Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyəti təşkilatın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 30-dək Strasburqda səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, nümayəndə heyətinə Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildir.
Sessiyanın birinci günü AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
Toplantıda “Dağlıq Qarabağ və Sərsəng su anbarı” və “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilmişdir” adlı iki məruzə ətrafında müzakirələr aparılacaq, qərar qəbul ediləcək.
Sessiya çərçivəsində Avropada miqrant böhranı, Suriya və İraqda xarici döyüşçülər, Kosovoda vəziyyət, Avropa standartlarını və dəyərlərini qorumaqla beynəlxalq terrorizmlə mübarizə, Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin qorunması və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.