XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 18:24

Zakir Həsənov generalı qəbul etdi – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın öztürkü qəbul edib.

Strateq.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ordu generalı A.öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.


Sonra ordu generalı A.öztürkün Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq Hərbi Hava Qüvvələri Komandanı Şərəf Kitabına ürək sözlərini yazıb.


Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.


Müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlıq planına əsasən keçən il Azərbaycan səmasında, hazırda isə Türkiyədə keçirilən Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin təcrübə toplanılması baxımından mühüm olduğunu qeyd edərək bu sahədə əlaqələrin daha da genişləndirilməsini xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həllinə nail olunmasının vacibliyini bildirib.


Ordu generalı A.öztürk də öz növbəsində dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.


Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib.