Strateq.az İranın sabiq prezidenti mərhum Əli Əkbər Haşimi Rəfsəncaninin xatirələrindən daha bir parçanı oxucuların ixtiyarına verir:
***
1372 (1993)
…Cənab Əliyevlə birlikdə soyuducu zavoduna getdik. Çox böyükdür. İldə 400.000 ədəd istehsal edir. 20 ildir ki, işləyir və materialının 90%-nin xaricdən gəldiyi deyilir. Soyuducuları İranda da satırlar, amma təxminən 75 faizi keçmiş sovet respublikalarında istehlak olunur. Zavod həmçinin, cənab Əliyev tərəfindən Brejnevin dəstəyi ilə inşa edilib.
Oradan Azərbaycan Elmlər Akademiyasına getdik. Sədr, müdirlər bizi salamladı və məlumat verdilər. Akt zalında Akademiyaya fəxri üzv seçilməyim və elmi, siyasi və humanitar xidmətlərimə görə Azərbaycanda ən yüksək elmi dərəcənin təqdim edilməsi ilə bağlı mərasim keçirdilər.
Akademiyanın rəhbəri, cənab Əliyev, şairlər və musiqişünaslar çıxış edərək mənə və İrana yerdən-göyə qədər təşəkkür yağdırdılar, İslam İnqilabı və iki ölkənin əməkdaşlığı haqqında maraqlı sözlər dedilər. Mən də ətraflı danışdım. Xoş hisslər və xoş münasibət vardı. Akademiyanın vitse-prezidenti tibb və fəlsəfə üzrə ali dərəcələrə sahib olduğunu söyləyən kök bir xanım idi.
İqamətgaha qayıtdıq, yol yoldaşlarım və jurnalistlərlə görüşdə iştirak etdik. 14 əməkdaşlıq sənədi imzalandı. Daha sonra ortaq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdıq. Sonra birlikdə nahar etməyə getdik. Günorta yeməyindən sonra dincəlməyə və namaz qılmağa getdim.
Vaxt azlığı və yağışa görə getmək həvəsindən düşdüyüm Xəzər dənizindəki neft platforması zavoduna (hazırda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu – Ə.R.) Mehdi və cənab Ağazadə getdi, sonra mənə onun böyüklüyü haqqında danışdılar. Dərinliyi 300 metrə qədər olan qazma qurğuları qura bilərlər, bu çox vacibdir.
Əliyev neft platforması zavodunun Brejnevin dəstəyi ilə keçmişdə ABŞ-dan 400 milyon dollara alındığını söylədi. Biz onu birtəhər ortaqlıqla və ya müqavilə, yaxud icarə əsasında istifadə etməyi təklif etdik. Həmçinin, şam yeməyi zamanı, süfrə arxasında Həştərxan dəmir yolunu İran Astarasına qədər uzatmaq barədə razılığa gəldik.
Cənab baş nazir Surət Hüseynov da gəlib çıxdı. Hal-əhval tutduq. Cənab Əliyevlə fikir ayrılıqları var. Vəzifəsindən kənarlaşdırılacağından ehtiyatlanır. Hakimiyyətə onun köməyi ilə gəlsə də, əsla güvənmir…
Elə həmin anlarda Zəngilanda atışmanın başladığını elan etdilər. Qərara gəldilər ki, müşahidəçilik edək. Əməlli-başlı ürküblər və israrla müharibəni nəyin bahasına olursa-olsun dayandırılmasını tələb etdilər.
Demək olar ki, hər yerdə hərəkətdə olarkən və görüşlərdə Prezident mənim yanımda idi və yolda, avtomobildə çox yaxşı söhbət etdik və səfirimiz yaxşı, etibarlı tərcüməçi kimi daim yanımızda, bizimlə idi.
…O, cənab Niyazovu da tənqid etdi. Dedi ki, asta-asta özünü şah dərəcəsinə çatdırır, heykəllərini ucaldır, şəxsiyyətinə pərəstiş yaradır, müxalifləri sıxışdırır. Əlbəttə, söylədikləri cənab Nazarbayevin açıqlamalarından çox da fərqlənmirdi. Əmin idi ki, Rusiyadakı hadisələrin arxasında sionist yəhudilər dayanır.
FOTODA: İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ilə görüş, 28.09.1993 (Mənbə: lalashevket.az)
…Rəsmi yolasalma mərasimi ilə Tehrana uçduq. Gün batanda gəlib çatdıq. Rəsmi qarşılanma və geniş müsahibə elə hava limanında baş tutdu. Evə yola düşdük. Yağış da yağırdı. Günortadan. Dünən gecə isə Azərbaycanda başlamışdı…
***
1374
[Əməkdaşlıq naziri Qulamrza] Şafei gəldi. Azərbaycan Respublikasına səfəri və [Heydər] Əliyevlə danışıqları barədə məlumat verdi. O, Ermənistanla münasibətlərin inkişafından şikayətləndiklərini, yalnız yanacaq satışına görə şərtləri pozmağa heç bir əsasları olmadıqlarını söylədi. Dedim ki, münasibətləri yaxşılaşdırmanı davam etdirin.
Axşamın sonunda Ali Milli Təhlükəsizlik Şurası toplandı. Xəzər dənizi siyasəti, Rusiya ilə danışıqlar, Azərbaycan və Türkmənistanla əməkdaşlıq yolları… müzakirə edildi.
1374
Cənab Yeltsinin xəstəliyi və Azərbaycanda, Bakı metrosunda baş verən böyük yanğın maraq doğurur. Kəşfiyyat Nazirliyinin rəhbəri və müavinləri gəldi… Təhlükəsizlik məsələlərinə dair hərtərəfli kompüter planını təqdim etdilər.
1374
…Mediada vacib xəbər budur ki, [Rusiya prezidenti Boris] Yeltsin ABŞ-dan qayıtdıqdan sonra yenidən xəstələnib və onun xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsi məlum deyil.
Tərcümə: Əziz Rzazadə