XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2019 - 15:08

Politoloq Tural İsmayılov:"Azərbaycanın geostrateji mövqeyi Ukraynanın diqqətindədir"

Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenskinin Bakıya iki günlük səfəri başlayıb.

Strateq.az xəbər verir ki, Zelenskinin Bakıya səfərini şərh edən politoloq Tural İsmayılov Ukrayna prezidentinin Cənubi Qafqaz ölkələri sırasında məhz Azərbaycanı seçməsini Ukraynanın ölkəmizə verdiyi önəmlə izah edib:

“Ukrayna ilə Azərbaycan GUAM çərçivəsində əməkdaşlıq edir. Vladimir Zelenskinin Bakıya səfəri GUAM təşkilatının Kiyevdə keçirilən iclasından sonra baş verir. Digər maraqlı məqam isə ondan ibarətdir ki, gələn ilə GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək. Azərbaycanın geostrateji mövqeyi və regional güc faktoru olması Ukraynanın diqqət mərkəzindədir. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir, ölkə uğurlu və planlı siyasət xətti yürüdür. Azərbaycanın regionda yerləşən bütün ölkələrlə sabit, möhkəm və güclü əlaqələri mövcuddur. Ölkənin belə bir çətin coğrafiyada balanslı xarici siyasət kursu, qonşuları ilə yüksək əlaqələri Ukraynanın da diqqətini cəlb edir, şübhəsiz.”

Ekspert qeyd edib ki, Azərbaycanın Ukrayna ilə iqtisadi əlaqələri mövcuddur: “Təhsil və elm sahəsi də daxil olmaqla Azərbaycanın Ukrayna ilə qarşılıqlı əməkdaşlığı mövcuddur. Azərbaycan Ukraynanın neft emalı zavodlarını xammal təchiz edən əsas ölkələrdən biridir. Ukraynada Azərbaycanın Ukraynaya mal ixracının 300 milyon dolları ötdüyü vurğulanır. Azərbaycan Ukrayna mədəni əlaqələri də sürətlə inkişaf edir. 1997-ci il martında ulu öndər Heydər Əliyevə Ukraynanın ali mükafatı – “Yaroslav Mudrı” ordeni təqdim edilib. Qeyd olunan tarixdə Kiyevdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. 1998-ci ildən etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur. 17 oktyabr 2001-ci ildə BSU-da Ukrayna tədris-mədəniyyət mərkəzi açılıb. Bu əlaqələr bundan sonra da uğurla davam edəcək kimi görünür.”

Tural İsmayılov vurğulayıb ki, Azəbaycanın Ukraynada həmçinin lobbiçilik fəaliyyəti də mövcuddur:

“Bu gün ölkədə 500 minə yaxın azərbaycanlı yaşayır və əksər vilayətlərdə onların diaspor təşkilatları fəaliyyət göstərir. Ukraynada minlərlə azərbaycanlı gənc təhsil alır. İlk dəfə 2010-cu ildə Dnepropetrovsk şəhərində Ukraynadakı azərbaycanlı gənclərin birinci forumu keçirildi. Forumda Ukraynanın 19 vilayətindən 700-ə yaxın gənc iştirak etmişdi. Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-dən çox Ukrayna kapitallı şirkət fəaliyyət göstərir.”