Rusiya Azərbaycanın ümumdünya Ticarət Təşkilatına (üTT) üzv olması çərçivəsində danışıqlara başlamaq istəyini rəsmən bəyan edib. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini, danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev deyib.
O bildirib ki, bir neçə gün əvvəl Rusiya Azərbaycanın üTT-yə üzv olması çərçivəsində danışıqlara başlamaq istəyi ilə bizə müraciət edib: “Biz onların təkliflərini alacağıq, onların hansı istiqamətlərlə maraqlandığını öyrənəcəyik, Cenevrədə növbəti görüşlər zamanı danışıqlar aparacağıq”.
M.Məmmədquliyev Azərbaycanın üTT-yə daxil olması üzrə danışıqların növbəti raundunun tarixini bildirməkdə çətinlik çəkib: “Hazırda Azərbaycan üzrə işçi qrupuna daxil olan üzv ölkələr sual və şərhlərini göndərməyə davam edəcək. Suallar gecikir, buna görə də danışıqların növbəti raundu haqqında danışmaq hələ tezdir”.
Onun sözlərinə əsasən, danışıqların tarixi üTT-nin üzv ölkələrinin bütün sənəd və suallarının öyrənilməsindən asılı olaraq müəyyənləşdiriləcək.
Bəllidir ki, uzun illərdir Azərbaycanın üTT-yə üzvlük məsələsi həll olunmur. Hazırda Rusiyanın böyük cəhdlə bu təklifi etməsinin arxasında hansı maraqlar dura bilər?
Politoloq Qabil Hüseynli Strateq.az-a açıqlamasında bildirdi ki, bu məsələdə Rusiyanın fəallığı başadüşüləndir: “Bir çox beynəlxalq qurumlar kimi ümumdünya Ticarət Təşkilatı da ABŞ-ın patronajı altında fəaliyyət göstərir. Həmin quruma üzv olan dövlətlər böyük çətinliklərdən keçir. Bu, ABŞ-ın tətbiq etdiyi qeyri-formal ələnmə prosesilə bağlıdır. Rusiyanın özünü uzun müddət ora qəbul etmədilər. Bu yaxınlarda quruma üzv olan Rusiya oradakı vəziyyəti tam anlayıb. İndi də özünə yaxın tərəfdar toplamağa başlayıb. Bəllidir ki, bu koalisiya yalnız üzv dövlətlərdən formalaşa bilər. Azərbaycanın üzvlüyünü Rusiyanın ciddi-cəhdlə tələb etməsi məhz bu amillə bağlıdır. Bununla Rusiya həm ABŞ hegemoniyasına son qoymaq istəyir, həm də özünə tərəfdar toplayır. Rusiya hesab edir ki, Azərbaycan onu daha yaxşı anlaya bilər. Belə dinamizm Azərbaycan üçün də sərfəlidir. çünki bizimlə bağlı həmin quruma üzv olmaq məsələsində ləngimələr var. Bəlkə, belə təşəbbüslər prosesi genişləndirər”.
Məhəmmədəli QƏRİBLİ