“Mən nə etmişəmsə vicdanla etmişəm. Xalqın maraqları naminə eləmişəm. Mən buna əminəm”.
Strateq.az bildirir ki, bu sözləri “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov bildirib.
Onun sözlərinə görə, SSRİ-də başladığı yenidənqurma islahatlarının həyata keçməsi üçün vaxt lazım idi: “Beş-altı il nədir ki? Belə böyük ölkə üçün plan və ideyanın reallaşdırılması üçün böyük period lazım idi. Ölkəni yenidən qurmaq tələb olunurdu. Fikirmcə, bu islahatlar vacib idi”.
Mixail Qorbaçovun sözlərinə görə, əgər hər şeyə yenidən başlasaydı yenə mövqeyi belə olardı:
“Əgər mənim bu günkü təcrübəmlə yenidən başlamaq fürsətim olsaydı yenə də bu addımı atardım. Ölkəni totalitar vəziyyətdən çıxarmaq, insanlara söz azadlığı, aşkarlıq vermək lazım idi. Əsas olan demokratiya idi. Bütün bunları etmək lazım idi. İndi də belə edərdim. Ancaq bu dəfə bədxahlarımn məni üstələməsinə imkan verməyəcəkdim”.
M.Qorbaçovun fikrincə, o zaman hər hansı bir çevriliş də olmayacaqdı.
“İndiki təcrübəmlə seçimim yenə yenidənqurma olardı, amma ayrı templə… Mən ən vacib məsələni edə bilmədim. Kommunist Partiyasında islahat aparılmalı idi”.
Xatırladaq ki, Mixail Qorbaçovun bu gün 85 yaşı tamam olur.
Xaqani SƏFƏROĞLU
Strateq.az