XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2016 - 18:46

“REAL” sədrinin həbsindən 3 il ötdü [color=red]- İlqar Məmmədovun həyat yoldaşından açıqlamalar

Bu gün “REAL” Hərəkatının sədri İlqar Məmmədovun həbsinin 3 ili tamam olub.

Həbsindən keçən bu müddət ərzində onun azadlığa buraxılması ilə bağlı Avropanın nüfuzlu hüquq müdafiə təşkilatlarının bəyanat vermələrinə baxmayaraq, o, hələ də həbsdədir. Hazırda Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

“REAL” sədrinin həyat yoldaşı Vəfa Məmmədova ilə keçən 3 ili dəyərləndirdik. O, İlqar Məmmədov üçün həbs müddətinin çətin keçdiyini söyləyib:

“İlqarın həbsindən artıq 3 il keçdi. Bizim üçün nə qədər çətin olsa da, bu illər onun üçün daha ağır keçib. Amma İlqar həbsdə ola-ola belə möhkəm dayanırsa, biz də dayanmalıyıq. Dostlarımızı sağ olsunlar, hər zaman yanımızda olublar. Bizi heç zaman yalnız buraxmadılar. Cəmiyyət arasında İlqar barəsində daim xoş sözlər eşidirəm. Bu, məni çox sevindirir. Onun həbsi məni nə qədər üzsə də, doğru bildiyi yolda mübarizə apardığı üçün çox qürurluyam”.

V.Məmmədova həyat yoldaşının ailədə hər zaman yerinin göründüyünü də deyib:

“Ailəmizdə daim onun yeri görünür. Xüsusilə, qızımız üçün… Qızım 3 ildir ki, atasından ayrı böyüyür. Bu illər ərzində atasından öyrənə biləcəyi çox şey ola bilərdi. Çünki İlqar hər gün çalışırdı ki, uşağa vaxt ayırsın. Bir şeylər oxuyar, bir şeylər öyrənərdilər. Hər zaman İlqarın fikirlərinə hörmətlə yanaşmışam. Hazırda siyasi məhbuslardan əfv yazanlar var. Amma heç vaxt İlqarın fikirlərinə qarşı çıxmaram”.

“REAL” sədrinin həyat yoldaşı onun son üç ildə daha çox tanındığını qeyd edib:

“Son üç ildə düşünmürəm ki, İlqar nədəsə geri qalıb. Əksinə daha çox tanınıb və bu davam edir. Əminəm ki, yaxın vaxtlarda İlqar azadlığa çıxacaq, işinə qaldığı yerdən davam edəcək. Sizlərə öz təşəkkürümü bildirirəm. Çünki daim İlqarı diqqətdə saxlamısınız, onunla bağlı xəbərlər vermisiniz”.

V.Məmmədova bu ayın 25-də Şəki Apellyasiya Məhkəməsində həyat yoldaşının məhkəməsinin olacağını bildirib:

“Şənbə günü İlqarla görüşə gedəcəm. Bu həftə telefonla danışa bilməmişik. Fevralın 25-də Şəki Apellyasiya Məhkəməsində proses təyin edilib. Bir neçə ay bundan öncə Ali Məhkəmə işi apellyasiyaya qaytarmışdı. Bu məhkəmənin necə sonluğunun olacağını gözləyirik. İlqarın özü hazırda bu prosesə hazırlaşır. Avropa Məhkəməsinin İlqarın azadlığa buraxılması ilə bağlı qətnamələri var. Amma hələ ki, bu qərarlara əməl edilmir”.

Xatırladaq ki, İ.Məmmədov və onunla bərabər Müsavat başqanının müavini Tofiq Yaqublu İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilsə də, qərar qüvvədə saxlanılıb. Yerli və beynəlxalq təşkilatlar hər ikisini də vicdan məhbusu kimi tanıyıblar.