XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 20:56

“Başımı aşağı salıb, həyatımı yaşayacam” –Seçkiyə qatılmayan deputatlardan maraqlı açıqlamalar

Beşinci çağırış Milli Məclisdə təmsil olunan 31 deputat növbədənkənar parlament seçkilərində iştirak etmir.

Strateq.az xəbər verir ki, Modern.az-ın əməkdaşı həmin deputatlardan bir neçəsi ilə əlaqə saxlayaraq onların bundan sonra nə işlə məşğul olacaqlarını soruşub.

Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olmuş Əliağa Hüseynov başını aşağı salıb, həyatını yaşayacağını deyib: “Mən təqaüdçü adamam. Bundan sonra nə iş görə bilərəm ki?! 74 yaşım var. Başımı aşağı salıb, həyatımı yaşayıram. İmkan daxilində əsgərlərlə görüşlərə dəvət edirlər. Mən də onlarla görüşlərə gedirəm. Öz hərbi təcrübəmdən onlara danışıram”.

YAP üzvü Rafiq Məmmədhəsənov isə suala qəzəblənərək cavab verib: “Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?! Bu barədə mənə sual verməyin!”.

YAP üzvü Dilarə Cəbrayılovaisə pedaqoji fəaliyyətini davam etdirəcəyini bildirib: “Milli Məclis mənim üçün həyat məktəbi idi. O yolu şərəflə keçdim. Yeni Azərbaycan Partiyasına minnətdaram ki, mənim namizədliyimi irəli sürdü. Ötən 4 il ərzində Bakı kəndlərində insanlarımızla ünsiyyətdə oldum. Həmçinin Bakı kəndləri arasında Milli Məclisdə təmsil olunan qadın oldum. Bu, özü tarixə düşmüş hadisədir. Bundan sonrakı fəaliyyətimi tam olaraq qərarlaşdırmamışam. Pedaqoji fəaliyyətimi davam etdirirəm. Gənclərin vətənpərvər böyüməsinə çalışıram. Gələcəkdə siyasətdə olub-olmayacağımı dəqiqləşdirməmişəm. Ola bilsin ki, heç olmayım. Sadəcə çalışacam ki, ölkədə gedən proseslərə fikirlərimi bildirim”.

YAP üzvü Mirzəcan Xəlilov isə xeyriyyəçiliklə məşğul olacağını deyib: “Kifayət qədər yaşım var. 65-i keçmişəm. Ötən illər ərzində mənə etimad göstərilib. Dövlətim məni ən ali mükafatla qiymətləndirib. Hər şey qabaqdadır. Gücüm çatdığı qədər gənclərə dəstək olmağa çalışacam. Deputat olmasam da, insanlarla ünsiyyətim həmişə yaxşı olub və bu, davam edəcək. Bildiyiniz kimi, mən illərdir ki, xeyriyyəçiliklə məşğulam. Bu işimi bundan sonra daha çox davam etdirəcəm”.