XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 09:51

PAŞİNYAN BMT TRİBUNASINDAN BUNLARI DEYİB:"Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz"

Məlum olduğu kimi, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışçılardan biri də Ermənistanın baş naziri Nikol Paşinyan olub.

Strateq.az xəbər verir ki, Paşinyan çıxışında Ermənistandakı daxili siyasi vəziyyətdən tutmuş, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı rəsmi İrəvanın mövqeyinə qədər bir sıra məsələlərə toxunub. Həmçinin Ermənistanın hansı ölkələri özünə tərəfdaş və müttəfiq hesab etdiyini açıqlayıb.

Ermənistanın baş naziri kimi artıq ikinci dəfədir BMT Baş Assambleyasının tribunasından çıxış etdiyini deyən Paşinyan ötən sessiyadan bu yana ölkəsində böyük dəyişikliklərin baş verdiyini xatırladıb: “Cənab sədr, zati-aliləri, xanımlar və cənablar! Çıxışımın əvvəlində Ticani Məhəmməd-Bəndəni BMT Baş Assambleyası 74-cü sessiyasının sədri seçilməsi münasibətilə təbrik etmək istəyərdim. Cənab sədr, Baş Assambleyanın 74-cü sessiyasında sizə Ermənistanın hərtərəfli dəstəyini ifadə edirəm. Eyni zamanda 73-cü sessiyanın sədri Mariya Fernanda Espinosaya fəal sədrliyə və bizə qoyduğu dəyərli mirasa görə dərin minnətdarlığımı bildirirəm. Artıq ikinci dəfədir ki, ölkəmi bu cür ali orqanda Ermənistan Respublikasının baş naziri kimi təmsil etmək imkanım yaranır.

BMT Baş Assambleyasındakı son çıxışımdan sonra bizim ölkəmizdə böyük dəyişikliklər baş verdi. Ötən ilin dekabrında Ermənistanda növbədənkənar seçkilər keçirildi. Son 25 ildə ilk dəfə idi ki, seçkilər hər hansı siyasi partiya tərəfindən mübahisələndirilmədi. Və ona beynəlxalq müşahidəçilər tərəfindən ən yüksək qiymət verildi. Bu, 2018-ci ildəki qeyri-zorakı məxməri inqilabın ən vacib uğuru idi.

Ötənilki hadisələrin nəticəsi olaraq, beynəlxalq KİV-lər Ermənistanı dünya demokratiyasının ümidi adlandırdılar. Demokratik nailiyyətlərimizi nəzərə alan “The Economist” Ermənistanı ilin ölkəsi elan etdi. Ölkəmizdə demokratiya və islahatları inkişaf etdirmək üçün sarsılmaz bir qətiyyətə sahibik. Bu qətiyyətimiz islahatların aparılması, ədalətin təmin edilməsi, iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması və millətimizin inkişafı üçün məsul olduğumuz xalqımızın mötəbər mandatına əsaslanır.

Demokratik islahatlara qarşı ölkə daxilində korrupsiyalaşmış keçmiş elita tərəfindən müəyyən müqavimət var. Bu elita yeni iqtidarın korrupsiyaya qarşı “sıfır dözüm” nümayiş etdirən siyasətinə mane olmağa çalışır. Onlar öz maliyyə resurslarından istifadə etməklə bizim demokratik nailiyyətlərimizə və Ermənistanın demokratik yolla seçilmiş hökumətinə meydan oxuyur, bu yolla ədalətdən yayınmaq istəyirlər.

Bizim KİV-lər hökumətin nəzarəti və müdaxiləsindən tam azaddırlar. Bununla belə, onların bir qismi keçmiş hakimiyyətin təmsilçilərinə tabedir, yalanlar uydurur və cəmiyyətdə məxməri inqilabın hədəfləri və baş verənlərlə bağlı şübhə toxumu səpirlər. Buna baxmayaraq, mətbuat azadlığını təşviq etmək və qorumaq yönündəki qətiyyətimiz sarsılmazdır”.

Ermənistan baş naziri çıxışı zamanı Rusiyanı əsas strateji tərəfdaş və müttəfiq adlandırıb: “Rusiya bizim əsas strateji tərəfdaşımız və müttəfiqimizdir. Gürcüstan və İran bizim strateji qonşularımızdır. Bizim Birləşmiş Ştatlarla, Avropa İttifaqı və bu qurumun üzv dövlətləri ilə strateji gündəmimiz və tərəfdaş münasibətlərimiz var. Ermənistan üçün tərəfdaşları arasında qalmaq böyük bir problemdir. Belə ki, biz mütəmadi olaraq onların bir neçəsi, bəzənsə hamısı tərəfindən yanlış anlaşılmaq riski ilə üz-üzə qalırıq. Hamıyla etibarlı və yaxşı dost ola bilmək, heç kimlə münasibəti pozmamaq üçün hər şeyi edirik. Və biz regionun geosiyasi mühitinin təhlükəsizliyini artırmaq üçün səylərimizi davam etdirəcəyik”.

Qarabağ münaqişəsindən danışan Paşinyan bildirib ki, münaqişənin həlli regionun sabitliyi və təhlükəsizliyində əhəmiyyətli rol oynayır: “Səlahiyyətlərimi icra etməyə başladığım ilk gündən mən məhz bu kontekstdə addımlar atdım. Elə bu məqsədlə də bəyanat verdim ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır”.

Paşinyan bildirib ki, analoji bəyanatı Azərbaycandan da gözləyib. Lakin Azərbaycanın ali rəhbərliyi öz mövqeyində qalaraq yalnız Azərbaycan xalqı üçün məqbul hesab edilən həll yoluna səy göstərib. Paşinyanın fikrincə, bu da Azərbaycan hakimiyyətinin münaqişəni həll etmək niyyətində olmadığını göstərir: “Bunun əvəzinə, Dağlıq Qarabağ xalqına qalib gəlmək istəyirlər. Onlar hər hansı kompromisə getmək istəmirlər. Qarşı tərəf, faktiki olaraq, Dağlıq Qarabağı sovet dövründə olduğu statusa qaytarmaq istəyir. Lakin bu səylər əbəsdir. Çünki SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi müstəqilliyini elan edib və SSRİ-ni tərk edərək öz müqəddəratını təyinetmə hüququndan yararlanıb. Eyni şeyi Azərbaycan da edib. Azərbaycanın bu mövqeyi SSRİ-nin bərpası ideyası ilə eyni tutulmalıdır.

Azərbaycan hökuməti Qarabağ münaqişəsini Ermənistanla Azərbaycan arasındakı ərazi mübahisəsi kimi təqdim edir. Münaqişənin bu təfsiri ilə qətiyyən razı deyilik. Bu, Ermənistanla Azərbaycan arasındakı mübahisə deyil. Bu, ərazi iddiası mübahisəsi deyil. Söhbət insanlardan, kişilərdən, qadınlardan, onların öz vətənlərində yaşamaq – əsrlər boyu əcdadlarının yaşadığı kimi yaşamaq hüququndan gedir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu adamlarla danışmaq istəmir. Çünki onları ancaq ərazi maraqlandırır, insanlar yox”.

Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək onu təklif etdiyi düsturu qəbul etməyə – münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün şərtlər hazırlamağa çağırıb: “Münaqişənin istənilən həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Və bu düsturun işləməsi üçün bütün tərəflər birgə çalışmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Bu münaqişənin nizamlanması Ermənistanın xarici siyasətinin prioriteti olaraq qalır. Artsax Respublikasının (qondarma DQR-red.) statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq”.

Paşinyanın sözlərinə görə, münaqişəni hərbi yolla həll etməyə yönələn istənilən cəhd regionun təhlükəsizliyinə, demokratiya və insan haqlarına birbaşa təhdid yaradır: “Ermənistan münaqişənin nizamlanması ilə bağlı sülh prosesində ATƏT-in Minsk Qrupu formatı üzrə konstruktiv iştirakını davam etdirəcək. Azərbaycan danışıqlara olan sayğısız münasibətini dəyişməlidir. Problemin hərb yolu ilə həlli ideyasından tamamilə imtina etməli və bütün əvvəlki razılaşmaları yerinə yetirməlidir.

Bununla yanaşı, əgər Azərbaycan həqiqətən sülh prosesinə sadiqdirsə, münaqişənin əsas subyekti ilə – Dağlıq Qarabağla dialoq başlatmalıdır.

Azərbaycan bəyan edir ki, Qarabağ onun bir hissəsi olmalıdır. Eyni zamanda da bildirir ki, Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Problem ondadır ki, Azərbaycan Qarabağa onunla danışmadan necə iddia edə bilər?! Bu mümkündürmü? Bu yalnız o halda mümkündür ki, Azərbaycan hakimiyyətini xalq yox, istisnasız olaraq Qarabağın ərazisi maraqlandırır. Belə olan təqdirdə də aydın olur ki, Azərbaycan hakimiyyətinin niyyəti Qarabağın ermənilərdən “təmizlənməsidir”. Naxçıvanda olduğu kimi. Bu, Dağlıq Qarabağa onu deməyə haqq verir ki, Azərbaycanın tərkibinə daxil olmaq onun üçün bütünlüklə məhv deməkdir. Erməni xalqının yeni soyqırımının baş verməsini istəmirlərsə, o zaman Qarabağ Azərbaycanın tərkibində ola bilməz”.

Paşinyan BMT-dəki çıxışında Türkiyə ilə münasibətlərə də toxunub. Bildirib ki, Türkiyə Ermənistan və DQR-ə qarşı Azərbaycana dəstək verməklə Ermənistana təhdid yaratmağa davam edir.

Yeri gəlmişəkən, ABŞ-a səfəri çərçivəsində Paşinyan Nyu-Yorkdakı Kolumbiya Universitetində tələbələr qarşısında çıxışı zamanı da Türkiyənin əleyhinə danışıb. Paşinyan bildirib ki, Türkiyə erməni xalqının təhlükəsizliyinə ciddi təhdiddir: “Türkiyə bizim regionda qeyri-sabitliyin və gərginliyin mənbəyi olmaqda davam edir”.

Strateq.az