XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 14:47

Türkiyə və Rusiya rəsmilərinə qarşı sanksiya hədəsi –Layihə ABŞ Senat Komitəsindən keçdi

ABŞ Senatının komitəsi Rusiya və Türkiyəyə qarşı hər iki partiya tərəfindən dəstəklənən qanunvericilik aktını qəbul edib.

Azpolitika.info Azadlıq Radiosuna istinadən xəbər verir ki, Senat komitəsi habelə Mərkəzi və Şərqi Avropanın Moskvadan enerji asılılığının azaldılması məqsədilə maliyyə yardımı verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu səsvermə Rusiya xarici işlər naziri Sergey Lavrovun Vaşinqtonda prezident Donald Tramp və dövlət katibi Mayk Pompeo ilə görüşündən dərhal sonra keçirilib. Pompeo bu görüşdən sonra iki ölkə arasında iqtisadi münasibətlərdə “əhəmiyyətli tərəqqiyə” ümid etdiyini bildirmişdi.

Bu, Lavrovun son iki ildə Ağ Evə ilk səfəri idi. İndi bu qanun layihələrinin qüvvəyə minməsi adətən Rusiya və Türkiyəyə qarşı sanksiyaların əleyhinə olan prezident Tramp tərəfindən təsdiqlənməsindən asılıdır.

Senatın Xarici Əlaqələr Komitəsinin dekabrın 11-də bəyəndiyi qanun layihəsi ABŞ-ın NATO müttəfiqi olan Türkiyə üzərinə sanksiyaların qoyulmasını nəzərdə tutur.

Sanksiyaların qoyulmasına səbəb Türkiyənin Suriyanın şimalına müdaxilə etməsi və Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasıdır. Komitənin demokrat üzvü Bob Menendez deyib:“Türkiyənin ötən bir il ərzindəki hərəkətləri heç bir çərçivəyə sığmır. Bu qanun layihəsi nümayiş etdirir ki, Türkiyənin Suriyaya münasibətdə siyasəti qeyri-məqbul, onun Rusiyadan S-400 raketlərini alması isə yolverilməzdir”.

Bu qanun layihəsi Türkiyənin müdafiə və maliyyə nazirləri də daxil vəzifəli şəxsləri üzərinə sanksiyalar qoyulmasını nəzərdə turur.

Rəsmi adı Amerikanın Milli Təhlükəsizliyinin Möhkəmləndirilməsi və İŞİD-in Dirçəlməsinin Qarşısının Alınması olan qanun Suriya prezidenti Bəşər Əsədə silah verən və müdafiə xidmətləri göstərən rusiyalılara sanksiyaların qoyulmasını ehtiva edir. Senat komitəsində 18-4 nisbətində qəbul edilmiş bu qanun layihəsi Senatda tam heyətin iştirakilə səsə qoyulmalıdır.

Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qanun layihəsi habelə Rusiyanın qaz kəmərlərinin inşasında iştirak edən xarici şirkətlərin cəzalandırılmasını nəzərdə tutur.

Qanunvericilik aktına görə dövlət katibi NATO üzvlərinin Rusiyadan enerji asılılığını azaldan strategiya təqdim etməlidir.

Qanun layihəsi NATO-nun Avropa müttəfiqlərinə ABŞ maye qazının ixrac edilməsinin mühümlüyünü təsdiq edir.

Avropa Müttəfiqləri ilə Enerji Təhlükəsizliyi Əməkdaşlığı kimi tanınan layihədə Rusiyanın “Şimal Axını 2” və “Türk Axını” kimi qaz kəməri layihələrində iştirak edən şirkətlərin cəzalandırılması nəzərdə tutulub.

Rusiya sözügedən “Türk Axını” kəmərinin tikintisini artıq başa çatdırıb. “Qazprom” bu kəmərlə Türkiyəyə yaxın həftələrdə qaz nəqlinə başlamalıdır. Rusiya Almaniyaya Baltik dənizinin dibi ilə keçərək qaz nəql etməli olan “ŞimalAxını 2” layihəsini demək olar başa çatdırıb.

Senat komitəsi habelə Mərkəzi və Şərqi Avropanın Rusiyadan enerji asılılığını azaldan layihələr üçün 1 milyard dollarlıq fond ayırıb.

Bundan başqa Senat Rusiya üzərinə onun Ukraynanın daxili işlərinə qarışması ilə bağlı daha sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib. Amerikanın Təhlükəsizliyinin Kremlin Təcavüzündən Müdafiəsi adlı bu qanun layihəsi Moskva üzərinə Rusiyanın başqa ölkələrdəki demokratik təsisatları sarsıtmaq cəhdlərinə görə sanksiyalar qoyulmasını nəzərdə tutur.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya münasibəti aydındır. Türkiyəylə bağlı bu cür qanun layihəsinin qəbul olunması isə Ankaranın müstəqil siyasət yürütməsi, ABŞ-ın Yaxın Şərqdəki planlarını pozması, Qərb dövlətlərinin himayə etdiyi terror qruplaşmalarına sarsıdıcı zərbə vurması ilə bağlı olduğu şübhə doğurmur. Ancaq hədə xarakterli bu aktın prezident Tramp tərəfindən təsdiqlənəcəyi az ehtimal olunandır. /Azpolitika.info