XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2015 - 16:49

Bernar-Anri Levi: “Liviyadakı müharibədən təəssüflənmirəm”

“Demokratiya taleyin hökmü ilə göydən düşmür”

Le Parisien: Qəddafinin devrildiyi gündən dörd il keçib, Liviya isə getdikcə daha çox xaosa qərq olur. Siz o zaman Nikolya Sarkoziyə məsləhətlər verirdiniz. Heç nəyə təəssüflənmirsiniz?

Bernar-Anri Levi: Qətiyyən. çünki xaos artıq Qəddafinin dönəmində var idi. Artıq dövlət yox idi. Lakin amansız diktatura var idi. Demokratiyanı isə bir günə qurmaq olmaz. Zamana ehtiyac var. Həm də səbirə. Bu məqamda göz yaşları, qan, geri addım ola bilər. Fransaya baxın. 1789-cu il hadisələrinin sonuna çatmaq üçün 25 il lazım gəldi. Və demək olar, əsr lazım gəldi ki, respublika ortalığa çıxsın. Əlbəttə, mən istərdim ki, Liviyada proses sürətlə getsin, axı mən özüm onun xilası üçün nə qədər iş görmüşəm. Lakin onilliklərin müstəbidliyindən sonra indiki iğtişaşlar qaçılmaz idi.

-Sollar keçmiş prezidenti bunda ittiham edirlər ki, o, Tripoliyə “zəmanətli xidmət” vermədi. Onlar haqlıdırlar?

-Burada da hər şey elə sadə deyil Orada, həqiqətən də, səhvlər buraxıldı. Biz yanlış qərara gəldik ki, madam diktator yoxdur, onda iş başa çatıb. Və bəli, baş verənlər “demokraik messianizm”ə yeni illüstrasiya oldu. Bu, çağdaş dövrün ən dəhşətli illüziyalarından biridir. Bu o inama əsaslanır ki, demokratiya taleyin hökmü ilə, sadəcə, göydən düşə bilər. Lakin bunun günahı kimdədir? Məgər yadınızda deyil ki, keçmiş prezident Liviya müharibəsindən dərhal sonra prezident seçkilərini uduzdu? Yəni mənə elə gəlir iki, bu “zəmanətli xidmət”lə sollar da məşğul olmalıydı və bunu indi də etməlidirlər…

-İŞİD Dern və Benqazi də kök atır. Liviya beynəlxalq terrorizmin mərkəzinə çevrilə bilərmi?

-Hər şey mümkündür. Lakin burada, təəssüf ki, medalın o biri üzü haqda bu qədər az danışırlar. Benqazi sakinləri “Müsəlman qardaşlar”ın qərargahına od vurdu. Tripoli qadınları öz hüquqlarını qorumaq üçün küçələrə çıxmışdılar. Misuratalı inqilabçılar indi birbaşa Sirtdə İŞİD yaraqlıları ilə vuruşurlar. Ola bilsin ki, bu, islamçılarla əlbir olanların onlarda formalaşmış obrazı ilə uyuşmur, lakin son həftələrin yenilikləri məhz bu cürdür: misuratalılar var gücü ilə başkəsənlərlə döyüşür… Bu, qəddar və amansız bir savaşdır. Radikal və mötədil İslamın vuruşduğu bütün ərəb dünyasında olduğu kimicə. Lakin mən əvvəlki tək hesab edirəm ki, 2011-ci ildə keçirilmiş bütün seçkilərin göstərdiyi kimi, Liviyanın vətəndaş cəmiyyətinin əksəriyyəti islamçılığıa qarşıdır və kömək olsaq, ona qalib gələ bilər.

-Orada bütün Aralıq dəniz bölgəsini tarazlıqdan çıxara biləsi mühacirləri daşıyanlar da var…

-Bəli. Lakin yenə də Liviyanın tənqidində öz burnundan uzağı görməyənlərin dalınca kor-koranə getmək lazım deyil. Bu, düzgündür ki, Liviyadan daşıyıcılar gəlir. Lakin onlar zəncirin ancaq axırı, son həlqəsidirlər. Bəs başlanğıcda nə var? Saxelin yoxsulluğundan qaçan bədbəxt adamlar. Bəşər Əsədin bombalarından can qurtarmağa çalışan suriyalılar. Diktaturadan bezmiş eritreylilər. Buna görə də hazırda öhdəsindən gəlinməsi mümkün olmayan və Avropada, dünyada əsas tendensiyalardan birini təşkil edən kütləvi mühacirəti “Liviya problemi” adlandırmağına dəyməz…

-Bəziləri güman edirlər ki, bir sıra ölkələrdə güclü və yaxud hətta diktator hakimiyyəti ümumi xaosdan daha yaxşıdır. Bununla razısınız?

-Əlbətə ki yox. “Güclü və yaxud hətta diktator hakimiyyəti” olan Suriyaya nəzər salın. Məgər orada xaos yoxdur? özünüz çox gözəl anlayırsınız ki, bu, belə deyil. Bundan başqa, gəlin, müqayisəni axıra kimi aparaq. Bir tərəfdə müdaxilə edilmiş ölkə, yəni Liviya var: orada, doğrudan da, tam şəkildə hərc-mərclikdir. Digər tərəfdə müdaxilə edilməmiş ölkəni, yəni Suryanı görürük: orada da hərc-mərclik heç də az deyil, həlak olanların sayı isə 200 mini keçib. Bundan başqa, orada nəinki İslamın iki ocağı var, həm də İŞİD ölkə ərazisinin yarısını hakimiyyəti altna alıb. Buna görə də Liviyadakı müharibədən təəssüflənmirəm və Suriya qiyamçılarına dəstək üçün beynəlxalq müdaxiləyə hələ də ümidvaram.

“La Regle du Jeu”, (Fransa)