XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 01:57

Orxan Qafarlı: [color=red]”İsrail Türkiyə ilə yaxınlaşmaqda daha çox maraqlıdır”
 

israil-turkiye-1.jpg

Son həftələrdə Türkiyə siyasi gündəminin əsas mövzularından biri də Ankara-Təl-Əviv münasibətləridir.
 
2010-cu il mayın 31-də “Mavi Marmara” yardım gəmisinə İsrail ordusunun hücumundan sonra kəskin şəkildə pisləşən Ankara-Təl-Əviv münasibətlərində yumşalma müşahidə olunur.
 
Ötən ay İsrail mediasında iki ölkə arasında anlaşmanın əldə olunması istiqamətində danışıqların aparılması haqda xəbər yayılıb. 
 
Daha sonra bunu hökumət rəsmiləri də təsdiqləyiblər. Ancaq bu durum birmənalı qarşılanmır. Türkiyənin regionda yenidən təsirini artırmaq üçün İsraillə münasibətləri bərpa etməsinə ehtiyac olduğunu iddia edənlərlə yanaşı, bu vəziyyətin Türkiyənin ərəb-müsəlman dünyasında nüfuzuna zərbə vuracağını iddia edənlər də var.
 
Ancaq istənilən halda aydın olur ki, Türkiyə son aylarda yenidən Qərb bloku ilə sürətlə yaxınlaşır. İsraillə danışıqların və əlaqələrin yenidən bərpa olunması Türkiyənin 10 il əvvəl mövcud olan strateji cəbhəsinə yenidən geri dönməsidir. 
 

qafqarli-1.jpg

Siyasi şərhçi Orxan Qafarlı deyir ki, iki ölkə arasında münasibətlərin bərpa olunmasında ən çox maraqlı tərəf İsraildir. Ekspertə görə, Fələstin münaqişəsi ilə bağlı yaranmış vəziyyət İsraili buna vadar edir: 
 
“Türkiyə-İsrail münasibətlərinin yenidən bərpa olunmasında ən çox maraqlı tərəfin Təl-Əviv olduğunu söyləsək, yanılmarıq. Bunun bir necə səbəbi var. Birincisi, artıq bir necə aya yaxındır Amerika liderliyində Fələstin məsələsi ilə bağlı Oslo danışıqları başlayıb. Bu danışıqlar gizli aparılır. Türkiyə, Misir, İran və Səudiyyə Ərəbistanı diplomatlarının bu prosesdən xəbərləri var. Hətta diplomatik mənbələrdə bu danışıqlarla bağlı digər ölkələrin də məlumatlandırıldığı qeyd olunur. Bu danışıqlarda İsrail qarşısında qoyulan əsas tələb 1967-ci il savaşına qədər olan sərhədlərə çəkilməsidir. Xüsusilə, bu məsələdə Ağ Ev rəhbərliyi israrlıdır. İsrail ilə ABŞ rəhbərliyi arasında soyuqluq bu məsələdə Təl-Əvivin əlini zəiflədir. Bunun üçün İsrail diplomatik manevr imkanlarını genişləndirərək, tərəf olmayan, fəqət müsəlman dünyasının ictimai rəyində önəmli olan Türkiyə, Misir və Səudiyyə Ərəbistanı ilə diplomatik danışıqlar aparır”.
 
O.Qafarlı deyir ki, Türkiyə-İsrail münasibətlərinin yenidən düzəlməsi ilə bağlı Ankaranın Təl-Əviv qarşısına qoyduğu şərtlərdən biri də, Qəzza zolağı üzərindəki embarqonun qaldırılmasıdır. Eyni zamanda, prezident Ərdoğanın Qəzzaya səfər şərti də gündəmdə qalır: 
 
“Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Qəzzanı ziyarət etmək istəyir. Bunun üçün İsrail tərəfinin razılığa gəlməsi önəmlidir. İsrail, Türkiyənin regional maraqlarını bilir və eyni zamanda çox gözəl anlayır ki, daxili bazar üçün Ankara alternativ enerji ehtiyatları axtarışındadır. Bunun üçün həm Oslo danışıqlarında Ankaranın mövqeyi üzərində diplomatik manevr etmək və Türkiyənin enerji ehtiyaclarını təmin etmək, həm də gündəmdə olan Suriya məsələsində Səudiyyə Ərəbistanı və Türkiyə xəttinin dəstəklənməsi məsələsində manevr sahəsini genişləndirir”.
 
Ekspertə görə, Suriya mövzusunda da Ankaranın Təl-Əvivlə masaya oturmağa ehtiyacı var: 
 
“Amma Türkiyənin Səudiyyə Ərəbistanı ilə ittifaqı və ortaq hərəkət etməsi regionda Ankaranın əlini onsuz da gücləndirirdi. İsrail ilə münasibətlər isə ikinci dərəcəli bir məsələ olmaqdadır. Lakin Türkiyə-Rusiya münasibətlərinin pozulması, Moskva və Tehranın Yaxın Şərq regionunda əməkdaşlığı, Ankara ilə Vaşinqtonu yenidən yaxınlaşdırmaqla birlikdə, İsrail məsələsini də gündəmə gətirdi”. 
 
Orxan Qafarlı deyir ki, Ankara-Vaşinqton yaxınlaşması və Səudiyyə Ərəbistanı ilə Türkiyənin yaxınlaşmasının Qərbin regionda müttəfiqlərinin əməkdaşlığı olduğunu İsraildə də müşahidə edirlər:
 
"Bu mənada İsrail oyun xaricində qalmamaq, bu ölkələrlə Suriya, eləcə də enerji məsələlərində bazarlıq edərək, Fələstin münaqişəsində mövqelərinin yumşalmasına nail olmağa çalışır. İsrail üçün 1967-ci il sərhədlərinin anlamı çoxdan itib. Bu sərhədlərə geri dönmək İsraildə hər hansi hökumət üçün ölüm deməkdir. Hətta diqqət etsəniz, Türkiyə ilə gizli diplomatik danışıqları belə mətbuata sızdırmaqla, ictimai rəyi öyrənməyə çalışırlar. İsrailin vəziyyəti bu anlamda çıxılmazdır. Xüsusilə nəzər alsanız ki, bu il ABŞ-da prezident seçkilərində Hillari Klintonun qalib gəlmə şansı var. 2008-ci ildə Hillari Klinton Obama iqtidarı zamanı eynən indi yenidən dirçəltmək istədikləri Oslo prosesini birlikdə başlatdılar. Hillari Klinton Fələstin məsələsinin birbaşa incəliklərini bilən birisidir. Xüsusilə onu da diqqətə almaq lazımdır ki, Hillarini yəhudi diasporu da son zamanlar sevməməyə başlayıb. ABŞ-ın hətta bəzi media orqanlarında Hillari Klintona qarşı kampaniyanın arxasında yəhudi lobbisinin olduğu iddiaları ortalıqda uçuşur. Amma bunu da diqqətə almaq lazımdır ki, ABŞ-da yəhudi diasporu dediyimiz zaman tək İsrail hökumətini dəstəkləyən lobbi olduğunu düşünməməliyik. Demokratların yanında olan yəhudi qruplar Obamanın 1967-ci il sərhədlərinə dönməsi şərtində dəstəkləyirlər. Bu yəhudi qrup sol liberal olaraq tanınır. Bu qrupun ciddi maddi gücləri olmasa da, ictimai rəyə təsir göstərən intellektual yəhudi çevrələri əhatə edirlər”. 
 
O.Qafarlı deyir ki, İsraillə münasibətləri bərpa etməsi Ankaraya qarşı içəridən də təzyiqlərə səbəb olacağı mövzusu birmənalı deyil:
 
“İki ölkə münasibətlərini bərpa edərsə, bunun Türkiyənın daxili siyasətinə mənfi təsir göstərəcəyini demək çətindir. Çünki Türkiyə rəhbərliyi İsraildən üzrxahlıq və təzminat məsələsində istədiyinə nail oldu. Qalıb Qəzzanı iqtisadi blokadadan çıxarmaq. Buna da danışıqlarla nail olunarsa və Ərdoğan Qəzzanı ziyarət etmiş olsa bu,  AKP üçün böyük naliyyət olacaq. Doğrudur, bəzi islamçi qruplar yenə də bu barışığı qəbul etməyəcək, amma dövlət maraqları başqa bir məsələdir”.  
 
Kənan Rövşənoğlu, 
musavat.com