XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2019 - 16:00

“MƏN BU İŞDƏ YOXAM” –Baş prokurorun sabiq köməkçisi Əli İnsanovun partiyasını tərk etdi

“Mən heç bir partiyanın üzvü deyiləm, olmaq fikrim də yoxdur”.

Strateq.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a adı keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etdiyi Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin üzvləri sırasında yer alan hüquqşünas Mirədalət Talışxanov deyib.

O bildirib ki, Əli İnsanovun təşkil etdiyi tədbirə hüquqşünas kimi dəvət alıb.

“Bir dostum dəvət etmişdi. Mənim partiya quruculuğuna aidiyyətim yoxdur. Orada təklif edildi, lakin mən heç bir partiyaya üzv olmaq istəmədiyimi dedim”, – deyə hüquqşünas vurğulayıb.

Tədbir iştirakçiları ilə fotoya gəlincə, Mirədalət Talışxanov deyib: “Dedilər, şəkil çəkdirək, çəkdirdim. Ondan sonra çıxıb getmişəm. Sonradan adımı Təşkilat Komitəsinin üzvlərinin sırasına salıblar. Lakin yenə deyirəm ki, mən bu işdə yoxam”.

Məlumat üçün deyək ki, Mirədalət Talışxanov vaxtilə Masallı rayon Məhkəməsinin sədri və Baş prokurorun köməkçisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Təşkilat Komitəsinin 15 nəfərlik üzvləri siyahısında olan Milli Qəhrəman anası Qalibə Budaqova da dünən açıqlama yayaraq, “Bu partiyada yoxam” deyib.