XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 18:21

Sensasiya: Əliyev və Borisov “Nabucco”nu “diriltmə”yə qərar verdi

Sensasiya: Əliyev və Borisov “Nabucco”nu diriltməyə qərar verdi

Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana səfəri sensasiya ilə müşahidə olunur.

Virtualaz.org saytı novinite.com saytına istinadən xəbər verir ki, bu gün Sofiyada apardıqları danışıqların nəticəsi olaraq Azərbaycan və Bolqarıstan liderləri “Nabucco” qaz kəməri layihəsini “diriltməyə” qərar veriblər.
Bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov bəyan edib.
Baş nazir jurnalistlərə bildirib: “Elə bu gün biz prezident Əliyevlə birlikdə Avropa İttifaqının Komissiyasına “Nabucco”nun yenilənməsinə dair layihəni təqdim edəcəyik”.
B.Borisov deyib ki, Bolqarıstan Aİ-nin olduqca loyal üzvü olub və üçüncü enerji paketinin bütün tələblərini yerinə yetirib. Bu, Bolqarıstanın Rusiyanın “Cənub axını” layihəsini bloklamaq qərarında da özünü göstərib.
“Bolqarıstan bu mövqeyini Rusiyanın Türkiyə ilə birlikdə həyata keçirmək istədiyi “Türk axını” layihəsinə münasibətdə də nümayiş etdirəcək”- deyə Borisov bildirib.
“Bolqarıstan sadəcə olaarq tormoz rolunu oynaya bilməz, Bolqarıstan sadəcə olaraq Avropa Komissiyasının maraqlarına xidmət etməyəcək. İndiki halda bu, tamamilə NATO-nun və Avropanın maraqlarına cavab verən layihədir və biz illərlə “Nabucco” layihəsinə pul qoymuşuq”- Borisov əlavə edib.
Baş nazir həmçinin Cənub Qaz Dəhlizinin mühümlüyünü qeyd edib. Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev danışıqlar zamanı Bolqarıstanın “BULGARGAZ” şirkətinin bu layihədə pay almasının mümkünlüyünü bildirib.
Xatırladaq ki, Rusiyanın “Cənub axını” kəmərinə alternativ hesab olunan “Nabucco” kəməri layihəsi 2013-cü ildə Avropa Komissiyası tərəfindən rəsmən ləğv edilib. Avropa və Qərb uzun illər bu layihənin həyata keçirilməsi üçün çalışsa da Rusiyanın güclü müqaviməti, habelə layihənin kifayət qədər bahalı olması və on milyardlarla dollara başa gələcək kəməri doldurmaq üçün kifayət qədər qaz mənbələrinin tapılmaması “Nabucco”nun iflasa uğraması ilə nəticələndi.
Azərbaycan isə öz qazını Avropaya nəql etmək üçün daha ucuz başa gələn və siyasi baxımdan daha az riskli dəhlizi (TANAP+TAP) seçdi. Lakin ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Ankarada “Cənub axını” qaz kəməri layihəsinin dayandırıldığını, onun əvəzində Rusiyadan Türkiyənin Yunanıstan sərhədinə qədər eyni gücdə “Türk axını” kəmərinin çəkiləcəyini elan edəndə regionun enerji xəritəsində bütün kartlar dəyişdi.
İndi isə Azərbaycan prezidenti Bolqarıstan baş naziri ilə birlikdə sensasion cavab gedişi edir.