XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

14 Noyabr 2019 - 21:06

“Mühacir alveri” ilə bağlı gərginlik böyüyür:"Nə qədər adamın mal-mülkü əlindən gedib..."

Almaniyada həbs olunan azərbaycanlılarla bağlı xəbərlər gündəmi zəbt edib.

Strateq.az xəbər verir ki, AYNA əməkdaşı baş verənlərlə bağlı Almaniyada 20 ildən çoxdur yaşayan həmyerlimiz, diaspor fəali, siyasi elmlər namizədi Qurban Ələkbərovla həmsöhbət olub.

Onun sözlərinə görə, bu hadisələr gözlənilən idi: “Fikrimcə, baş verənlər təbiidir, gözlənilən idi. Almaniya höküməti bunu çoxdan etməli idi. Hətta deyərdim ki, alman höküməti çox gec davrandı. Nə qədər adamın malı-mülkü əlindən getdi, həm maddi, həm də mənəvi zərər aldılar. İllərdir, Almaniyada yaşayan azərbaycanlılar olaraq, baş verənləri izləmək təəssüf doğurur”.

Həbs məsələsindən danışan Q.Ələkbərov əlavə edib ki, hazırda 2 nəfər – “Leqat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev və siyasi mühacir Mehdi Xəlilbəyli həbs olunub: “Polis vəziyyətə nəzarət edir. Siyahıda 60 nəfərə yaxın insan var, onlara qarşı istintaq prosesi davam edir. Həmin insanların dindirilməsi prosesi gedir. Saxlanılanların həbsdə qalma məsələsi istintaqın gedişatından asılıdır. Üç aydan başlayaraq, uzana da bilər. Onların taleyi məhkəmədəki hakimin qərarından asılıdır, məhkəmədən yayınma, yaxud qaçma təhlükəsi olduqda, vaxtın uzanması mümkündür”.

O, Mehdi Xəlilbəyli və Əlövsət Əliyevə qarşı ittiham da səsləndirib: “Berlindəki Azərbaycan səfirliyinin qarşısında etirazların təşkil olunmasında bu iki şəxs çox canfəşanlıq edirdi. Onlar insanlara vəd verirdilər ki, mitinqlərdə şəkil çəkdirsələr, Almaniyada oturum –sığınacaq ala bilərlər. Müxalifət adından müxtəlif saxtakarlıqların müəllifləri arasında bu iki şəxs də var, ən azı, bizdə olan məlumatlardan, müşahidələrdən belə nəticəyə gəlmək olar”.

Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında bildirib ki, qardaşı qanunsuz heç bir işlə məşğul olmayıb: “Sadəcə ora gedən vətəndaşlarımıza kömək edib. Bu da vətəndaşlarımız xeyrinə olan bir şeydir”.

Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı da Meydan TV-yə açıqlamasında atasının qanuni fəaliyyətlə məşğul olduğunu deyib: “Atamın rəhbərlik etdiyi “Legat” İnteqrasiya Mərkəzi Almaniyada sənədlərin tərcüməsi ilə məşğul olur. Mərkəzin hüquqi yardım göstərmək və məsləhət vermək ixtiyarı yoxdur. Mərkəz yalnız nəzərdə tutulan çərçivədə fəaliyyət göstərir”.