XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 09:58

Erməni mediası “Kommersant”ın yazısına cavab verdi:"Məqsəd Ermənistan hakimiyyəti haqqında əlavə şübhələr oyatmaqdır"

Məryəm Qriqoryan

“1in.am”, Ermənistan, 28 noyabr 2019-cu il

 

Rusiyanın “Kommersant” qəzeti “Ermənistan və Azərbaycanı sülhə hazırlayırlar” başlığı ilə irihəcmli məqalə nəşr edib. Ermənistan XİN-in erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfəri haqqında verdiyi məlumata toxunan rus nəşri yazır ki, mübadilə Bakı və İrəvanın 2019-cu ilin yanvarında Parisdə razılaşdırdıqları xalqların sülhə hazırlanması proqramı çərçivəsində baş tutub.

“Kommersant” qeyd edir ki, Ermənistan və Azərbaycan KİV-lərinə görə, bu proqram cari ildə tərəflərə humanitar istiqamətdə müəyyən irəliləyişlər əldə etməyə imkan verib. Qəzet yazır: “Söhbət ilk növbədə, məhbusların mübadiləsindən gedir. Belə ki, iyul ayında Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyilə Ermənistan vətəndaşı Zaven Karapetyan və Azərbaycan vətəndaşı Elvin İbrahimov vətənlərinə qayıda biliblər”.

Artsaxın Xarici işlər naziri (mətndə belə gedib – tərc.) Masis Mailyan “Kommersant”a deyib ki, təmas xəttində atışmaların sayının azalması xalqların sülhə hazırlanması proqramının nəticəsidir.

Artsax (mətndə belə gedib – tərc.) politoloqu Aleksandr Kananyana görə, “xalqların sülhə hazırlanması” qətnamə kimi hələ 2001-ci ildən, Ki-Vest danışıqları dövründən başlayaraq, məlumdur. Lakin bu, yalnız vasitəçilərin nitqində xoş niyyətin təzahürü kimi, mütəmadi olaraq səsləndirilməli olan gözəl sözlərdir.

O, “1in.am”la söhbəti zamanı deyib: “Ancaq bu gün onlar qətiyyən reallığa uyğun deyildir, çünki Azərbaycan rəhbərliyi heç bir şəkildə təsəvvür etmir ki, Artsax (mətndə belə gedib – tərc.) ermənilərini və ümumiyyətlə, ermənilərin öz vətənlərində dövlətçilik hüququnu tanımaq olar. Mən Azərbaycan dedikdə, əlbəttə, Türkiyəni də nəzərdə tuturam. Ona görə, bu, yalnız xoş niyyət olaraq qalacaqdır”.

Müsahibimizin sözlərinə görə, real nəticələr, atəşkəs xətti boyu qurbanların sayının azaldılması Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi və Ermənistanın daha həyatqabiliyyətli və perspektivli gələcəyinin ortaya çıxması ilə bağlıdır.

Söhbət Rusiya nəşrinin belə bir fikri səsləndirməsinə və rus nəşrlərinin, əsasən, heç nəyi təsadüfən yazmaması və adətən, məhz dövlət siyasətini əks etdirməsi haqqında bizim müşahidələrimizə gəldikdəsə, Aleksandr Kananyan belə cavab verib: “Ən azı, son iki onillik ərzində, əslində, atəşkəs rejiminin təsis edilməsindən sonra başlıca arzu Qarabağ münaqişəsi zonasında “sülhməramlı” qüvvələrin yerləşdirilməsi və beləliklə, Artsax (mətndə belə gedib – tərc.) üzərində hərbi-siyasi nəzarətin təmin olunması olub. Təbii, bu, erməni tərəfi üçün qətiyyən qəbuledilməz və dövləti dağıdan bir variantdır. Bizimkilər, hətta Robert Koçaryan və Serj Sarkisyanın antidövlət illərində belə, oxşar perspektivdən xüsusi məmnunluq duymayıblar, lakin özlərinin zəif mövqelərindən çıxış edərək, bunu istisna da etməyiblər” .

Aleksandr Kananyanın fikrincə, xalqların sülhə hazırlanması haqqında danışıqlar ümumi fon komponentindən başqa, digər bir məqsəd də daşıyır. O deyir: “Məqsəd Ermənistanın indiki hakimiyyəti haqqında əlavə şübhələr oyatmaq, onların da yaxın gələcəkdə ciddi və zərərli güzəştlərə getməyə hazır olduğunu göstərməkdir. Yəni, bu, Ermənistanın indiki hakimiyyətinin Artsax (mətndə belə gedib – tərc.) məsələsində tutduğu sərt mövqeyi şübhə altına almaq üçün vasitəli təbliğat mexanizmidir”.

Tərcümə Strateq.az-ındır