XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

05 Noyabr 2019 - 14:34

RƏFSƏNCANİNİN XATİRƏLƏRİNDƏ AZƏRBAYCAN MƏQAMI:"İlham Əliyev də bizimlə şam yeməyinə qatılmışdı"

FOTODA: Prezident İlham Əliyev İranın keçmiş prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar İran səfirliyinə gedərək başsağlığı verib (10 yanvar 2017-ci il/ Foto: President.az)

 

İranın sabiq prezidenti mərhum Haşimi Rəfsəncaninin xatirələri maraqla oxunur. Bu memuarlar təkcə İran-Azərbaycan münasibətlərinə işıq salmır, həm də konkret zaman kəsimində – 1990-cı illərdə Azərbaycanın vəziyyətini əks etdirir.

Növbəti seçmələrdə yenə yaxın tariximizə yad gözlə baxacaq, eləcə də Arazın o biri üzündə Azərbaycanla bağlı nə düşünüldüyünü biləcəksiniz.

Xatırladım ki, bu xatirələr hicri-şəmsi 1371-ci ilin 3 aban (25 oktyabr 1992-ci il) və 1375-ci il (1996-97-ci illər) aralığını əhatə edir və mətndə müəyyən ixtisarlar edilib.

***

 

1371-ci il

…Saat 8-də ofisimə gəldim. Səyahət günlərində çoxlu iş yığılıb qalmışdı. Səhər saat 9-da səfərimlə əlaqədar televiziyaya müsahibə verdim. Müşavirim və Milli Kitabxananın müdiri [Seyyid Məhəmməd] Xatəmi gəldi. O, məni mövcud vəziyyət və gələcək planlar barədə məlumatlandırdı, kitabxana mərkəzinin inşasın sürətləndirilməsi, ictimai informasiya agentliyinin qurulması, daxili və xarici nəşrlərin hazırlanması və inzibati-təşkilatı işlərin tamamlamasından danışdı.

[Kooperasiya naziri] cənab [Qulamrza] Şafei rəsmi Bakının tələbi ilə təxirə salınan Azərbaycan Respublikasına səfər üçün məsləhətləşməyə gəlmişdi. Sovet İttifaqının Yeni Müstəqil Dövlətlərinin Şurası (MDBƏ.R.) toplanıb. Mədəni, iqtisadi, ticari, gömrük, yol və hava əlaqəsi, telekommunikasiya, pul, bank və xidmət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün görülən tədbirlər haqqında hesabat verdi. İrəliləyiş əldə etmişik, amma gözlənildiyi qədər yox, yavaşlamanı adlamağa nail olmaq lazımdır, hələ ki işlərin düzgün təşkili yoxdur.

Axşama qədər cari işlərlə məşğul oldum. Kabinənin iclasında iştirak etdim… Gecə Rəhbərin (Ayətullah XamnəiƏ.R.) qonağı idim. Səfərimin nəticələrini və cari məsələləri müzakirə etdik. O, Qum Elmiyyə hövzəsinin idarəçiliyi məsələsi və Ayətullah [Seyyid Məhəmməd Rza] Gülpayeqaninin, [təqlid mərcələrinin] ismarışı və bölgə idarəetmə şuralarının Rəhbərliyə və İmama etinasızlığı ilə əlaqəli mövzularda danışdı. Bosniya və Herseqovinadan narahat olduqlarını söylədi. Təsirli kömək üçün daha yaxşı düşünməyimizi istədi.

Tacikistan haqqında hesabatlar əhəmiyyətlidir. Dinçi və millətçilərin koalisiya hökuməti kommunist təzyiqi qarşısında tənəzzülə uğrayır…

 

1372-ci il

Dünən gecədən bəri Almatıya qar yağır, hava soyuqdur. Səhər mehmanxananın qarşısındakı xiyabanda gəzişdik və gündəlik qeydlərimi tamamladım. Saat 9-da İkinci Dünya müharibəsi şəhidlərinin uyuduğu məkana [Panfilov Meydanına] yollandıq və rəsmi mərasimlə gül çələngi qoyuldu. Dedilər ki, Moskvanın müdafiəsində yalnız 28 nəfərin sağ qaldığı bütöv qazax ordusu iştirak edib və bu abidə ölənlərin xatirəsinə ucaldılıb.

Günün ikinci yarısında 150 stendi satışdan məmnun olan İran mallarının sərgisini ziyarət etdik. Çox miqdarda mal satıblar. İndi onların problemi Qazaxıstanda qazandıqları pulu ölkədən çıxarmaqdır. Valyutanın çıxarılmasına icazə verilmir və sövdələr barter üsulu ilə həyata keçilir; bu, çıxış yolu deyil. Özləri üçün İranda daha bahalı olan mallar seçiblər, məsələn, ayaqqabı, dəri, soyuducu maşın və kimyəvi maddələr. Xahiş etdilər ki, nağd pul problemini həll edək.

Sonra prezident sarayına getdik. Əvvəlcə xarici işlər nazirləri ilə Əfqanıstan, Tacikistan, ikitərəfli münasibətlər, dini məsələlərlə bir-birinin daxili işlərinə qarışmamaq və ticarət imkanları mövzusunda danışıqlar apardıq. Sonra rəsmi danışıqlar çərçivəsində nümayəndə heyətinin digər üzvlərini də qəbul etdik və jurnalistlər fərdi şəkildə müzakirə olunan eyni məsələlərlə bağlı suallar yağdırdılar.

… Oradan Elmlər Akademiyasına getdik. Akademiyanın rəhbəri izah etdi ki, onun 10 min üzvü var, yarısı elmi işçidir və Akademiyanın kitabxanasında 6 milyon cild kitab saxlanılır. Müstəqillikdən sonra maddi vəziyyətlərinin pisləşdiyini və haqlarının azaldığını, müstəqillikdən əvvəl isə alimlərin haqlarının başqalarından daha böyük olduğunu və bu gün kəmliyini söylədilər.

Akt zalında mərasim keçirildi. Sədr və tədqiqatçılardan biri təqdirəlayiq bir çıxış etdi və hədiyyələr verdi. Mən də danışdım. Sonra kitabxananın saxlanclarını ziyarət etdik; fikrimcə, burada altı milyon cild kitab yoxdur.

Oradan Almatı məscidinə getdik. Qazaxıstan müftisi [cənab Ratbek Nısanbayev] və bir qrup tələbə. Bir az oturduq. Mən və o danışdıq. Dedi ki, içəridə və xaricində dörd məscid və yüzlərlə tələbə var. İqamətgaha qayıtdıq.

Cənab Nazarbayev iqamətgaha gecəyarısı gəldi. İki sənədi birlikdə imzaladıq və bəzi yoldaşlarımızla birgə şam yeməyi yedik. Yenidən əməkdaşlıq haqqında uzun və hərtərəfli danışıqlar apardıq. Qərara gəldik ki, Xəzər dənizinin [hüquqi rejimi] məsələsini – o və Əfqanıstan məsələsində – biz müşahidəçilik edək.

Qazaxıstanın şimalındakı erkən soyuq və güclü qara görə başqa şəhərlərə səfərlərimizi təxirə salmalı və Azərbaycana yollanmaq üçün Xəzər dənizinin şimalındakı Aktau limanına getməli olduq.

Öz toplantımızdan sonra Azərbaycanda görüşlərimiz oldu. [Heydər] Əliyevlə ermənilərlə münaqişə ilə bağlı çoxlu danışıqlarımız oldu. Sonra cənab Şəmsaiyə səyahət xəbərlərinə nəzarət etmək və xüsusi hesabat hazırlamaq barədə göstəriş verdim.

 

1372-ci il

Cənab [Nursultan] Nazarbayev gəldi. Birlikdə hava limanına getdik. Rubl problemi və rublun digər respublikalarda ləğvinin təsiri və ləğv edilmiş rublun rubl ölkələrinə təsiri barədə danışdıq. Narahat olsalar da, başqa seçimləri yoxdur.

Bəziləri Türkmənistan prezidentini tənqid etdilər ki, şəxsiyyətinə pərəstiş və diktatura yaradır. Özünə qırxa yaxın heykəl ucaldıb və öz adını əsas meydanlara verib, hər şeyi öz adı ilə bağlayır və rəqiblərini çıx-daş edir.

O (Nursultan Nazarbayev nəzərdə tutulur  – Ə.R.), Qırğızıstanın böyük problemlərindən danışdı və indiyədək Türkmənistan qazının Qazaxıstan vasitəsilə keçidi, habelə qatar, avtomobil və təyyarələrin keçidə görə haqq almadığını, amma gələn aydan alacağını dedi. Bütün bu ölkələrin kreditoru olduğunu iddia edir və qəribə bir şəkildə Türkmənistan Qazaxıstandan 100 milyard rubl tələb edir.

Günəşli havada və paradla sahilyanı Aktau şəhərinə getdik. Təxminən 3 saatlıq uçuş. Qubernator və neft naziri yanımızda idi. Hava limanında bizi şəhər sakinləri qarşıladılar, dərhal limana və şəhərə getdik.

Yolda qubernator izah etdi və sevinclə dedi ki, mərasim üçün ucuz rus avtomobillərinin əvəzinə, Amerikanın “Chevrolet” avtomobili verilib. O, vilayət haqqında geniş arayış təqdim etdi. Təxminən 180 min kvadrat kilometr sahəsi, 300 min əhalisi və 2 şəhəri olan vilayət tamamilə çöl və səhradan ibarətdir. Şəhərlər də duzsuzlaşdırma sistemi vasitəsilə içməli su ilə təmin olunur. Dənizkənarı şəhərin lazımi yaşıllıq sahə yoxdur. Limanı görməyə getdik; dedilər ki, hətta 7 min tonluq gəmilər qəbul edə bilər. Amma Xəzər dənizinin səviyyəsinin qalxması ciddi müşküldür.

Sonra atom stansiyasına getdik. AES müdiri izahat verdi. 700 meqavat elektrik enerjisi və 100 min kubmetr təmiz su və 8 illik qəzasız fəaliyyət. Stansiya binasına və idarəetmə otağına baş çəkdik. Vilayətdə nəhəng uran, kimya və PVC fabrikləri var. Sovet dövründə vilayət qapalı bölgə olub, amma indi giriş sərbəstdir.

Yol kənarında əsasən kiçik ailəvi məzarların yerləşdiyi müsəlman qəbiristanlığı vardı. Üstəlik, çox böyük bir göl. Çirkab sularının ətraf mühitə ziyan vurmaması, dənizə yönəlməməsi üçün uran mədənlərindən bura axıdıldığını və yavaş-yavaş radioaktivliyini itirdiyini söylədilər.

Hava limanında o qədər püskürtmə avadanlığı var idi ki, vilayətdə tarlalar olmadığından onların nə üçün istifadə edildiyini başa düşmədik.

Bakıya uçduq və saat 5-ə yaxın mənzil başına çatdıq. Hava limanında bizi səmimi qarşıladılar. Müsahibə verərkən, mikrofon başında Heydər Əliyevlə mən qısa açıqlama verdik. Azərbaycan Respublikası vətəndaşları və iranlılardan ibarət qələbəlik hava limanında şüarlar səsləndirdi. Aeroportdan kənarda plakatlar və fotoşəkillərlə toplaşan böyük izdiham içindən “Allahu Əkbər” nidası eşidilirdi. Cənab Heydər Əliyevlə piyada yol getdik və insanlarla təmasda suallarına cavab verdik. Hava limanından iqamətgaha qədər, əksər küçələrin hər iki tərəfi izdihamlı idi və kütlənin duyğularını ifadə edirdi. Böyük toplumun olduğu şəhər meydanlarından birində xalqın hisslərinə cavab vermək üçün yenidən piyada yürüdük.

İqamətgaha yollandıq. Cənab Əliyevlə bir az söhbət etdikdən sonra dəstəmaz alıb məscidə üz tutduq. Məsciddə kiçik bir izdiham vardı. Polis təhlükəsizlik bəhanəsi ilə insanların içəri girməsinə mane olurdu. Camaat namazı mənim imamətimlə qılındı. Sonra cənab [Allahşükur] Paşazadə və məscidin imam-cammatı ilə ünsiyyətimiz oldu, mən müstəqillik, azadlıq, islamlaşma və müharibə haqqında qısaca danışdım.

Qonaq evinə qayıtdıq. Doktor [Həsən] Həbibi Tehrandan zəng edib valyutanın kursu və dəyişiklik tədbirləri barədə danışdı. Doktor Adeli əvvəllər bunu izah etmişdi.

Qonaq evində cənab Heydər Əliyev xüsusi şam yeməyi təşkil etmişdi. Mehdi, Yasir (Rəfsəncaninin oğlanlarıƏ.R.), doktor Vilayəti və [Heydər Əliyevin] oğlu [cənab İlham Əliyev], [baş nazir] cənab Hüseynov (mətndə səhvən soyad “Həsənov” qeyd olunubƏ.R.) süfrə başında idi və səfirimiz [cənab Əli Əsğər Nəhavandian] tərcüməçilik edirdi. Rusiya, respublikalar və Azərbaycandakı vəziyyət haqqında daha çox danışdıq. Şam yeməyindən sonra o, Tehrandan təcili silah alınması, habelə müharibə fərarilərinin İrana gətirdiyi silahlar məsələsinə toxundu, onların dərhal Azərbaycana gətirilməsi göstərişi verəcəyimi dedim.

Tərcümə: Əziz Rzazadə

Strateq.az