Bu gün Müsavat Partiyasının qərargahında müxalifət partiyalarından bir qrupunun təmsilçisinin iştirakıyla Dəyirmi Masa keçirilib.
Strateq.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videokadrlardan toplantıda Müsavat başqanı Arif Hacılının, AXCP sədri Əli Kərimlinin, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin, sabiq səhiyyə naziri Əli İnsanovun, “Turan” Agentliyinin rəhbəri Mehman Əliyevin, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin və politoloq Hikmət Hacızadənin iştirak etdikləri görünür.
İlk çıxış edən Arif Hacılı Milli Şuranın sədri Cəmil Həsənlinin ABŞ-da səfərdə olduğunu xatırladaraq, bildirib ki, o, növbəti tədbirə qatılacaq.
Müsavat başqanı onu da deyib ki, toplantıda mıqsəd ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etməkdir: “Toplantıdan sonra mətbuata detallı açıqlama veriləcək”.
Daha sonra Əli İnsanov da çıxış edərək, müxaliflərin birliyinin böyüməsini arzuladığını bildirib.
Əli Kərimli də çıxış edərək, əməkdaşlığın dərinləşməsini məqsədəuyğun saydığını deyib.
İsa Qəmbər isə çıxşında xalqın narazı olduğu məqamlara diqqəti çəkib. Bildirib ki, toplantının qapalı hissəsindən sonra mətbuata geniş açıqlama veriləcək: “İndilikdə isə deməliyəm ki, bütün demokratik düşərgə toplanmalıdır”.
İsa Qəmbər onu da deyib ki, toplantının sonunda əməkdaşlıqla bağlı niyyət protokolu da imzalana bilər.
Hikmət Hacızadə isə müxalif liderlərinin tərəfdarlarının bir-birini təhqir etməsinin yolverilməz olduğunu deyib: “Bunun nəzarət mexanizmi yaradılmalıdır”.
O, jurnalistlərdən də dəstək istəyib və zarafatla deyib ki, “biz olmasaq, sizi işdən çıxaracaqlar”.
Daha sonra isə Pənah Hüseyn vəziyyətdən çıxış yolları barədə danışıb.
Strateq.az tədbirin media üçün açıq olan hissəsindən Musavat.com-un hazırladığı videonu oxucularına təqdim edir: