XƏBƏR LENTİ

24 Yanvar 2020
23 Yanvar 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 11:37

Kreml Lukaşenkodan niyə güzəşt qopara bilmir? –“Onun devrilmə riski sıfra yaxındır”

“İttifaq dövlətinin qurulduğu 20 il ərzində Rusiya və Belarus arasında hər iki-üç ildən bir böhran yaşanır. Hər böhrandan sonra adama elə gəlir ki, Lukaşenkonun manevr məkanı daralır. Bəli, o, Kremldən müvəqqəti güzəştlər əldə edə, qərarı təxirə sala bilib, amma strateji baxımdan Rusiya Belarusa tam nəzarət etməyə daha bir addım yaxınlaşıb”, – Karnegi Moskva Mərkəzinin baş redaktorunun müavini Maksim Samorukov yazır.

Məqalədə deyilir ki, bunlardan ən çox hiss olunanı “Beltransqaz” şirkətinin “Qazprom”-un tam nəzarətinə keçməsidir. Proses çox çəkib, şirkətə görə təxminən 5 milyard dollar ödəmək lazım gəlib. Əvəzində Minskin rus qazının Avropaya tranzit tarifinə görə Rusiya ilə bazarlıq etmək imkanı artıb.

İkinci ən böyük nailiyyət Belarusun Rusiyanın böyük təsir gücünə malik olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasıdır.

Belarus AB ilə tərəfdaşlıq haqqında baza sazişi imzalamayan yeganə postsovet ölkəsidir. Əslində bu, daha çox dekorativ siyasi islahatlara belə getmək istəməyən Lukaşenkonun xidmətidir.

Jurnalist qeyd edir ki, Belarus üzərində Rusiya nəzarətinin güclənməsi çox yavaş gedir. Proses açıq-aşkar Belarusun Rusiyadan xilas olma tempindən geri qalır. Bu emansipasiyanı sürətli adlandırmaq olmaz, amma o, labüddür, çünki Belarus hakimiyyətinin köməyi olmadan belə irəliləyir, sadəcə ona görə ki, Belarus artıq 30 ilə yaxındır müstəqil dövlət kimi fəaliyyət göstərir.

İqtisadi dəyişikliklərlə yanaşı, psixoloji dəyişikliklər də var. İslahatlara olan bütün nifrətinə rəğmən Lukaşenko da Belarus cəmiyyətində nəsil dəyişikliyini dayandıra bilməz. Hazırda ölkədə median yaş təxminən 40 yaşdır. Dolayısıyla, ölkə əhalisinin yarıdan çoxu artıq Rusiya ilə bir dövlət altında necə yaşadığını xatırlamır və onlar müstəqil Belarusu norma hesab edirlər.

İnsanların iki radikal qütb (qardaş SSRİ üçün rusyönlü nostalgiya və ya qərbyönlü etnik millətçilik) arasında parçalanmasına daha ehtiyac yoxdur. İndi ölkə əhalisinin böyük əksəriyyətini qane edən üçüncü, daha yumşaq variant var: dövlətçiliyi müdafiə etməklə vətəndaş millətçiliyi. Ancaq bu zaman Belarus dilinə tam keçid və Rusiyaya məxsus hər şeydən inkar etmək nəzərdə tutulmur.

Rusiya-Belarus münasibətləri ikitərəfli adlandırılsa da, bu münasibətlərdə Belarus Rusiya üçün ikincidərəcəli məsələ olaraq qalır. Ölkə NATO ilə sərhəddə faydalı bufer rolunu oynayır, slavyan qardaşlığı haqqında söhbətlər isə əvvəlki kimi qulağa xoş gəlir.

Belarusun postsovet inteqrasiyasında vitrin, Rusiya ilə yaxınlaşmanın müsbət təsirlərinin nümayiş edildiyi meydan kimi oynadığı rol Moskva üçün daha böyük əhəmiyyət daşıyır. Kreml heç vaxt vətəndaş cəmiyyətinin gücünə inanmayıb, ona görə bu nümayişlərin hədəf auditoriyası tamam başqadır – postsovet dövlətlərinin rəhbərləridir.

Məqalə müəllifi yazır ki, Lukaşenkonun yaratdığı rejim istənilən postsovet liderinin arzusudur. Hakimiyyətdə olduğu 25 ildən sonra üfüqdə bu hakimiyyətə təhlükə kəsb edəcək ciddi risk görünmür. Bu uzunömürlülüyün sirri hamıya yaxşı məlumdur. Bu da Rusiyanın dəstəyidir. Əlbəttə, Moskva bu cür inteqrasiya “kökələrinin” faydasına görə elə-belə həddindən artıq pul ödəməyə hazır deyil. Neft və qaz qiymətlərinə endirimlə bağlı mütəmadi yaşanan mübahisələrin səbəbi də məhz budur.

Lukaşenkonun vəziyyəti onsuz da yaxşıdır, onun devrilmə və ya Qərbə inteqrasiya etmək riski sıfra yaxındır. Belə olduğu təqdirdə niyə daha çox pul ödənilsin ki?

Lukaşenko hakimiyyətdə olduğu uzun illər ərzində rusiyalı üç prezidentlə çalışıb. Münasibətlərin tərzi dəyişsə də, mahiyyəti dəyişməyib. 2024-cü ildə Vladimir Putinin hakimiyyətdən getmək ehtimalı da bu münasibətlərə təsir etməyəcək. Lukaşenkonun möhkəm mövqeyi rus liderləri ilə şəxsi əlaqələrinə deyil, Rusiyanın geosiyasi ambisiyalarına əsaslanıb. /Azpolitika.info