XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 20:14

Astana üçlüyü tezliklə Tehranda toplaşacaq –HƏSƏN RUHANİ İRAN, TÜRKİYƏ VƏ SURİYA GÖRÜŞÜ TƏKLİFİNİ DƏ İRƏLİ SÜRÜB

İran prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti aparıb.

Strateq.az “IRNA”-ya istinadla xəbər verir ki, Ruhani öncə prezident Ərdoğanla ünsiyyətdə olub.

Söhbət zamanı İran prezidenti ölkəsində Koronavirusdan ölüm halları ilə əlaqədar Türkiyə prezidentinin başsağlığı mesajlarını qəbul edib və ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib.

Bununla bərabər, Həsən Ruhani İranda Koronavirusa nəzarət və viruslu xəstələrin müalicəsi üçün təsirli və təhlükəsiz proqramların nəzərdən keçirildiyini bildirilib. Prezident qeyd edib ki, epidemiya ilə mübarizədə təsirli addımlar atılıb. “Yaxın gələcəkdə bu böhrandan çıxacağımıza ümid edirik”.

Həsən Ruhani türkiyəli vəzifədaşına bildirib ki, hazırda pandemiya qlobal problemə çevrilib və bu böhranı aradan qaldırmaq üçün bütün ölkələr bir araya gəlməlidir.

Prezident yoluxucu xəstəliyə qarşı mübarizədə iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlığın zəruriliyini vurğulayıb.

Ruhani, eyni zamanda, Türkiyə ilə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf edəcəyinə və qısa müddətdə ortaq komissiyanın iclasının keçiriləcəyinə ümid etdiyini bildirib.

İdlib probleminin həll olunmasının vacibliyinə toxunan Həsən Ruhani deyib: “İdlib məsələsi təhlükəli terrorçu qrupların mövcudluğu və bu bölgədə yaşayan günahsız insanların həyatının qorunması vacibliyi baxımından çox mürəkkəbdir”. Suriya probleminin nizamlanması üçün İran, Türkiyə və Rusiya arasındakı üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyətinə toxunan Ruhani deyib: “Müxtəlif səviyyələrdə üçtərəfli əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir və əvvəllər qeyd olunduğu kimi, İran növbəti mərhələyə ev sahibliyi edəcək. “Biz üçtərəfli sammitə hazırıq”.

Həsən Ruhani “Suriyanın ərazi bütövlüyünü qorumaq, terrorçuları məhv etmək, günahsız insanların həyatını qorumaq və İdlib problemini tezliklə həll etmək kimi prinsiplər haqqında razılaşmaqla”, İran, Türkiyə və Suriya üçtərəfli sammit keçirmək təklifini də dilə gətirib. “Bu görüşlə fikir ayrılıqları həll edilə bilərdi”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan telefon danışığında İran xalqı ilə həmrəy olduğunu bildirib və “Corona” virusuna yoluxmadan vəfat edənlərin ailələrinə başsağlığı verib. “Türkiyə İran millətinə, dostu və qardaşına hər cür  kömək etməyə hazırdır. Hər hansı bir xidmətdə tərəddüd etməyəcəyik”.

Rəcəb Tayyib Ərdoğan iki ölkənin səhiyyə nazirlikləri arasında dialoq və əməkdaşlığın vacibliyini vurğulayıb.

Suriya münaqişəsində İranın rolunu dəyərləndirən Ərdoğan, siyasi danışıqları Suriya probleminin yeganə nizamlanma seçənəyi adlandırıb və bu məsələdə İslam Respublikasını əməkdaşlığa çağırıb. “Bu danışıqlar yaxşı nəticələr verdi və daimi sülh üçün davam etdirilməlidir”, – deyən Türkiyə prezidenti İran, Rusiya və Türkiyə arasındakı üçtərəfli razılaşmaların prosesə təsirini vurğulayıb.

Son hadisələrə toxunan Ərdoğan deyib: “İdlibdəki vəziyyət belə davam edə bilməz və biz prosesin gedişindən narahatıq”.

Bundan sonra Həsən Ruhaninin Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti olub.

Rusiya prezidenti Suriya münaqişəsinin nizamlanmasında Astanada əldə edilən razılaşmaları “effektiv” adlandırıb və əlavə edib ki, “hərbisizləşdirilən zonaların yaradılması terrorizmə qarşı mübarizənin dayandırılması kimi görünməməlidir və ümid edirəm ki, gələcəkdə bu sahədə koordinasiya davam edəcək”.

Vladimir Putin daha sonra  Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayaraq bildirib ki, Suriya hökuməti öz ərazisində terrorçularla mübarizə haqqına sahibdir.

Rusiya prezidenti İranın Astana prosesində iştirakçı olan üç ölkənin növbəti sammitinə ev sahibliyi etməsi hazırlığını alqışlayıb, danışıqların yeni raundunun qısa zamanda baş tutacağına ümid etdiyini söyləyib.