XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 22:06

Azərbaycan XİN:"Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz"

Azərbaycan Xarici İşlər Nazirliyi “Ermənistan qondarma Qarabağda seçkiləri izləmək üçün ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırdı” qərarı ilə bağlı KİV-də yayılan məlumatlara şərh verib.

Strateq.az xəbər verir ki, bununla bağlı KİV-lərin sualını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib:

“Erməni mediasının yaydığı bu məlumatlarla bağlı öncə onu xatırlatmaq istərdim ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə “seçkilər” və ya “referendum” adlandırdığı müxtəlif “tamaşalar” keçirir. Beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünü yekdilliklə dəstəkləyir, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı “seçkini” tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir.

Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini bir daha etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.

Nəhayət, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli idarəetmə orqanlarına seçkiləri” demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz.

Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə “demokratiya ixracı”nın yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri barədə düşünməlidir. Bundan əlavə, bu ölkənin hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin irəliləməsi məntiqinə zidd olmamalı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı əsasında yaranmış status-kvo vəziyyətinin qorunub saxlanılmasına xidmət etməməlidir”.