XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 14:46

Mahmud Məmmədquliyev:"Azərbaycanla Qətər iqtisadi əlaqələrin inkişafında maraqlıdır"

“Azərbaycanla Qətər arasındakı siyasi və iqtisadi əlaqələr uğurla inkişaf edir və əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün bünövrə hazırdır”.

Bu barədə Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Qətərin “The Peninsula” nəşrinə müsahibəsində bildirib.

O deyib ki, siyasi əlaqələrin yüksək səviyyədə olduğu bir vaxtda hər iki tərəf iqtisadi tərəfdaşlığın, o cümlədən sərmayə, ticarət, turizm əməkdaşlığının inkişafında da maraqlıdır: “Həmçinin Azərbaycanla Qətərin beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd etmək istərdim. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair Qətərin mövqeyini yüksək qiymətləndiririk. Belə ki, BMT, İƏT kimi beynəlxalq təşkilatlarda Qətər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunmasına dair qətnamələrin qəbulunda ölkəmizə dəstək verir”.

Turizm sahəsindəki əlaqələrə toxunan nazir müavini son 5 ildə Azərbaycana gələn qətərli turistlərin 40 dəfədən çox, son 10 ay ərzində isə 11 faiz artdığını diqqətə çatdırıb: “Fikrimcə, münasibətlərimizin inkişafında növbəti mərhələdə əsasən iqtisadi əməkdaşlığa diqqət yetirilməlidir. Hələlik ticarət əlaqələrimiz gözlədiyimiz səviyyədə deyil. Həmçinin qarşılıqlı sərmayələrlə bağlı məsələlər ətraflı araşdırılmalıdır”.

Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə qoşulmasının bütün regionun inkişafı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran M.Məmmədquliyev vurğulayıb ki, Çin ilə Azərbaycan arasında üç il bundan əvvəl İpək Yolunun iqtisadi kəmərinin yaradılmasına birgə dəstək barədə anlaşma memorandumu imzalanıb: “Müasir nəqliyyat infrastrukturunun yaradılması hazırda ölkəmizin öncül vəzifələrindəndir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarından birinə, Asiya ilə Avropa arasında körpüyə çevrilib”.

Report