"Gürcüstan ikibaşlı oyun qaydalarını işə salıb, hətta gizli məsləhətləşmələr apararaq, enerji daşıyıcıların alışında yeni planlar cızır".
Bu barədə politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, qaz bazarında yerdəyişmələr, yeni konyukturanın formalaşması çoxdan təxmin edilirdi:
“Gürcüstanın son addımları rəsmi Tiflisin geosiyasi gedişləri ilə reqlamentləşdirilir. Hətta Tiflis Moskva ilə münasibətlərin tənzimlənməsi istiqamətində Rusiya qazının alıcısına çevrilə biləcəyini bəyan edib. Gürcüstan ikibaşlı oyun qaydalarını işə salıb və hətta gizli məsləhətləşmələr apararaq, enerji daşıyıcıların alışında yeni planlar cızır. Təəssüf ki, İsveçrədə aparılmış gizli danışıqlara qədər də Tiflis digər ölkələrin nümayəndələri ilə qapalı görüşlər keçirib”.
Politoloq bildirib ki, bu cür arzuolunmaz və təhlükəli gedişlər ikitərəfli münasibətlərin sağlam kontekstinə ziddir:
“Rusiya-Abxaziya-Ermənistan dəmir yolu xəttinin bərpası planı gündəmə gələndə rəsmi Bakı buna sərt reaksiya verməklə vəziyyəti tarazladı. Lakin görünür, qonşu ölkədə Azərbaycan maraqlarına zidd kurs yeridən qüvvələr məkrli planlarından vaz keçməyiblər. Bəzi gürcü siyasiləri isə Azərbaycanın xoş münasibətindən sui-istifadə etməyi özləri üçün münasib sayırlar. Əgər Gürcüstan Azərbaycan qazından qiymət bəhanəsi ilə imtina edərsə, onda bu münasibətlərdə müvafiq əksini tapacaq”.
Axar.az