XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

06 Noyabr 2019 - 16:27

SABİQ İRAN PREZİDENTİNİN XATİRƏLƏRİNDƏN:"Niyazov dedi ki, ruslar Əliyevin prezidentliyinə qarşıdırlar, onu devirəcəklər"

Strateq.az İranın sabiq prezidenti mərhum Əli Əkbər Haşimi Rəfsəncaninin xatirələrindən daha bir parçanı oxucuların ixtiyarına verir:

***

1373-cü il (1994)

…ABŞ prezidentinin Yaxın Şərqə, xüsusən də Suriya və İordaniyaya səfəri, habelə İsrail-İordaniya sülh müqaviləsinin imzalanması xəbəri ən çox diqqətçəkəndir. Türkmənistana səfərə hazırlaşmaq üçün bir neçə vacib görüşüm var.

Ölkədəki valilər, şəhər başçıları və prokurorluq rəhbərləri bahaçılıqla mübarizə siyasətini əsaslandırmaq üçün yanıma gəldilər. Mən siyasətimizi onlara başa saldım. [Ticarət naziri] cənab Ali-İshaq və [ədliyyə naziri] İsmayıl Şuştəri də öz mübarizə üsullarını təqdim etdilər. Günorta işləri bitirdim.

Ali Milli Təhlükəsizlik Şurasının Katibliyində doktor [Həsən] Ruhaniyə tələbələrin təhsildən yayınması ilə əlaqədar gətirdikləri bəhanələri araşdırmasını tapşırdım.

Günortadan sonra – ikindi çağı, saat 3-ün yarısında artıq hava limanında idik, qısa müsahibə və rəsmi yolasalmadan sonra uçduq. Saat 4-də Aşqabada yetişdik. Bir saat vaxt fərqi var. Doktor Vilayəti, Ağazadə, habelə Türkan, Mehdi, Yasir və Hüseyn də məni müşayiət edirdi. Rəsmi salamlama, uşaqların rəqsi və mahnıları, habelə rəsmilər, səfirlər və nazirlərin iştirakı ilə hərarətlə qarşılandıq. Türkiyə və Azərbaycan prezidentlərindən, Pakistanın baş nazirindən əvvəl gəlmişdik.

Cənab Niyazovla birlikdə asta-asta kabinetinə doğru getdik və dərhal tərcüməçi ilə iki nəfərlik fərdi söhbətə başladıq. Həmişə olduğu kimi, xüsusi və vacib xəbərləri açıq şəkildə çatdırmağa başladı:

1. Azərbaycan haqqında dedi ki, ruslar [Heydər] Əliyevin prezidentliyinə qarşıdırlar, onu devirəcək və ola bilsin ki, Mütəllibovu hakimiyyətə gətirəcəklər. Bir qədər Əliyevin qeybətini qırdı, dedi ki, konsorsiumun Rusiya tərəfindən imzalanması Yeltsinin məlumatı olmadan baş verib, baş nazir Çernomırdin imzaladıb və indi də müxaliflik edir. Xəzər dənizində neft mənbələrinə dair Rusiyanın mövqeyinə baxmayaraq, Türkmənistanın özünün İran və Hollandiya ilə tərəfdaşlıq sazişini necə bağladığına aid suala cavab verərkən, dedi ki, hövzədəki yeni yatağı istismarı hələ işlənmə mərhələsindədir.

2. Ukraynadan 100 milyon dollarlıq qaz borcu tələblərinə görə bir neçə Qərb hökuməti 10 illik müddət üçün əvvəlcədən 400 milyon dollar verib. Bu barədə [prezident Bill] Klintona məktub göndərib. Bununla bağlı mənimlə məsləhətləşdi. Dedim ki, daha yaxşı.

3. Rusiyaya gəlincə, Yeltsin və Çernomırdinin hakimiyyətdə qalacaqlarını söylədi. Sabah parlamentdə etimad səsverməsi keçiriləcək, – dediyi kimi də oldu, – odur ki, Yeltsin və Rusiya nümayəndə heyəti mərasimdə iştirak edə bilməyəcək, başları parlamentə qarışıb, amma heç yaxşı olmadı.

4. Cənab Nazarbayev və Kərimov da tədbirə gəlməyiblər. Həmişə olduğu kimi, onlardan qeybət etdi və İslam Kərimovla əsas fikir ayrılığının Türkmənistanın İranla münasibətlərinin normallığı ilə əlaqəli olduğunu bildirdi. 200 minibusun İrandan alınması və nəqliyyat probleminin həllini misal çəkdi, dedi ki, bu avtobuslar həm ucuz, həm də daha yaxşı keyfiyyətə sahibdir, niyə almayım, çox sağ olun. İki-üç gün əvvəl maşınlara görə təşəkkür məktubu yazmışdı.

5. Xəzər dənizinin idarəolunmasına (hüquqi rejiminəƏ.R.) gəlincə, o, siyasətinin biz və Rusiyaya yaxın, Azərbaycanla Qazaxıstanın isə fərqli rəydə olduğunu söylədi.

6. Qaz kəməri məsələsində ABŞ, Rusiya və Qazaxıstanın xəttin İrandan keçməsinə razı olduğunu və general [Aleksander] Heyqlə (sabiq hərbçi, Reyqan administrasiyasının dövlət katibi, lobbiçiƏ.R.) sabah layihənin maddi təminatı ilə əlaqədar ünsiyyət quracağını bildirdi.

7. Heyqin adından dedi ki, ABŞ Konqresindəki dostlarının köməyi ilə [dövlət katibi Uorren] Kristoferin İrana təzyiq siyasətinə qarşı çıxan bir qrup yaradıb. Heyqi İranın dostu etməyə çalışır.

8. Keçmiş Sovet İttifaqının digər yeni respublikalarının siyasətini tənqid edərkən, öz xalqının milli tərəqqisi və şəxsi populyarlığını təriflədi.

9. Qarabağ müharibəsi ilə əlaqədar olaraq bildirdi ki, ta hökumət Rusiya və Azərbaycana təslim olmayınca, ruslar müharibənin başa çatmasına imkan verməzlər (mətndəki bu cümlə, ehtimal ki, redaktə yanlışlığından anlaşılmır. Məntiqlə “ta Azərbaycan hökuməti Rusiyaya təslim olmayınca” olmalıdırƏ.R.). Əfqanıstandakı [Əbdülrəşid] Dostum və İsmayıl Xandan bəhs edib, onları prezidentliyə layiq bilmədiyini söylədi. Mən də bu fikri təsdiqlədim.

İqamətgaha getdim, yeni tikilən 12 oteldən biridir. Otellər kiçikdir. [Pakistanın baş naziri] xanım [Bənəzir] Bhutto və yol yoldaşları gəldi. Hindistana səfərimi ləğv etməkdən məmnun idilər və vəba sonrası Hindistanda malyariya xəstəliyinin yayıldığını söylədi, lakin növbəti səfərimdə mənə Hindistan-Pakistan mübahisəsini həll etməyə çalışmağı təklif etdi. BMT-də Kəşmir məsələsinin gündəmə gətirilməsini müzakirə etdik. Dedim ki, əvvəlki kimi az sayda səs toplayacaqlarsa, bu işi təxirə salsınlar. Özü də bu fikirdədir. Amma müxalifətə görə narahatdır. İki xarici işlər nazirinin məsləhətləşmə üçün görüşməsi planlaşdırıldı.

Qadın idmanı ilə əlaqədar Faizənin (Rəfsəncaninin qızı Ə.R.) Pakistana səyahətinə icazə verilməsini istədi. Qaz kəməri barədə söhbətimiz oldu. İşi sürətləndirmək lazım idi. Çox razılıq etdi. EKO və İslam dövlətləri başçılarının Mərakeşdə Zirvə toplantısı ilə bağlı danışdıq. Heyətlə əlaqədar hələ qərar vermədiklərini söylədi.

Otağımda tək nahar yedim. Televiziya proqramını izlədim, demək olar ki, hər şey qonaqların ölkəyə gəlişi barədə idi. Türkiyə, İran, Pakistan və Azərbaycan… Azərbaycandan başqa hamısı hadisəni tamam-kamal yayımlayır, bu, saymamazlıq əlamətidir…

Tərcümə: Əziz Rzazadə




Yuxarı Əvvələ Ana Səhifə