XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2019 - 18:34

Türk yazardan xəbərdarlıq:"BAXÇALI ÖLKƏ ÜÇÜN MÖVCUDLUQ PROBLEMİNƏ ÇEVRİLİR"

Yıldıray Oğur

“Karar”, 22.04.2019

 

Öncə kiçik bir xatırlatma ilə başlayaq.

Çünki dünən bir daha gördük ki, bəzilərinin siyasi yaddaşı korşalıb.

2009-cu ilə dönək. AK Partiya hökumətinin Demokratik Təşəbbüsə başladığı zamana…

İctimaiyyətin məşhurların səhər yeməyinə və kürd dilində televiziyaya şahid olduğu səhnələrin arxasında 2005-ci ildən PKK ilə aparılan danışıqlar dururdu. Bu danışıqlar çərçivəsində 2009-ci ildə bir qrup PKK-lı Habur sərhəd qapısından Türkiyəyə daxil oldu, sərhəddə qurulmuş məhkəmədə ifadə verdikdən sonra sərbəst buraxıldı, yəni məşhur Habur hadisəsi yaşandı.

(Təəccüblüdür, Haburun sərhəd qapısında hökumətin qərarı ilə PKK üzvlərini sorğulayan prokuror sonralar terror təşkilatı (FETÖ) üzvü kimi 6 il həbs cəzası alıb.)

PKK üzvləri, müqaviləyə uyğun olaraq, sərbəst buraxıldıqdan sonra ilçə-ilçə gəzərək mərasimlərlə qarşılandılar. Sülh və həll üçün cəsarətli və xoş məramlı cəhd o görüntülərlə baltalandı.

Başda CHP və MHP olmaqla, müxalifət partiyaları və media hökumətə od püskürür, “terror tərəfkeşliyi”, “xəyanət” sözləri havada uçuşurdu.

Məhz o günlərdən sonra ard-arda gələn şəhid meyitlərinin dəfn mərasimlərində AK partiyalı nazirlər, içində “açılım” sözü olan şüarlarla etirazlara tuş gəlib. Bir müddət sonra etirazlar fiziki hücumlara çevrilib.

Onlardan ən pisi 2010-cu ildə baş verib. Kayseridə bir şəhidin dəfninə qatılan o dövrün enerji naziri Taner Yıldıza yaxınlaşan bir adam “Bu, türk millətinin yumruğudur. Al sənə açılım!” dedikdən sonra nazirin üzünə yumruq vurub.

Eyni ildə Adanada bir başqa şəhidin dəfnində isə əlində MHP bayrağı olan bir adam baş nazir Ərdoğanın çələngini parçalayıb.

2012-ci ildə Samsundakı dəfn mərasimində “boz qurd” işarəsi yapan qəzəbli bir qrup nazir Suat Qılıncın yolunu kəsib, avtomobilini dayandırdıqları AK partiyalı bələdiyyə başçısına isə yumruqla hücum edib.

Yenə də 2012-ci ildə Antepdə, bir şəhidin dəfnində “Budur açılımınız!?” söz atmacaları ilə başlayan, təhqirlərlə davam edən hücum cəhdindən üç nazir (Bəşir Atalay-Hüseyn Polad-İdris Naim Şahin) avtobusla həmin yerdən qaçırılaraq xilas edilib.

2013-cü ildə bu dəfə “Həll Prosesi” adı altında İmralı və Qəndillə danışıqlar başlayıb.

Sayı azalsa da, şəhid cənazələri gəlməyə davam edirdi.

Küçənin ortasında, alış-veriş edərkən, xanımının yanında bir zabit öldürüldü, dəfn mərasimində yenə hökumətə və bu dəfə Həll Prosesinə təpkilər yüksəldi.

Eyni təpki “Aqil İnsanlar”a da göstərilib.

Beş il sonra, dünən bir şəhidin dəfnində hədəf CHP lideri Kamal Kılıçdaroğlu olub.

Ankara-Çubukda, qatıldığı şəhid dəfnində hücuma məruz qalan Kılıçdaroğlu linçdən xilas olmaq üçün sığındığı evdən ancaq saat yarım sonra zirehli avtomobillə çıxarılıb.

Dövlətin paytaxtında ana müxalifət liderinin sığındığı evə hücum etmək istəyən kütləni dağıtmaq işi isə əlinə meqafon alıb “Mesajınız alındı” deyə güruha təskinlik etməyə çalışan müdafiə nazirinin öhdəsinə düşüb.

Ciddi bir dövlət üçün utancverici gün idi.

Yaxşı, çubuklu kəndlilərinin kəndlərinə qədər gəlib şəhid dəfninə qatılmış 70 yaşlı Kılıçdaroğluna hücum etməsinin səbəbi nə idi?

Əmrindəki dövlət işçilərini, seçdiyi HDP-li millət vəkillərini danışıqlar üçün İmralı və Qəndilə göndərmişdimi? Dolmabaxça Sarayında nazirlərinin qarşısında Öcalanın məktubu oxunmuşdumu?

Xeyr, bələdiyyə seçkilərində HDP böyük şəhərlərdə namizəd irəli sürməyərək, CHP namizədlərinə dəstək vermişdi.

Amma yaddaşı korşalmış siyasətçilər və media Həll Prosesində öz etdiklərini, söylədiklərini, özlərinə edilənləri və deyilənləri unudub, aylardır ölkədə hər üç adamdan birinin səsini almış ana müxalifət liderini “PKK və FETÖ-dan təlimat alan Zillət, Xəstəlik İttifaqı” olaraq təsvir edir, onunla az qala düşmən qüvvələrin içimizə sızmış əlaltısı, casusu kimi rəftarı edirlər.

Yalnız onunla deyil.

Dünən İmralı və Qəndil arasında ilmə toxuyan Demirtaş üçün “Demirtaşdan söz açıram. Kılıçdaroğlunun doldura bilmədiyi müxalifət boşluğunu o doldurdu. Bravo, Səlahəddin bəy, təbriklər. Fərdi olaraq da ulduzu gün keçdikcə parlayır”, – yazanlar, bu gün həbsdəki Demirtaş haqqında Əkrəm İmamoğlunun söylədiyi “Siyasətdə olarkən, cızdığı xətti bəyənirdim” sözünə istinadla, onun gülən fotosunu dörd şəhidin fotosunun yanına qoyaraq, “Xoşbəxtsən, Əkrəm?” başlıqlarına müəlliflik edir.

Amma hər halda, bu kütləvi yaddaş itkisindən qaynaqlanan ziddiyyətlər qarşısında özünü ən rahat hiss edən adam MHP lideri Dövlət Baxçalıdır.

O, dünən, hökumət Həll Prosesi çərçivəsində addımlar atarkən, AK Partiyanı PKK ilə əməkdaşlıqda günahlandırırdı, bu gün də CHP-ni, yerli seçkilərdə HDP ilə ittifaqa görə PKK-yla əməkdaşlıqda ittiham edir.

Lakin dünən Baxçalı həddini aşdı.

2010-cu ildə Əhməd Türkə yumruq zərbəsi endiriləndə, hökumətin qütbləşdirici siyasətini tənqid etmiş MHP lideri, Kılıçdaroğluna qarşı linç cəhdindən sonra “O adama yumruq vuracaq qədər nə etmisən, Kılıçdaroğlu?” – deyə soruşub.

Daha diqqət çəkən, hər nə qədər nazirlər, siyasətçilər səviyyəsində AK partiyalılar bu hücumu qınasalar da, ictimai mediada AK Partiya sosial bazasının hücuma Baxçalı kimi təpki verməsidr.

Hətta iqtidara yaxın qəzetlərdə köşə yazarları, televiziyalarda proqram aparıcıları, tok-şoulara qatılan ekspertlər ana müxalifət liderinə qarşı linç cəhdini qınamağa belə ehtiyac görmədən, üzrlü, hətta qanuni əsaslar göstərən şərhlər veriblər.

İllərdir media və siyasət vasitəsilə davamlı olaraq sayıq halda saxlanılan, ölkənin mövcudluğuna təhlükə olduğu ilə razılaşan, hər cür tənqidə dözümsüz, müxalifətə düşmən gözüylə baxan böyük bir kütlə yaradılıb, amma bu kütləni AK Partiyanın rəsmi, qanuni ifadəsi belə dayandıra bilmir.

15 İyul travması ilə, hər an yenidən küçəyə çıxmağa hazır, hətta tez-tez “bu dəfə hazırlıqlı çıxacağıq” vurğuları edən, artıq siyasi partiyalar arasında demokratik yarış deyil, bunu bir qurtuluş savaşı, vətənin müdafiəsi, daxili və xarici qüvvələrə qarşı müqəddəs mübarizə olaraq görən kütlənin duyğularına ən yaxşı xitab edən lider Baxçalıdır.

Prezident seçkisindən sonra son yerli seçkilər də MHP-nin AK Partiyanın sosial bazası üçün qanuni alternativ halına gəldiyini göstərib.

Partiyaların sosial bazaları ittifaqda birləşərkən, ifadə tərzi üstünlüyü də daha milliyyətçi, güvənlikçi, sərt, güzəştsiz MHP-yə keçib. Siyasəti bir dəfə mövcudluğumuz üçün yeni İstiqlal hərbinə çevirdikdən, bazasını buna razı etdikdən sonra artıq geriyə dönmək o qədər də asan deyil.

Mərkəzçi partiya olaraq AK Partiyanın buradan hər geriyə dönüşü, normallaşdırma səyi Baxçalı üçün üzərində siyasətçilik edib, sosial bazasına mesaj üçün fürsət olacaq.

Sözlərinin AK Partiya bazasında da əks-səda verdiyinə güvənən Baxçalı dünən partiyasının seçki qiymətləndirmə konfransında prezidentin “Türkiyə İttifaqı” sözündən belə narahatlığını bildirib, ittifaqın yalnız AK Partiya ilə və “Cümhur İttifaqı” olduğunu bildirib.

AK Partiya sözçüləri İstanbul seçkisinin nəticələrinin ləğvi üçün hüquqi çərçivədə hərəkət etməyə çalışarkən, Baxçalı dünən çox rahat şəkildə İstanbulun CHP-li bələdiyyəyə verilməsinin mövcudluq problemi olduğunu söyləyib, “Türkiyə düşmənlərinə vətənin künc-bucağını da verə bilmərik”, – deyib, “Kürəkən Fərid” bənzətməsi ilə seçki qutusundan çıxan rəyi tanımayacağı mesajı verib.

Dünyada milliyyətçilərin çox da birləşdirici olduğunu demək mümkün deyil. Amma milliyyətçiliyini etdiyi cəmiyyətin yarısından nifrətlə və düşmən qüvvə kimi danışan bir milliyyətçiliyin, “Türkiyə İttifaqı” sözündən belə narahat olan Türk milliyyətçiliyinin, hər halda, nümunəsi azdır.

Siyasətdə şiddəti qanuni sayan, mövcudluq üçün seçki qutusunu, demokratiyanı xərcləməyə hazır belə bir təbirin ölkənin yarısının səsini almış böyük bir partiyanın sosial bazası və mediasında hakim olmağa başlaması təhlükəlidir.

Terror təşkilatlarının, xarici qüvvələrin, üst ağılların əsla öhdəsindən gələ bilməyəcəyi, cəmiyyəti qütbləşdirən, ana müxalifət liderini düşmən qüvvələrin komandanı kimi görən, demokratiyaya, hüquqa, söhbət vətəndən getdikdə, təfərrüat gözüylə baxan və ayıq-sayıq halda olan yerli və milli…

Yəni maraqlananlar üçün: dünən Ankarada bir nümunəsini gördüyümüz hadisə və ona göstərilən təpkilər, bəli, həqiqətən də, mövcudluq problemidir…

Tərcümə: Strateq.az