istəmir.

İkinci, Trampın Albayrakla görüşü “NATO Türkiyəni üzvlükdən çıxara bilər” şaiyələrinə son qoydu. NATO-nun əsas dövləti ABŞ-dır. Vaşinqton S-400 raketlərinə görə bölgənin əsas dövlətlərindən birini itirmək istəməz, sadəcə Amerika “pis polis” və “yaxşı polis” rolunu oynayır. Pis polis rolunda çıxış edən Amerikanın vitse-prezidenti Mayk Pens Ankaraya daha öncə ultimatum vermişdi: “Ya biz, ya da S-400 raketləri”.

Fikrimcə, Vaşinqton Rusiyanın raketlərini alan Türkiyənin bu hərəkətini nəinki həzm edəcək, hətta il içərisində Donald Trampın Ankaraya rəsmi səfəri də mümkündür. Hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Pentaqonun və Konqresin münasibətindən yaxşı mənada fərqlənir”.

Politoloq deyib ki, Ankarada söhbət etdiyi ekspertlər Türkiyənin Rusiya ilə isti münasibətlərinə rəğmən, Qərb istiqamətindən imtina edilməməsi gərəkliyini bildiriblər: “Çünki bir çox türkiyəli diplomatın dilindən eşitdiyim ifadə var: “Rusiya ilə tərəfdaşlıq strateji deyil, taktiki mahiyyət daşımalıdır”. Yəni Rusiya ilə münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Elə Kremlə yaxın rusiyalı ekspertlər də Türkiyə ilə münasibətlərdə eyni sözləri deyirlər”.