XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

26 Mart 2020 - 23:34

“GERÇƏKLƏRİN ÜZƏRİNƏ PƏRDƏ ÇƏKİLƏNDƏ…” –Rza Rzayev yazır

Rza RZAYEV,

aktyor-rejissor

 

Yalanın üstü şirəlidir, şirin gəlir, olmayan şeydir, amma inanılmaz deyil. Yalan yeriyə bilir, dura bilmir, duran kimi, yıxılır – yəni canı hərəkətdədir.

Doğru isə durağandır, hərəkətdə olmayan şey gözə gec dəyir, amma həmişə varlığını qoruyur, yəni yerini.

Hər şeyin öz sürəti var – ağır şeylərin sürəti az olur, doğru da ağırdır – doğru çox şeyin sürətini alır, elə yalanın da, doğru üzə çıxan kimi, yalan dayanır!

Dünyada hər gün müxtəlif hadisələr baş verir, xəbərimiz olanı da olur, olmayanı da.

Bizim ölkədə xəbərin ağzı açıqdır, ağzı bağlanmayan yara kimi. Çox qorxuludur, müalicəyə tabe olmamağa doğru gedir. Xroniki hal alıb, zaman-zaman özünü göstərəcək, tez-tez qaysağı qopacaq, haldan-hala düşəcək.

Milli (özəl) və dövlət maraqları baş verən hər hadisənin xəbərə çevrilməsinə imkan tanımır. Çox vaxt baş verən mövcud hadisənin nə özü əsas olur, nə də xəbərə çevrilməsi, əsas olan xəbərdən sonra yaradılacaq, baş verəcək hadisələrdir.

Mövcud baş verən “hadisənin” xəbərə çevrilməsi isə gələcəkdəki əsas hadisəni, yəni nəzərdə tutulan əsas məqsədi həyata keçirməyə hesablanır.

Mahiyyət və məzmunundan asılı olaraq baş verən  (və verməyən) hadisəni xəbərə çevirib yayanlar müasir dövrdə müxtəlif görünən (bilinən) vasitələrdən istifadə edirlər – TV proqramlarından, sosial şəbəkələrdən…

Müəyyən edilmiş xəbəri çatdıranlar ilə xəbərə inana bilənlərin bilik səviyyəsi arasında fərqin çox olmaması nəzərə alınır – informasiyanın dərk edilməsi dərəcəsi hədəf auditoriyanın xəbərə verəcəyi reaksiyanın tutumu (tuta bilməsi) ilə ölçülür.

Müasir dövrdə lazımlı, əsas, uzun müddətə nəzərdə tutulan xəbərlər KİV və sosial şəbəkələr vasitəsilə ötürülmür, hazır və yazılmış reseptlərdən istifadə edilmir, əksinə, bu vasitələr ilə əsas hadisələri üzləyirlər – “düzəldilmiş” xəbərin ömrü isə divarın çöl üzünə sürtülmüş emulsiya kimi, yağış yağana qədər olur.

Müasir dövrdə insanlar sürətli yerdəyişmələr edir, əsas xəbərlər onların vasitəsilə ötürülür, yayılır, yəni canlı insanlar tərəfindən – üz-üzə, ağızdan-ağıza.

Xəbər kanalları indi daha çox çarter reysləridir, tez-tez səfərdə olan insanlardır, yəni “gəzən” adamlar.

Mövcud dövrdə insanlar səpələniblər, həmin insanlar informasiya mənbəyidirlər, suyu bulağın gözündən içənlərdir – baş verənləri gözləri ilə görənlərdir.

Fransada kilsə yanan zaman çox dövlətin orada “adamları” var idi – az və ya çox sayda.

“Bu dəqiqə Fransadan gəlirəm, hadisə vaxtı orada idim”. “Adi ” vətəndaşın belə əmin danışması yanındakı adi vətəndaşa inandırıcı gəlir, ağlından keçirmir ki, təyyarədə, qatarda yol yoldaşı təsadüfi yox, xüsusi adamdır, onu xəbər daşıyıcısına, yayıcısına çevirir.

Sərnişin təyyarədən düşən kimi, “adi” yol yoldaşının dediklərini taksi sürücüsünə danışır – baş verməyənlər olmuş kimi beyinlərdə var olur.

Axşam TV-də eşitdiyi xəbər isə başa yazılan, amma əslində baş verməmiş xəbər ilə çarpışır, öncədən eşitdiyi xəbərin yaratdığı hiss gələcəkdə baş verənlərə qarşı laqeydlik yaradır.

Adam “adi” yol yoldaşı ilə bir daha heç vaxt rastlaşmır, ancaq onun dediklərini xatırlayır,  “Adi yol yoldaşımın danışdıqları  başıma gələcəklər deyil, olmazlardır” – deyə düşündüyü vaxt, yol yoldaşının uydurduğu  bomba ayağının altında partlayır, yol yoldaşının ölməmiş dədəsinə rəhmət oxuyur – “Kişi vaxtında deyirdi, kimsəyə inandıra bilmədim”. Adamlar bundan  sonra eşitdikləri daha qorxulu, inanılması mümkün olmayan  xəbərə inanırlar.

İndi bizim KİV, TV Xəbər proqramları belə işləyir – vaxt doldururlar, səhifə doldururlar, insanlarımızın beynini isə yol yoldaşı olduqları “adi” adamlar doldurur.

Gec qalırıq, gün keçiririk, dünya ilə il, ay, gün fərqimiz olmasa da, saat fərqimiz var – zaman etibarilə geridə qalırıq.

Quyuda su azalmayıb, suya tələbat artıb, su içənlərin sayı çoxalıb, quyu kiçikdir, quyunu böyütmək lazımdır, nəinki su davası etmək.

Qarşıdakı sahilə keçmək üçün yer olmayan gəmidə özü ilə azuqə, əşya daşıyan toplumuq. Amma bu, təsadüfi hal deyil, illərlə yaşanmış hadisələrin göstəricisidir, sahilə sağ çıxandan sonra azuqəsiz, paltarsız qalacağını bilən adamın halıdır, sonrasını bilir.

Ölüm anında belə, sağ qalarsa, sonra ölməməsi üçün lazım olanları düşünür, tədbir görür. Sağ çıxacağı sahildə unudulacağını bilir. Başqalarının laqeydliyindən doğan hal onda hərəkət yaradır, amma bu, mövcud durumun zərurəti deyil – düşmənin bir addımlığında, aranın qarışıq vaxtı, soxhasoxda, beli əyilmiş yaşlı anasını vertolyota darta-darta mindirən oğlunun dalınca özü ilə içi dolu kisə dartan qocanın faciəsi, özünə vertolyotda zorla yer edə bilən qocanın ümidsizliyi – tək ümid yeri kisəyə yığdığı əşyalardır, sonra düşəcəyi vəziyyət ona komanda verir, onu yönləndirir.

Tufana düşmüş balıqçıdan soruşmuşdum həmin an nə düşündüyünü, ilk ağlına gələnin nə olduğunu.  Cavab: “Evə, uşaqlara kim baxacaq?”

Balıqçı balıq tutmağa hansı səbəbdən gedirsə, tufana düşəndə də eyni səbəbi düşünür. Ölümdən dəfələrlə dönən balıqçı ac qalmamaq üçün dənizə (ölümə) təkrarən üz tutur. Arxasına baxmadan arxada gözləyənlərini düşünür. Balıqçıları çəkiləri ağır olan balıqlar dərinliyə çəkir.

İnsanlarımızı övladlarına, ailələrinə görə ölüm ilə üz-üzə qoymuşuq, təhlükəlidir. Atasını dənizdə itirmiş övladın çörək qazanmaq yolu dənizdən keçməyə bilər, atasını dənizə göndərənlərin övladları ilə mübarizədə keçə bilər, hasarlanmış, dəmir məhəccərli evlərin içində insan yox, atasının qatilinin yatdığını düşünə bilər və üzünə qan sıçrayanda ayılar, anlaqsız olduğunu söyləyə bilər, hakim də onda bizdən olmayacaq – onlara ölü yox, diri qalan lazımdır.

Dənizdən balıq gətirənin balasını yenə göndərəcəklər balıq dalınca. Çünki balığın yerini onlar bilir, balıq tutmağı da, geri dönməyi də, amma özümüzdən olmayanlar özümüzünkülərdən fərqli olaraq balıq tutanlara müasir texnika verəcəklər, geri qayıda bilsinlər deyə, yemədikləri balıqlardan onlara da verəcəklər, başlarına da tumar çəkəcəklər, həvəsləndirəcəklər. Balıq tutan üçün vətən – sahildir, kim onu sahilə hər gün sağ çıxarırsa, yiyəsi də odur.

Gəlin, insanlarımızı arzularını həyata keçirmək üçün qızıl balıq tutmağa göndərməyək (buna üz tutmasınlar). Ümidimizi qızıl balığa bağlamayaq. Gəlin, istəklərimizi tutduğumuz qızıl balıqlardan istəməyək, istəklərimizi qura biləcək sahil yaradaq – dənizə yenidən buraxdığımız  qismətimiz geri dönməyəcək, o da bizdən tez xilas olmaq, yaşamaq üçün öz nağılını qısa və daha cəlbedici etmişdi, çünki bizim qədər susuz qala bilməzdi, bizim qədər aldanmağa zamanı yox idi.

Gəlin, hər kəsə layiq olduğu qədər haqq verək. Onda haqq etmədiyimiz, qarmağımıza ilişdirilmiş böyük balıq bizi dənizə tərəf çəkməyəcək, haqq etdiyimiz, özü qarmağa gələn balığı isə başımızın üstündən sahilə atmağa gücümüz çatacaq.

Yaşadığımız həyat belədir – saç rənglənməsi kimi, əsas rəng yerində (altda) qalır, istədiyimiz rəngə boyayırıq, çox vaxt da dəbdə olan rəngi seçirik, az keçməmiş altdan yenə saçın öz təbii rəngi görünməyə başlayır, yenidən dəyişirik, altdakı rəngi əbədi dəyişmək mümkün deyil, üstünə rəng çəkə-çəkə altdakı rəngi daha da tündləşdiririk, sonra dəyişmək həvəsi olmur, elə o rənglə yaşayırıq, həyatın rəngi ilə…

Hadisənin əsl rəngini dəyişmək olmur, çəkilmiş rəngin müddəti var, itəcək – solan rənglər  ilə zaman qazanmaq sonda hər şeyi itirmək zərurəti yaradır.

Evdə uşaqlarımızın qarnını doyurub sonra həyətə yarıac uşaqlarla oynamağa, şənlənməyə göndəririk, deməli, onlarsız olmur, dərdi, sevinci bölüşmək üçün lazım olurlar.

Onlar əyninizdəki paltarın sizə necə gözəl yaraşdığını, “Onsuz da gözəlsən, bu paltar səni daha da gözəl göstərir” deməklə sizi fərqli göstərməyə çalışırlar, sizi fərqli göstərənlərə fərqli baxmayın, fərqinizi gözə soxmayın, sizin özünüzdə görə bilmədiyiniz fərqləri onlar sizdə görürlər. Ehtiyac duymadığınız şeyləri ehtiyacı olanlar ilə bir bəhanə ilə bölüşün, sevindirin onları, sevsinlər sizi, dua etsinlər, ürəkləri açılsın – “Allah daha da bol etsin!”-i ürəklə desinlər.

Eyni bir hadisəni xəbər proqramları fərqli xəbərləyirlər. Eyni hadisə biri üçün xoş xəbər, digəri üçün isə “belinin qırılması” anlamı yarada bilər.

Günümüzdə ən qorxunc vasitə TV proqramlarıdır, ən qorxulusu isə xəbərlər proqramlarıdır. Niyə? Müasir texnologiya ilə hər hoqqa çıxarmaq mümkündür! Çünki məqsədli olaraq baş verən hadisəni fərqli görüntü və yorumlarla tamaşaçıya istədikləri kimi göstərirlər. Gerçəkliyi təhrif edirlər. Məsələn, Çeçenistan müharibəsi zamanı, Rusiya kanalları eyni gündə xəbərlər proqramları Çeçenistanda 100-ə yaxın mücahidin məhv edildiyini və 3 rus əsgərinin öldüyünü göstərir və yorumlayırdı. Çeçenlər isə bunun qarşılığında qalaqlanmış rus əsgərlərinin meyidlərini göstərib böyük plakatda yazmışdılar: “Rusiya xəbər proqramları – 100 çeçen mücahidi məhv edilib, 3 rus əsgəri ölüb!”

TV-də bizə partlayan bina göstərilir, gerisini isə sözlə təqdim edirlər, binanı partladanı gözümüzlə görmədiyimiz üçün şərh və təqdimat edənin ağzından çıxanı gerçəklik kimi qəbul edirik.

İnansan da, inanmasan da, xəbərin olmadan xəbər öz işini görür. Yeni rəng çəkilmiş divarın keçmiş rəngi heç kimə maraqlı deyil, mövcud olan indiki xəbər keçmiş xəbərin təsirini öldürür. Xəbərlər çoxluğu olan səhifədə ancaq sonuncu xəbər reaksiya doğurur.

Fransa ATƏT üzvüdür, neçə ildir Qarabağ hadisəsinin tənzimlənməsini boynuna götürən ölkələrdən biridir, 25 ildən çoxdur götürüblər boyunlarına – gerçəkliyi söyləmək istəmirlər.

Əlimizdə olanı alıb, sonra kimin əlinə verilməsini müəyyən etmək istəyirlər. Biz də 25 ildir əlimizdə yer olmadığını göstəririk, onlar da deyir: “Biz neçə il desəniz, gözləyərik, əliniz boşalan kimi, deyin”.

Torpağı işğal olunan millətin kişilərinin fikri daha çox düşmənin işğal etdiyi torpaqda qalmayıbsa, hələ düşmən qadınları ilə xəyal qururlarsa, ürəkləri işğal olunmuş torpaqdan çox itirdiyi düşmən qadınına yanırsa, hələ ürəyimiz düşmən qadını üçün döyünürsə, həyəcanlanırsa, kef məclislərində öz kef verənlərimizin yanında onlara tərif deyiriksə, Xəzərin suyunun qalxma səbəbi son illər çayların suyunun bol olması deyil, düşmən qadını üçün köpək kimi axıtdığımız ağız suyumuzdandır.

Fransız qadınları da bizim zövqümüzə görə deyil, onları gözəl saymırıq, yəni onlar üçün ağzımızın suyunu axıtmırıq. Amma Kardaşyan üçün ağzımızın suyunu o qədər axıtmışıq ki, az qala, dünyanın su altında qalması təhlükəsi yaranıb.

İşğal altında olan torpağı geri qaytara bilmirik, özümüzü sübut edə bilmirik, qadınlar üzümüzə deyə bilməsələr də, şüuraltı düşünürlər ki, zorlanmış qadınlarının qisasını ala bilməyən kişilərə xəyanət etsən, sənə nə edəcək ki, bloklanmış, gözdən düşmüş kişilərin qadınlarının gözü onda-bunda qalır. Düşünürlər, xoşbəxtlik başqa yerdədir, öz evində deyil, başqa evin kişisinə göz salırlar, başqa kişinin qadınının da gözü başqasını axtarır, düşmənin ləkələdiyi ümumi kişi namusundan sonra kişilərimiz üçün bir-birinin namusuna toxunmaq asanlaşıb. Kasıb qadını varlı kişinin puluna, varlı kişinin qadını kasıb kişinin potensialına göz dikir, əvəz-əvəz olur, çünki problem ümumidir, alınmayan qisasın yaratdığı problem psixoloji zədə yaradıb.

İnsan daha çox o xəbərçiyə inanır ki, sabah onun yaxasından tutmaq imkanı var, televiziyalardan, sosial şəbəkələrdən xəbərçilik edən şəxslərə əli çatmayan insan yanındakı adamın dediklərinə inanır – küsülü olduğu qonşusuna. Küsülü (incidilmiş) qonşudan (adamdan) yaxşı ikinci xəbəryayıcı vasitə yoxdur, çünki gözü ilə gördüyünü də, görmədiyini (uydurduğunu) də adamların gözünün içinə gözü ilə görmüş kimi danışır, inanmamaq üçün az da olsa yer qoymur, çünki ümumi vəziyyət hətta olmayanı da inandırıcı edir.

Baş verən hadisələrin məqsədli təhrif edilməsi, doğru-düzgün təhlil edilməməsi, obyektiv və subyektiv tərəflərin aşkar olunmaması adamları istədiyi kimi düşünməyə, dəyərləndirmə aparmağa imkan yaradır.

İnformasiya bolluğunda adamlara daha çox “öz” xəbəri maraqlıdır, yaxında olanı, onun şəxsi həyatına təsir edəni.

Adamın gözü ilə gördüyünü yerli mətbuat və televiziya “yalan çıxarırsa”, heç kim həmin mətbuat orqanlarının, telekanalların ən doğru xəbərini belə dinləməz və qəbul etməz. Sonda yalançı çobanın gününə düşmüş olarlar. Həmişə köməyin olan və nə vaxtsa köməyə çağıracağın adamları özündən uzaq salmaq  sabah meydanda düşmənlə tək qalmağa gətirib çıxaracaq. Qurd da olsan belə, bir  çomaq ilə çaqqal sürüsünün qarşısında durmaq mümkün olmayacaq.

Təkrar baş verənlər yaşanmış hadisələrdir, baş verməyənlər isə yaşanmamışdır, hazır olmadığımız hadisədir, bilmək olmur kimi harada və necə tutacaq, zərbəsi kimi hara çırpacaq.

Baş verəndən uzaq ola bilərsən, amma uzaq qala bilməzsən, o özü gələcək sənə tərəf, vaxtsız-vədəsiz. Uzaq durduğun hadisəni getmədiyin tərəfdən zaman gətirəcək sən tərəfə.

Tərəf tutanda haqq itir, haqlını haqsız duruma salırsan. Sonra özün haqsız vəziyyətə düşəndə haqsız yerdə haqq axtarırsan.

Yanan məscidə ürəyin ağrımır, yanan kilsə üçün göz yaşı tökürsən. Amma kilsəni söndürə bilmirsən, çünki məscid yananda laqeyd qalmışdın. Məscidi söndürə biləcək suyu atmamışdın, indi isə həmin suyu kilsəni söndürmək üçün atırsan, alov daha da şiddətlənir.

Satılmayanlar satılmışların üstünə utana-utana 50 manat borc almağa gedəndə, satılmışları haqlı çıxarırlar.