XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

14 Noyabr 2019 - 14:20

GEOSİYASİ İFLAS:təzyiqlər altında çabalayan Ermənistan

Müstəqil dövlət olmaq asan məsələ deyil. Ermənistan iqtidarları bunu bacarmırlar. İndiki mərhələdə də ölkə ciddi surətdə təzyiq altındadır və kənardan olan tələbləri yerinə yetirməyin əzabını çəkir. Rusiya “Amulsar” qızıl mədəninin anqlosaksların əlindən alınmasını tələb edir, NATO-nun yaratdığı biolaboratoriyaya giriş hüququ istəyir.

Görünür, Moskva bu laboratoriyalarda təhlükəli layihələrin həyata keçirildiyindən şübhələnir. Rusiya istəməz ki, forpostunda onun xəbəri olmadan hansısa kütləvi qırğın silahı hazırlansın. Başqa sözlə, “şeytanın vəkili”nin zühuru yolverilməzdir. Bunlar Ermənistanın Amerika və Rusiyanın timsalında iki böyük dövlət tərəfindən yeni səviyyədə küncə sıxışdırıldığını göstərir. Bəs hadisələr hansı istiqamətdə inkişaf edə bilər və bunun regional proseslərə təsiri nədən ibarət olacaq?

“Köhnə dost”un xatırlanması səbəbi: ABŞ səfiri və Serj Sarkisyan

Heç kimə sirr deyil ki, marginallaşmış, öz əhəmiyyətini büsbütün itirmiş, resurs bazası məhdud olan və iflas təhlükəsi ilə üzbəüz qalan Ermənistan müstəqilliyini itirərək, supergüclər tərəfindən siyasi prosesin bir küncünə sıxışdırılıb, ümumən, milli dövlət statusundan məhrum olub. 2018-ci ilin mayından sonra yaranmış vəziyyət bütün bu meyilləri əyani şəkildə təsdiq edir. Hazırda bu proses nəinki səngiyir, hətta getdikcə daha kəskin xarakter alır. Bugünlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamə vəziyyəti nəinki sadələşdirmədi, hətta daha da mürəkkəbləşdirdi. Bu tezisi sübut edən faktlar kifayət qədərdir.

Ermənistan mətbuatı Amerikanın bu ölkədəki səfiri Linn Treysinin “məxməri inqilab”ın qurbanı olmuş məğlub Serj Sarkisyanla görüşünə xüsusi diqqət yetirməkdədir. Erməni ekspertlər həm də Serj Azatoviçin görüşdə dediyi bir fikrin üzərində ayrıca dayanırlar. Onun sözlərindən belə məlum olur ki, Ermənistanda demokratiya yaratmaq istiqamətində uzun illər çalışıblar, lakin sonu populizm olub. Buna baxmayaraq, sən demə, Ermənistanda real demokratiyanın alternativi yox imiş. Real demokratiya populizmə cavab olardı. Ancaq S.Sarkisyanın partiyası üçün prioritet məsələ Ermənistan və Arsaxın (Dağlıq Qarabağ nəzərdə tutulur – red.) təhlükəsizliyi və regional sabitlik və sülh məsələləridir.

Bir-biri ilə əlaqəli formada deyilmiş bu fikirlərin daxili ziddiyyəti göz qabağındadır. Bu şəxs öncə deyir ki, Ermənistana real demokratiya lazımdır və bu istiqamətdə uzun illər çalışılıb. Sonda isə başqa tezis deyir: Respublikaçılar partiyası üçün prioritet Ermənistan və onun işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu qanunsuz rejimin təhlükəsizliyidir. Bu kontekstdə də guya regionun sabitliyi və sülh üçün Serj Azatoviçin partiyası yorulmadan çalışıbmış.

Bu söz yığını, əlbəttə, Ermənistana bir vaxtlar rəhbərlik etmiş adama aid ola bilər. Çünki normal məntiqli insanı orada qiymətləndirmirlər. Gərək sərsəm, yalançı, savadsız, məntiqsiz və riyakar olasan ki, vassal bir ölkəyə rəhbər təyin edələr (çünki seçki orada bir oyundur, hələlik rəhbərləri kənardan təyin edirlər). Bununla yanaşı, Ermənistanda siyasi oyunların bir sıra maraqlı cəhəti bu məntiqsiz və qısa mətndə əks olunub.

Ekspertlər daha çox ABŞ-ın yeni səfirinin S.Sarkisyanla görüşməsinin səbəbinə diqqət yetirirlər. Ermənilərin cavablarında bir faktor var: bu, Nikol Paşinyanın əleyhinə yönəlmiş addımıdır. Amerika nədənsə narazıdır və buna görə “məxməri inqilab”ın liderinə alternativ axtarır. Bizcə, demokratik ölkədə ekspert dairələri başqa nəticə çıxarardılar. Məsələn, yazardılar ki, Amerikanın səfiri filan siyasətçi ilə demokratiyanın inkişaf yollarını müzakirə edib, bunun üçün iqtidarla müxalifətin gücü bir yerə qoyması zərurətini vurğulayıblar.

Bəs niyə ermənilər dərhal məhz N.Paşinyan rejiminin əleyhinə olan hərəkətdən və əvəzləmədən danışırlar? Çünki bilirlər ki, Ermənistana başçıları kənardan təyin edirlər. Və Vaşinqton iki məsələyə görə N.Paşinyandan inciyib. Birincisi – “Amulsar” layihəsi ətrafında yaranmış vəziyyət və isterik durum. İkincisi – NATO-nun maliyyələşdirdiyi biolaboratoriya ilə bağlı Ermənistan hökumətinin tutduğu qeyri-konstruktiv mövqe. Hər iki məsələdə Rusiya rəsmi İrəvana təzyiq edərək, orada Qərbin iştirakını məhdudlaşdırmaq və ya ona son qoymağı tələb edir.

Bunun fonunda Sergey Şoyqunun Ermənistana gedişi və Sergey Lavrovun səfəri maraq doğurur. Yenə də erməni ekspertlər hesab edirlər ki, bu səfər növbəti təzyiqdir. İrəvandan biolaboratoriyalara Rusiya mütəxəssislərinin buraxılması tələbi təkrar qoyulacaq və hətta artıq Ermənistan rəhbərliyinin geri çəkildiyi yazılır. Doğrudur, xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə deyib ki, hələlik bu məsələ açıqdır və müxtəlif mənbələrdən yayılan informasiyalar maneələr yaradır.

Müstəqil olmayanda: İrəvan üçün geosiyasi dalan

Bütövlükdə vəziyyət iki diplomatik həmlə kontekstində maraq doğurur: Vaşinqton və Moskvanın İrəvana çətin sualları vardır. Bu iki böyük güc üçün ortaq olan məqsəd Ermənistanda özünə uyğun siyasi hakimiyyətə nail olmaqdır. Çünki ancaq bu halda ondan oyuncaq kimi istifadə edə bilərlər. Yəni hər iki variantda söhbət müstəqil Ermənistan iqtidarından getmir – Vaşinqton və Moskva öz oyuncaqları uğrunda savaşırlar.

Bəs amerikalılar üçün S.Sarkisyan niyə bu qədər marağa səbəb olub? Çünki S.Sarkisyanı məhz Amerikanın yaratdığı sosial texnologiyalar vasitəsilə taxtdan saldılar. Görünür, amerikalılar indiki Ermənistan rəhbərliyindən razı deyillər. Və yaxud N.Paşinyana dəstək axtarırlar. S.Sarkisyanın onlar üçün prioritetin təhlükəsizlik məsələsi olduğunu deməsi, “Paşinyan populist siyasətçi olsa da, Ermənistanın təhlükəsizliyi naminə susacağıq” mesajını vermək anlamına gəlir. Ancaq burada bir problem də meydana çıxıb.

Məsələ ondan ibarətdir ki, Ermənistana rəhbərlik etmiş üç nəfərdən biri həbsdədir, digəri isə azadlıqdadır. Keçmiş müdafiə naziri Seyran Ohanyan isə Robert Koçaryanın dili ilə məhkəmədə bəyan edib ki, bu, ədalətsizlikdir. Çünki mübarizə aparan üç nəfərdən ikisi o biri üzərində ideoloji, siyasi və manevr üstünlüyünə malik olurlar. Bu ədalətsizliyi aradan qaldırmaq lazımdır.

Bu fikirlərdə Ermənistanda gərgin siyasi-ideoloji mübarizənin getdiyi ifadə edilib. Vəziyyət doğrudan da populist demokratiyanın diqtəsi altındadır. Görünür, Vaşinqton Paşinyan-Sarkisyan-Koçaryan “üçbucağı”nda özünə uyğun olan ortaq məqamlar axtarmağa çalışır. Yalnız bu üsulla Rusiyanın təzyiqlərinə tab gətirə biləcəyini düşünür. Belə çıxır ki, ABŞ Suriya və İraq hadisələrindən yeni nəticələr çıxarır. Onun Suriyada Rusiyaya məğlubiyyəti oradakı hakimiyyətlə işləyə bilməməsi ilə bağlıdır. Vaşinqton Bəşər Əsədi düşmən elan etdi və onun üzərinə yeridi. Rusiya isə beynəlxalq hüquqda qəbul edilmiş və legitimliyi şərtləndirən faktorlar çərçivəsində Suriyaya daxil oldu. Onu Dəməşq dəvət edib və bu səbəbdən kimsə qanunsuz saya bilməz.

Ermənistanda Rusiyanın imkanları Suriyadan qat-qat çoxdur. Bu, o qədər aydındır ki, səbəbləri sadalamağa ehtiyac yoxdur. Deməli, Rusiya Ermənistana dəvət olmadan da daxil ola bilər. Əslində, Moskva orada hərbi, iqtisadi, mədəni, ideoloji olaraq çoxdan vardır. Bu baxımdan S.Şoyqunun Ermənistana səfəri və oradakı Rusiya hərbi kontingentinin daha da gücləndirilməsi barədə açıq bəyanatların verilməsi təsadüfidirmi? Hesab etmirik. Bizcə, Rusiya aydın olaraq mesaj verir ki, Ermənistana onun icazəsi olmadan kimsə müdaxilə edə bilməz.

ABŞ bunu anlayır və Cənubi Qafqazda hərbi aspektdə Rusiyanın qarşısına çıxmaz. Əvəzində, özünə siyasi dəstək axtara bilər. Əgər Vaşinqton Sarkisyan-Koçaryan-Paşinyan “üçlüyü”nü özünə işlədə bilsə, Moskvanın işi çətinləşər. Bu cür siyasi konfiqurasiya mümkündürmü?

İlk baxışdan absurd görünür. Ancaq dünyada hər şey olur. İndi məlum olanı odur ki, S.Sarkisyan amerikalılara yumşaq formada çatdırıb ki, “Paşinyan sizin proyektdir, onu sizlər gətirmisiniz və buna görə də respublikaçılar məsuliyyət daşımırlar. N.Paşinyanı gətirməklə həm respublikaçıların real demokratiya quruculuğunu yarımçıq saxladınız, həm də populizmə təkan verdiniz. Bu səbəblərdən əməkdaşlıq çətin ki, baş tutsun”.

Ancaq S.Sarkisyan əlyeri də qoymağa çalışır. O deyir ki, bütün hallarda respublikaçılar üçün ölkənin və işğal etdikləri Azərbaycan torpaqlarında havadarların bilavasitə dəstəyi ilə qondardıqları cinayətkar-terrorçu rejimin təhlükəsizliyi əhəmiyyətlidir. Əgər bunun təminatı verilsə, onda ABŞ-la əməkdaşlıq mümkün ola bilər. Bununla “real demokrat” 180 dərəcə dönərək, öz mənfur şovinist, irqçi, vəhşi siyasi-ideoloji ambisiyalarını ortaya qoyub. Bu isə erməni “demokratikliyi”nin başqa bir üzüdür.

Ancaq məsələ bununla bitmir və əslində, S.Sarkisyanın sözlərinin real olaraq bir qara qəpiklik də qiyməti yoxdur. Çünki rəsmi İrəvanın qənimi gəlir. Rusiya nələr baş verdiyini çox gözəl bilir və amerikalılara siyasi üstünlüyü ələ keçirməyə imkan verməz. Bu səbəbdən S.Sarkisyanın siyasi baxışlarına düzəliş edilməsi lazım gələ bilər. Lakin istənilən halda hər şeyi zaman göstərəcək.

Newtimes.az