Aleksandr Sarqsyan
“1in.am”, Ermənistan, 19 noyabr 2019-cu il
Ermənistanın siyasi sistemi zooparkı xatırladır, lakin adi deyil, hərbi-vətənpərvərlik zooparkını… Burada müxtəlif heyvanlar, əsasən kortəbii ora-bura qaçan, mütəmadi qidalanan və təbii tələbatları ilə bağlı qeyri-mütəmadi qayğılanan yırtıcılar toplanıb.
Heyvanları şərti olaraq iki qrupa bölmək olar: peşəkar hərbi-vətənpərvərlər, yəni işlək vətənpərvərlər və zooparkın heyvani maraqlarına, böyük ehtimalla, öz instinktlərinə öncəlik verən zoopark mərkəzli heyvanlar.
Əlbəttə, bu iki qrup bir-birindən çox fərqlənir, lakin onları birləşdirən ümumi cəhətlər də vardır. Məsələn, ən vətənpərvər olanı eşşəkdir, çünki hamısından bərk anqırmağı bacarır; donuzlar isə heyvanların hüquq və azadlıqları mövqeyindən çıxış edirlər, ona görə ki, onlar ən pinti olanlardır və hamıdan çox pintilik etmək və yuyunmamaq hüququndan istifadə ediblər. Meymunlar zooparkın siyasi təhlilçiləridir, çünki onların öz arxalarını görmək qabiliyyəti var. Baxırlar, iyləyirlər və heyvanxananın gələcəyi ilə bağlı siyasi proqnozlar verirlər. Kenqurular Massiv konvensiyasına qarşı çıxış edirlər, lakin ona görə qarşı çıxış edirlər ki, “massiv” sözü onlarda pis xatirələr oyadır.
Homoseksual canavarlar pandaları ənənəvi heyvani dəyərlərdən uzaqlaşmaqda ittiham edərək, onlarla mübarizə aparırlar. Balaca ağ qütb ayısı isə qara ayının irqçi təzyiqlərindən yayınmaq üçün siyasi sığınacaq istəyir.
Bu yaxınlarda qoca və xəstə heyvanlar qrupu toplanıb və özləri üçün “Vernavandak” adlı bir “kəsmə otağı” yaradıblar. Bu, əlbəttə ki, müstəsna haldır. Bir neçə gün bundan öncə qoca fil hamını “Vernavandak”a toplayıb və bəyan edib ki, zooparkın təhlükəsizliyi təhdid altındadır. Guya, “Soros şirləri” zooparkı məhv etmək və sirkə çevirmək istəyirlər. Sirkdə isə heyvanlara öz təbii tələbatlarını istənilən anda ödəməyə icazə verilmir, bu da heyvani ənənələrə ziddir. Sirkdə heyvanlar daim qastrollara getməyə və dünya ilə inteqrasiya etməyə məhkumdur. Yəni, sirk heyvanları qeyri-vətənpərvər və qeyri-millidirlər.
Məsələyə qoca tısbağa müdaxilə etməyə cəhd edir. Deyir ki, əlbəttə, əgər bu, meymunları xoşbəxt edəcəksə, məni qəfəsə salın. Qəhrəman pələng isə özünün qəhrəman olduğunu təsdiqləyərək və zooparkın istənilən hissəsini seçə biləcəyini iddia edərək, qəfəsdən azad edilməsini tələb edir. Zooparkın heyvan məhkəməsinə görə məsuliyyət daşıyan zürafə isə pələngin hüquqlarını müdafiə etməyə cəhd edir. Terrorçu kimi ad qazanmış Dinqo itləri muflonun istefasını tələb edirlər, belə ki, o, məcburi deyil, könüllü hürməyi təklif edir. Lakin ən sirrli olanı tısbağanın kürəkəni – yer altında yaşayan, vaxtaşır başını yuxarı qaldıran və hərdənbir zingildəyən dəniz donuzudur.
Beləliklə, zooparkda həyat xüsusilə qonşu zooparkdan olan quzunun hər gün müharibə ilə təhdid etdiyi bir vaxtda, qatma-qarışıq olub.
Tərcümə Strateq.az-ındır