XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

25 Sentyabr 2019 - 12:16

PAŞİNYAN DA OLİQARXİYAYA HÜCUMA HAZIRLAŞIR:"Talançılar, xalqdan oğurlayanlar həbs olunacaqlar"

Sarqis Artsruni

“1in.am”, Ermənistan, 21 sentyabr 2019-cu il

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun müavini, polkovnik Eduard Martirosyan bu xidmətin direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Baş nazir eyni zamanda polis rəisinin I müavini, polkovnik Arman Sarkisyanın polis rəisi vəzifəsinin müvəqqti icraçısı təyin edildiyi barədə məlumat verib.

Baş nazir deyib: “Məlumat verirəm ki, Ermənistan qanunvericiliyilə müəyyən edilən bu status və bu statusda olan bizim həmkarlarımız iki sistemə də rəhbərlik etmək üçün tam səlahiyyətə malikdirlər. Mən həmkarlarımızı təbrik etmək və uğurlar arzulamaq istəyirəm. Biz formal olaraq prezidentin müvafiq fərmanı imzalamasını və dərc etdirməsini gözləyirik”.

Ehtimal edilir ki, parlament qanunvericiliyə əlavə və dəyişikliklər edənə, polis rəisi və MTX direktoru vəzifəsi siyasi post olanadək Baş nazir yanında olan bu xidmətlərə vəzifələri müvəqqəti icra edənlər rəhbərlik edəcəklər.

Sosial şəbəkələrdə son günlərin kadr dəyişiklikləri haqqında danışanların və böhranla, hətta hakimiyyətin ölümü ilə bağlı xəbərdarlıq edənlərin hamısı, aydındır ki, baş verənlərin mahiyyətini və siyasətin mənasını elə də yaxşı təsəvvür etmirlər.

Problem ondadır ki, Nikol Paşinyan, demək olar ki, inqilabın ən mühüm mərhələlərindən birinə start verib. Hətta demək olar ki, inqilabın “məxməriliyi”ndən imtina edir və əvvəlki rejimin qalıqlarına son zərbəni hazırlayır.

Artur Vanesyanın (MTX direktoru – tərc.) və Valeri Osipyanın (Polis rəisi – tərc.) istefaları ilə inqilab komandası arxayınlaşa və ya böhran keçirə bilməz. Çünki yenicə təyin olunmuş bu generallar birbaşa və ya dolayısilə əvvəlki sistemlə birgə assosiasiya olunurdular və bu mənada islahatları deyil, inqilabın prinsipsizliyini, konformizmini simvollaşdırırdılar. Paşinyan məhz MTX və polisdəki bu durumu ortadan qaldırır və bunu şəxslər səviyyəsində deyil, institusional səviyyədə edir.

Bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, MTX və polisdəki, demək olar ki, bütün yüksək rütbəli məmurlar öncəki sistemlə əlaqəlidirlər və təsəvvür etmək mümkün deyil ki, onlardan kimsə sistemə rəhbərlik etməklə islahat prosesini stimullaşdıra bilər. Müvafiq olaraq, o faktı inqilabın yeni mərhələsinin başlanğıcı hesab etmək olar ki, qanunverici-institusional qərarlarla hüquq-mühafizə orqanlarının köhnə oliqarxiya sisteminin məntiqindən çıxarılmasına cəhd edilir.

Baş nazir Nikol Paşinyan dünən feysbukda yazıb ki, yeni Ermənistanda MTX şəxsiyyəti təcəssüm etdirmir, bu, sistemdir və o, “bütün korrupsiyaçıları, casusları və bu qəbildən olan digər elementləri” təqib edəcəkdir.

Baş nazirin qeydində deyilir: “Bir sıra korrupsiyaçı düşünürdü ki, onlar MTX-nin yadına düşmürlər və bu müddətdə özlərinin kirli işlərini tənzimləyə bilərlər. Yeni Ermənistanda MTX şəxsiyyət deyil, sistemdir və o, bütün hazırkı və keçmiş korrupsiyaçıları, casusları və bu qəbildən olan digər elementləri təqib edəcəkdir. İstintaq Komitəsi, Xüsusi İstintaq Xidməti, prokurorluq, polis və Dövlət Gəlirləri Komitəsinin istintaq idarəsi də həmçinin”.

Paşinyan qeyd edib: “Korrupsiya və cinayətkarlığa qarşı yarımçıq mübarizə olmayacaq. Talançılar, xalqdan oğurlayanlar həbs olunacaqlar. Başa düşürəm ki, yaxşı səslənmir, ancaq başqa variant yoxdur”.

Paşinyan, mahiyyətcə, “yarımçıq mübarizə” mərhələsinin başa çatdığını elan edir, son kadr dəyişikliklərinin məntiqi də məhz bundadır. Buna müvafiq olaraq, hakimiyyət nəinki zəifləyib, siyasi fəaliyyətin effektivliyinin yüksəldilməsi baxımından, baş verən son hadisələrdən daha da güclənərək çıxacaq. Yeri gəlmişkən, Baş nazirin qeydində diqqətçəkici siqnal “casus” sözündən istifadə edilməsidir. Bu, öncəki sistemin cinayətkar mahiyyətinə verilən qiyməti ümumiləşdirir.

Öz xalqını istismar edən sistem öz xarakteri etibarilə yaddır və suverenliyə xidmət edə bilməz, təbiətcə işğalçıdır, casusdur. Paşinyanın bu dəqiq formullaşdırmasından sonra, şübhəsiz, yeni açılımlar, hadisələr gözlənilir. Payız, həqiqətən də, qaynar olacaq. İnqilabın “məxməri” qurtardı: Paşinyan qəti zərbə hazırlayır.

Tərcümə Strateq.az-ındır