XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 05:50

“Azadlıq-2015″ deputatlığa namizədlərini müəyyənləşdirir

“Azadlıq-2015

Artıq blokun seçki qərargahı yaradılıb. Seçki qərargahının sədri, üzvləri seçilib, fəaliyyəti və iş planı tutulub. Mütəmadi olaraq blokun Siyasi Şurası toplanır. “Azadlıq-2015” seçki blokunun seçki platformasının hazırlanması üçün iş aparılır. P.Hüseyn qeyd etdi ki, digər siyasi qüvvələrlə, ictimai təşkilatlarla, ayrı-ayrı şəxslərlə əməkdaşlığın müxtəlif istiqamətləri üzrə məsləhətləşmələr gedir.
Blokun deputatlığa namizədlərinin müəyyənləşməsi prosesi başlayıb: “Namizədlər təxminən məlumdur. Seçki blokunu yaradan partiyaların sədrlərinin namizədliyinin hansı dairələrdən irəli sürülməsinin dəqiqləşdirilməsi istiqamətində də fəaliyyət davam etdirilir. Namizədlərin yerlərdə reytinqinin öyrənilməsi üçün təhlillər aparılır, iş gedir”.
AXP sədrinin sözlərinə görə, eyni zamanda azad və ədalətli seçki mühitinin formalaşması üçün istər müxalifət təşkilatları ilə məsləhətləşmələr, istərsə də iqtidar təmsilçiləri ilə aparılan təmaslarda fikir mübadiləsi aparmaq aktualdır: “Hazırda əsas prioritet olaraq hansı islahatların aparılması məsələsi müzakirə edilir ki, hakimiyyət təmsilçisi ilə növbəti görüşdə bu məsələnin müzakirəyə çıxarılmasının məqsədəuyğunluğu nəzərdə tutulur. Biz hesab edirik ki, hazırkı siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsini təmin etmir. Ona görə də prioritet məsələ azad və ədalətli seçki mühitinin yaradılması, bu sırada seçki komissiyalarının yenidən formalaşması kimi məsələlərdir”.
P.Hüseyn onu da dedi ki, “Azadlıq-2015” seçki blokunun mart ayında aksiyalar keçirməsi istiqamətində müzakirələr aparılmayıb və aparılmır.
“Azadlıq-2015” seçki blokuna daxil olan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu da bildirib ki, blokun seçkiyə hazırlıq istiqamətində çalışmaları davam edir: “Dairələrdə namizədlər müəyyən edilib. Seçki qərargahı da namizədləri müəyyən edib. Hazırlıqlar davam edir”.
KXCP sədri onu da deyib ki, seçki blokunun qapıları bütün partiyaların üzünə açıqdır. Kim istəsə, bloka qoşulmaq üçün müraciət edə bilər: “Müraciət tərəfimizdən dəyərləndiriləcək. Hesab edirəm ki, cavabımız müsbət olacaq. Siyasi partiya rəhbərləri ilə görüşlərimiz, müzakirələrimiz davam edəcək. Bununla bağlı mövqeyimiz də, əməlimiz də ortadadır”.
Qeyd edək ki, “Azadlıq-2015” seçki blokunu 8 partiya yaradıb.