Donlad Tramp NATO-nun və Pentaqonun razılığı olmadan belə bir qərarı verə bilməz.
Bu sözləri ABŞ Prezidenti Donald Trampın S-400-lərlə bağlı Ərdoğanla razılaşma əldə etməsi haqqında yayılan xəbərlərə münasibət bildirən politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Trampın S-400-lərlə bağlı Türkiyənin təklifi əsasında birgə işçi qrupun yaradılmasını qəbul etməsi inandırıcı görünmür?
“Çünki təkcə ABŞ deyil, həmçinin NATO da Türkiyənin S-400-ləri almasına qarşıdır. Ona görə mən bu razılığa şübhə edirəm. Tramp bu günə qədər S-400 raketlərinin əleyhinə çıxıb və xüsusi ilə Türkiyəyə qarşı müxtəlif sanksiyalar tədbiq edib. Onun bu qanun layihələrinə imza atdıqdan sonra Ərdoğanla razılaşması inanılası bir şey deyil. Həmçinin Tramp təkbaşına belə bir qərarı verə bilməz. O, Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin, həmçinin NATO-nun razılığı olmadan Ərdoğanla kompromisə getməz. Üstəlik, NATO dövlətləri bu yaxınlarda keçirilən iclasda bildiriblər ki, əgər S-400-lər Türkiyə tərəfindən alınarsa, onlar rəsmi Ankara ilə əməkdaşlığı dayandıracaqlar”.
Politoloq Türkiyənin Qərblə apardığı siyasətin onun üçün ağır nəticələri ola biləcəyini qeyd edib:
“Türkiyənin Qərblə apardığı hazırkı siyasət onun üçün ağır nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, bundan sonra da Ankaraya qarşı yeni sanksiyalar tətbiq olunacaq. Hətta indidən NATO dövlətləri Türkiyə ilə qeyri-NATO dövləti kimi davranmağa başlayıb. Bütün bu baş verənlər hələ ki, Rusiyanın xeyrinə işləyir. Çünki ABŞ və Türkiyə arasında olan soyuq münasibət Rusiyanın işinə yarayır”.
Qeyd edək ki, Türkiyənin ABŞ-ın S-400-lərlə bağlı narahatılığını aradan qaldırmaq üçün ümumi türk-amerikan texniki-araşdırma qrupu yaradılması təklifinin Tramp tərəfindən qəbul edilməsi haqqında Türkiyə mediasında xəbərlər yayılıb. /Axar.az