XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 09:00

Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi –Təhlükəsizlik dialoqunun ikinci turu

Avropa İttifaqı (Aİ) Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

Trend-in Avropa Xarici Əlaqələr Xidmətinin saytına istinadən verdiyi məlumata görə, bu barədə dekabrın 19-da Bakıda keçirilən Aİ ilə Azərbaycan arasında təhlükəsizlik dialoqunun ikinci turu zamanı bildirilib.

Məlumata əsasən, tərəflər, siyasət və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran vacib məsələlər, o cümlədən münaqişə və böhranların həlli, regional və beynəlxalq təhlükəsizlik üçün təhdid və çağırışlar barədə fikir mübadiləsi aparıblar və praktik əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edilib ki, nümayəndə heyətləri BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüquqi norma və prinsiplərə sadiq olduqlarını bir daha təsdiq ediblər və beynəlxalq qaydalara əsaslanan nizamı təmin etmək üçün bu prinsiplərə ciddi riayət etməyin vacibliyini vurğulayıblar:

“Aİ-nin yüksək səviyyəli rəsmiləri, xüsusən Avropa Şurasının Prezidenti Donald Tusk və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini tərəfindən Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyib və suverenliyininin dəstəklənməsi ilə təşkilatın mövqeyini bir daha sübut edir”.

Bu dəstək Cənub Qaz Dəhlizinin Avropa bazarlarına enerji tədarükünün şaxələndirilməsində əhəmiyyəti, xüsusilə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) bu yaxınlarda açılışı və Trans-Adriatik Boru Kəmərinin (TAP) yaxın vaxtlarda başa çatması fonunda vurğulanıb. Aİ nümayəndə heyəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirib:

“Aİ və Azərbaycan tərəflər arasında yeni saziş layihəsi üzrə danışıqların başa çatmasının vacibliyini vurğulayıb. Nümayəndə heyətləri təhlükəsizlik dialoqunun növbəti raundunun 2020-ci ilin ikinci yarısında Brüsseldə keçirilməsi barədə razılığa gəliblər”.