XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 17:38

“İki qoçun başı bir qazanda qaynamır”- Ərdoğan dilemma qarşısında

Şahin Cəfərli,

politoloq

2017-ci ildə Türkiyə, Rusiya və İran bir araya gəlib Suriya üzrə Astana formatını yaradarkən bu ölkələrin hərəsinin öz marağı var idi.

Türkiyə Suriyada ona dəstək verməyən və üstəlik, kürdlərin tərəfini tutan, 15 iyul çevriliş cəhdindən sonra Fətullah Güləni himayə etməyə davam edən Amerikadan incik düşmüşdü və yeni bir yol axtarışında idi.

Rusiya NATO üzvü olan ölkəni öz yanına çəkməkdə və ittifaqın içərisinə nifaq salmaqda, Avropa bazarına əlavə həcmdə təbii qaz çıxarmaq üçün tranzit məntəqəsi kimi Türkiyədən yararlanmaqda, Suriyada, ümumilikdə Aralıq dənizi hövzəsi və Orta Şərqdə mövqelərini möhkəmləndirməkdə maraqlıydı.

Moskva ilə müqayisədə Tehran Türkiyəni tərəfdaşlığa qoşmağa, yəni əlavə “şərik” qəbul etməyə daha az həvəsli idi, amma o da bənzər şəkildə Türkiyənin Amerika ilə əlaqələrinin soyuqlaşmasına “töhfə” vermək istəyirdi və Əsədi qorumaq üçün Suriyaya on minlərlə silahlı adam göndərmiş ölkə kimi Suriyada Ankaranın dəstəklədiyi qüvvələrin nəzarətindəki ərazilərdən bu dəstələri döyüşsüz çıxarmağa Ərdoğanı razı sala biləcəyinə ümid bəsləyirdi.

Türkiyənin taktiki ittifaq qurmuş bu iki ölkə ilə maraqları nənki Suriyada, ümumən bütün bölgədə üst-üstə düşmürdü, əksinə, toqquşurdu. Amma 15 iyul 2016-cı il hadisəsindən sonra ABŞ-la münasibətlərin korlanması ilə paralel şəkildə türk dövləti içərisində uzun müddətdir var olan avrasiyaçı xəttin xarici siyasətdə ağırlıq qazanmağa başlaması prezident Ərdoğanın Putin və Ruhani ilə eyni masaya oturması ilə nəticələndi. Tərəflər razılığa gəldilər ki, Suriyada 4 deeskalasiya (gərginliyin azaldılması) zonası yaratsınlar.

Bu bölgələrdən birində – İdlibdə deeskalasiyanı Türkiyə həyata keçirməli idi. Bəşər Əsəd Rusiya və İranın, eləcə də Türkiyənin köməyi ilə bu zonalardan üçünü tez bir zamanda nəzarətə götürdü. Türkiyənin köməyi bu oldu ki, həmin ərazilərdən, xüsusən Hələb şəhərindən silahlı qrupların çıxarılıb İdlibə aparılmasında önəmli rol oynadı. Bu hadisələrin gedişində Rusiya Türkiyəyə imkan verdi ki, “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh bulağı” adlanan lokal hərbi əməliyyatlar keçirib, kürd təhlükəsini sərhədlərindən bir qədər uzaqlaşdırsın.

Amma qaçılmaz aqibət yaxınlaşırdı və həlledici mərhələdə – Əsəd terrorçu və müxalif qrupların sonuncu qalası İdlibdə əməliyyata başlayıb, irəliləməyə başlayanda, Türkiyə və Rusiya yenə üz-üzə gəldi.

İdlib Ərdoğanın qırmızı xəttidir: əvvəla, bu vilayətin də əldən çıxması yeni qaçqın dalğası yaradacaq və hazırda 4 milyon qaçqını çətinliklə saxlayan Türkiyə, xüsusən də iqtisadi böhran şəraitində, yeni humanitar fəlakətin öhdəsindən gələ bilməyəcək.

İkincisi, yüz minlərlə qaçqının içərisində kimin terrorçu, kimin dinc sakin olduğunu ayırmaq çox çətin olacaq və minlərlə terrorçu da Türkiyəyə keçib ciddi asayiş və təhlükəsizlik problemləri yaradacaq.

Üçüncüsü, İdlibdən sonra Əsəd tələb edəcək ki, Türkiyə Suriyanın digər bölgələrindən də çıxsın. Moskva və Tehran qanuni hökumətin dəvəti ilə gəlməyən bütün xarici qüvvələrin Suriyanı tərk etməli olduğunu dəfələrlə açıq şəkildə bildirdikləri üçün onlar da bu məsələdə Əsədə dəstək verəcəklər.

Beləliklə, prezident Ərdoğan ya bu üçlü ittifaqa müqavimət göstərmək, ya da Suriyanı tərk etmək dilemması ilə üzləşəcək.

İki yolun da riskləri var: müqavimət variantının acı nəticələrini son günlər İdlibdə Türkiyə əsgərlərinin başına gələn fəlakətlər bizə göstərir, Suriyanı tərk etmək isə problemin yekun həlli mərhələsində masada Türkiyənin əlini zəiflədəcək. Ona görə də Ərdoğan son həftələr İdlibə əlavə hərbi qüvvə göndərməklə Putinə nümayiş etdirməyə çalışdı ki, “hər şeyi gözə almışam, mənimlə hesablaşmaqdan başqa yolun yoxdur.”

Amma Putin də öz növbəsində nümayiş etdirdi ki, yeniyetməlik çağında Leninqrad küçələrində öyrəndiyi dərsi (“dava qaçılmazdırsa, ilk zərbəni sən vurmalısan”) unutmayıb… ​

Rusiya və Türkiyə tarixdə 12 dəfə müharibə edib. Bizansın süqutundan sonra Rusiyanın imperialist dövlətçilik şüuru özünü onun siyasi və dini mirasının varisi (Üçüncü Roma) kimi səciyyələndirib. Pravoslav xristianlığın mərkəzi olan Konstantinopolu türklərdən geri almağı, bütün pravoslavları öz qanadları altına alıb birləşdirməyi rus imperializmi özünün tarixi missiyası kimi görüb. Dostoyevskinin 1876-cı ildə “Yazıçının gündəlikləri”ndə “Konstantinopol gec-tez bizim olacaq” yazması rus ictimai fikrində bu missiyanın nə qədər qəbul olunduğunu və dəstəkləndiyini göstərirdi.

II Yekaterina nəvəsinə Konstantin adını verəndə körpənin bir gün pravoslavların dünya lideri qismində Konstantinopolda oturacağını xəyal etmişdi. Bu xəyal uğrunda böyük müharibələr də oldu, xüsusən də 1878-ci ildə İstanbulun o vaxt Ayastefanos, indi Yeşilköy adlanan hissəsinə (keçmiş Atatürk hava limanının yerləşdiyi ərazi) qədər gəlib çıxan rus ordusu bu xəyalın utopiya olmadığını sübut etməyə 1453-cü ildən bəri heç vaxt olmadığı qədər yaxınlaşmışdı, amma digər imperialist güc – Britaniya imkan vermədi…

2015-ci ilin noyabrında Türkiyə hava məkanını pozan Rusiya hərbi təyyarəsinin vurulmasından bir müddət sonra münasibətləri düzəltmək üçün prezident Ərdoğan Putinə üzrxahlıq məktubu göndərib, 2016-cı ilin avqustunda Rusiyaya səfər edəndə, Putin onu Sankt-Peterburqda Böyük knyaz Konstantin Pavloviçin adını daşıyan sarayın Yunan qonaq otağında qarşılamışdı. Bəli, II Yekaterinanın adını qoyduğu həmin Konstantin… Təsadüf idimi? Çətin.

Putin ölkəsinin imperialist tarixini yaxşı bilir və bəzən mesajlarını bu cür – simvollarla verir. Doğrudur, həmin səfərdən sonra münasibətlər yenidən inkişaf etməyə başladı, amma ölkələrinin şanlı keçmişini canlandırmağa çalışan iki güclü və dikbaş lider elə mərhələyə gəlib çatdılar ki, indi onlardan biri geri çəkilmədən maraqları uzlaşdırmaq və ortaq yol tapmaq çox çətin görünür. Necə deyərlər, iki qoçun başı bir qazanda qaynamır. “Suriya xəmiri” hələ bir müddət də su aparacaq…

Pressklub.az