“Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) görünməmiş saxtakarlıq baş verdi. Bu gün Volterin və Markoviçin məruzəsi müzakirəyə çıxarıldı. Volter Böyük Britaniya parlamentinə seçilmədiyinə görə, onun məruzəsini ermənilərin dəstəkçisi sayılan Yansen təqdim edirdi”.
Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib.
O bildirib ki, Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı olduğundan, Avropa Şurası rəhbərliyi ATƏT-in Minsk Qrupu ilə bu sənədin qəbulunu əngəlləmək üçün gizli şəkildə sövdələşməyə gedib:
“Avropa Şurası rəhbərliyi Minsk Qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəllədi. İclası AŞPA-nın yeni prezidenti Aqramunt aparırdı. Səsverməyə yaxınlaşanda qəfildən Pedro Aqramuntu çağırdılar və yerinə vitse-prezident keçdi. Səsvermənin gedişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nəfər iştirak etmədiyinə görə, səsverməni uzadırlar. Nəticədə Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə olmaqla rədd edildi.
İki faktı deyim: Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rafael Hüseynova söz verdilər. Aldığımız dəqiq məlumata görə, Polşa və başqa ölkələrdə, hətta din xadimləri deputatları çağırıb xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər.
Volterin məruzəsi siyasi xarakterli və işğalı birmənalı vurğuladığına görə, Avropa dövlətləri ciddi lobbiçilik göstərərək, qətnamənin qəbul olunmasının qarşısını aldılar.
Sərsəng su anbarı ilə bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alırdı. Ancaq mahiyyətcə ekoloji xarakterli sənəd idi. Ona görə də balans saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edildi. Hər halda ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması bu şərtlərdə müsbət addım sayıla bilər”.
F.Mustafa deyib ki, bütün təqdim olunan sənədlərdə risk faktoru həmişə var, ancaq bu qədər ciddi həmrəylik və səsvermə ilə saxtalaşdırma baş verəcəyini gözləmirmiş: “Xüsusulə burada AŞPA-nın baş katibi Savitskinin dəsti-xətti özünü göstərirdi”.